“İşçi Qrupunun görüşündə Bayram və Qiyasla bağlı məsələ qaldırdıq”

“İşçi Qrupunun görüşündə Bayram və Qiyasla bağlı məsələ qaldırdıq”

Əvəz Həsənov: “Seymur Həzi, Əfqan Muxtarlı, Asif Yusiflinin azad edilməsi üçün dəfələrlə təkid edildi”

“Bizim azadlığa buraxılması üçün siyahıya saldığımız adamların arqumentlərinə qarşı hökumətin də əks-arqumentləri var”

Dünən Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçirilib. Bir neçə ildir fəaliyyət göstərən İşçi Qrup Azərbaycan hökuməti və parlamenti ilə Avropa Şurasının İnsan Haqları Komissarlığının təşəbbüsü ilə təşkil olunub. İşçi Qrupunda Prezident Administrasiyası, Milli Məclis, Daxili İşlər, Ədliyə Nazirliyi, Baş Prokurorluq və digər dövlət qurumlarının, həmçinin 9 hüquq müdafiə təşkilatının nümayəndəsi təmsil olunur. İşçi Qrup yerli və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin siyahısını Əfv Komissiyasına təqdim edir, bunula bağlı prezidentə müraciət edirlər.

İşçi Qrupun son görüşü ölkə başçısının son əfv sərəncamından sonra insan hüquqları sahəsindəki vəziyyət və məhkəmə-hüquq sahəsində aparılması gözlənilən islahatlarla bağlı olub.

Aprelin 3-də keçirilən görüşdə Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov, hüquq-mühafizə orqanlarının təmsilçiləri parlamentin nümayəndələri Səməd Seyidov, Əli Hüseynli, Çingiz Qənizadə, hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səadət Bənəniyarlı, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva da iştirak edib.

Görüşdə müzakirə olunan məsələlər və insan haqlarının durumu ilə bağlı Bizimyol.info saytının suallarını hüquq müdafiəçisi Əvəz Həsənov cavablandırır:

– Əvəz bəy, görüşdə hansı məsələlər müzakirə edildi?
– Bir neçə saat davam edən dünənki görüş çox işgüzar oldu. Fuad Əlsgərov və Səməd Seyidov sonadək iştirak edərək irad və təkliflərimizi dinlədilər. Azad olunması üçün yeni müzakirə olunacaq adlar onlara bildirildi. İşçi Qrupun islahatlar prosesində üzərinə düşən işlərdən danışıldı, həbslərin azaldılması, həbs cəzaların daha çox azadlığın məhdudlaşdırılması cəzasl ilə əvəz edilməsi ilə bağlı təkliflər verildi.

– Son əfv sərəncamı ilə siyahı məhbus siyahılarında olan xeyli şəxs azadlığa buraxılsa da, bəzi şəxslər – xüsusilə, jurnalistlər Seymur Həzi, Əfqan Muxtarlı və digərləri ilə bağlı gözlntilər özünü doğrultmadı. Siyahıda olan digər şəxslərin yaxın vaxtlarda azad ediləcəyi gözləniləndirmi?
– Görüşdə adlarını çəkdiyiniz şəxslərin adamların adı çəkildi və dəfələrlə təkid edildi ki, onların azad edilməsi üçün hökumət çalışmalıdır. Yeni əfv sərəncamının olacağı barədə hələ heç kimdə tam təsəvvür yoxdur. Ancaq təqdim olunan siyahılara hökumət etinasız yanaşmadı, bildirdilər ki, biz baxacağıq. Elə adamlar var ki, onların cəzasının müəyyən hissəsi çəkilib. Məsələn, faktiki olaraq Seymur Həzinin bir neçə ay cəzası qalıb. Çalışılır ki, vaxtından tez azad edilsin. Bir neçə ay əvvəl azad olunmağı da özü və ailəsi üçün müsbət haldır. Ümumiyyətlə, belə başa düşdük ki, hökumət məhkəmə və ədliyyə sistemində, xüsusilə cəzaçəkmə müəssisələrində böyük islahatlara artıq başlayıb. Hələ mediada dərc olunmamışdı, ancaq görüşdə bizə məlum oldu ki, məhkəmə islahatları ilə bağlı prezidentin fərmanı olacaq. Hesab edirəm ki, bu sərəncam çox şeyi dəyişəcək. Ekspertlər bunu təhlil etməlidir ki, bu fərman hansı istiqamətləri əhatə edir. Ancaq fərman həm də həbslərin sayını azaldacaq. Prezidentin 2017-ci ilin fevral ayında cəzaların humanistləşdirilməsi ilə bağlı fərmanı bu prosesin başlanğıcı idi. Həmin fərman sonrakı dövrdə həbs cəzalarının sayının azalmasına, işlərə daha obyektiv baxılmasına səbəb olub. Xüsusilə azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilməyə başlayıb. Bu cəzaya məhkum olunanların xüsusi bilərziklə tətbiq olunmasında tam istənilən nəticə olmasa da, 200-dək insan bu bilərziklə təmin edilib. Mən vədlərə görə demirəm, amma artıq həbslərin, cəzaçəkmə müəssisələrində insan yükünün sayının azaltmağın vacib olduğunu hökumət özü də başa düşüb.

– Həbsdən buraxılan Bayram Məmmədov bir neçə gün əvəvl yenidən inzibati həbs edildi. Sizin görüş baş tutan zaman Qiyas İbrahim yenidən polisə çağırıldı. Siyasi məhbus probleminin yenidən gündəmə gələcəyi ilə bağlı ehtimallar var. Görüşdə bu məsələləri qaldırdınızmı ?
– Adını çəkdiyiniz hər iki şəxslə bağlı məsələ qaldırdıq. Xahiş etdik ki, Bayram Məmmədov da inzibati həbsdən azad edilsin, onların yenidən hansısa məsuliyyətə cəlb olunması prosesi dayandırılsın. Bayrama 30 sutka inzibati həbs verilib, ola bilsin ki, cəzası bununla da məhdudlaşsın. İşçi Qrupda olan hüquq-mühafizə oqarnlarının əməkdaşları bizim dediklərimizi qeyd edirdilər və dediklərimizə irad bildirmirdilər.

– Bayram Məmmədov məhkəmədə fiziki zora məruz qalması barədə açıqlama verib. Ümumiyyətlə, həm cəzaçəkmə müəssisələrində, həm də digər həbs yerlərində işgəncə ilə bağlı çoxsaylı fikirlər var. Bununla bağlı hansı addımlar atılıb?
– Vaxtilə işgəncələrlə bağlı faktları çox qaldırmışıq. Prokurorluq orqanları bizə bildirirdilər ki, siz faktları verin, biz araşdıraq, günahkar varsa, cəzalandıracağıq. Biz də mütəmadi olaraq xüsusilə cəza müəssələrində baş verənlərlə bağlı daxil olan məlumatlar əsasında türmə rəislərinin, yaxud hansısa məmurun adlarını İşçi Qrup və Ədliyyə Nazirliyi yanında İctimai Şura vasitəsilə təqdim edirik. Ancaq hüquq müdafiəçilərinin əlində yalnız sözlər var. Hansısa məhkumun, onun yaxınının, yaxud vəkilinin dediyi təəssüratlar var, faktlar isə çox azdır. Vaxtilə müxalifət partiyalarının rəhbərləri, eləcə də cəzaçəkmə müəssisələrində işgəncələrdən şikayət edən adamlarla görüşəndə onlara deyirdik ki, sizə olunan işgəncə faktlarını sənədləşdirin, ən azı azadlığa çıxandan sonra məhkəməyə verin. Amma məhkəməyə müraciət edilmə ilə bağlı faktlara çox az rast gəlmişik. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun müəssisələrə girişi vardı və tez-tez monitorinqlər aparırdı, daxil olan məlumatı dəqiqləşdirib bizə də informasiya verirdi. İndi isə bizim bu faktları toplamaq imkanımız yoxdur. Ümumi olaraq dedik ki, işgəncə verilir, qeyri-insani, saxlanma şəraiti yaxşı deyil və s. Məsələn, dünən bizim əlimizdə kiməsə işgəncə verilməsi barədə sözlər yox, fakt olsaydı, sənədlərlə təqdim edə bilərdik.

– Siyasi məhbus siyahılarında çoxluq təşkil edən kəsim Nardaran hadisələrinə görə həbs edilən şəxslər idi. Onların bir hissəsi azad edildi. Yataq xəstəsi olan və hətta məhkəmələrə xərəkdə gətirilən Əbülfəz Bünyadov adlı məhkumun azad olunacağı ilə bağlı gözləntilər isə özünü doğrultmadı. Bu məhkumların azad edilməsi gözlənilirmi?
– Dünənki görüşdə biz Əbülfəz Bünyadovun məsələsini də qaldırmışıq. Əvvəllər də müraciətlərimiz olmuşdu, indi də o barədə çox danışdıq. Elə Asif Yusiflinin məsələsi də geniş müzakirə edildi. Hökumətin də bu insanların azad edilməsində öz məntiqi var. Biz hansısa siyasi fəalın azad edilməsi ilə bağlı öz təklifimizi, arqumentlərimiz təqdim edirik, onlar da həmin adamı araşdırırlar. Bizə deyirlər ki, tutaq ki, dələduzluğa görə həbs edilib, filankəsə bu qədər maliyyə ziyan dəyib, həmin ziyanı ödəsin, tərflə barışsın, ondan sonra azadlığa buraxılmasında heç bir problem yoxdur. Yaxud da ömürlük azadlıqdan məhum edilən şəxslərlə bağlı məsələ qaldıranda, hökumət deyir ki, onların bəziləri bir neçə adam öldürüb, buraxsaq ,cəmiyyətə inteqrasiyası necə olacaq, zərərçəkənlərin qohumları ilə qisasçılıq baş verə bilərmi və s. məsələlər açıq qalır. Bizim azadlığa buraxılması üçün siyahımıza saldığımız adamların arqumentlərinə qarşı hökumətin də əks-arqumentləri var. Ona görə də siyahılarda gecikmələr, fərqliliklər olur.

– Əfvlə bağlı müzakirələr həm müvafiq komissiyanın iclasında, həm də hüquq müdafiə təşkilatlarının müzakirələrində qapalı şəkildə aparılır. Müzakirələri ictimaiyyət üçün açıq şəkildə aparılmamasının səbəbi nədir?
– Bizim İşçi Qrupdan Əfv Komissiyasında təmsil olunan yeganə adam Əliməmməd Nuriyevdir. Buna görə o, hətta bizim işçi qrupa da məlumatları tam açıq şəkildə verə bilmir. Çünki Əfv Komissiyasının işi konfedensial olmalıdır. Bizim müzakirələr qaldıqda isə, biz arzulayan tərəfik. Hər dəfə siyahı göndəririk və jurnalistlər adların açıqlanmasını istəyəndə deyirik ki, adını çəkdiyiniz şəxslərin hamısının adı təqdim etdiyimiz siyahıda var. Amma siyahıda olanların hansının əfv olunacağını qabaqcadan dəqiq bilmədiyimizə görə, adları açıqlayıb, yalandan vəd vermək istəmirik. Məsələn, bu dəfə hökumətə azad edilməsi üçün 65 nəfərlik siyahı göndərmişdik. O siyahıdan 50-dən artıq məhbus azad edildi. O 65 nəfərlik siyahı mediada dərc olunsaydı, əfv edilməyən bir neçə nəfərə görə pis vəziyyətdə qalacaqdıq. Siyahıda dəqiq kimlərin azad edləcəyini dəqiq bilmədiyimizə görə, bu prosesi açıq edə bilmirik.

Rəşad VAQİFOĞLU

Siyasət xəbərləri
Bizimyol.info digər xəbərlər