İtaliya narkotiklərlə mübarizə sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindədir

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) və İtaliyanın Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Departamentinin Narkotiklərlə Mübarizə Agentliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Komitədən “Report”a verilən məlumata görə, görüş Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan tərəfini DGK sədrinin müavini Əsgər Abdullayev təmsil edib.
İtaliya nümayəndə heyətinin rəhbəri Marko Braccioli bu görüşün onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, İtaliya narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə tədbirləri həyata keçirən ölkələrdən biridir. Görüşdə əsas məqsəd narkotiklərlə mübarizə sahəsində Azərbaycanla əməkdaşlığı gücləndirmək və bu istiqamətdə DGK ilə xüsusi memorandum imzalamaqdır.
Ə.Abdullayev Azərbaycan gömrük xidmətinin bütün sahələrdə, o cümlədən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində beynəlxalq əməkdaşlığa, təcrübə və məlumat mübadiləsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Komitə sədrinin müavini bildirib ki, Azərbaycan gömrük xidməti narkotiklərlə mübarizə sahəsində ciddi addımlar atıb və son illər bu istiqamətdə mühüm nailiyyətlər əldə edilib.
Ə.Abdullayev İtaliya ilə də qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinin və bu sahədə hüquqi sənədin hazırlanaraq imzalanmasının ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.