“Jewish Journal” minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqda

“Jewish Journal” minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqda

Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqqında” sərlövhəli məqaləsi dərc olunub.

Fransanın nasistlər tərəfindən işğal edildiyi dövrdə Parisdə İranın konsulu olmuş, iranlı diplomat, mənşəcə Azərbaycandan olan Əbdülhüseyn Sərdari Qacar bu dövrdə neçə-neçə yəhudinin həyatını xilas edib.

Müəllif yazır ki, 1789-1925-ci illərdə İranı idarə edən məşhur qacarlar sülaləsinə mənsub olan Əbdülhüseyn Sərdari Qacar İranın 30 milyonluq azərbaycanlılar icmasının üzvü idi.

1940-cı ilin sentyabr ayında nasist işğalçı qüvvələri Fransada yaşayan bütün yəhudilərin polisdə qeydiyyata alınmasını əmr ediblər. Sərdari Qacar Vişi hökumətinə məktubla müraciət edərək bildirib ki, həmin dövrdə Fransada yaşayan iranlı yəhudilər əslində öz mədəniyyətlərinə və qarışıq nikahlara görə farslarla yaxşı assimilyasiya olunublar və onlar yəhudi sayılmamalıdırlar. Əbdülhüseyn Sərdari Qacar yazırdı: “Aparılmış tədqiqatlara görə Mərkəzi Asiya yəhudiləri yalnız iudaizmin əsas mərasimlərinə riayət etdiklərinə görə yəhudi icmasına mənsubdurlar. Onlar öz qanına, dilinə və adətlərinə görə yerli irq ilə assimilyasiya olunur və qonşuları farslar və sartlar (özbəklər) kimi bioloji struktura malikdirlər”.

Əbdülhüseyn Sərdari Qacar bu fikirləri dönə-dönə söyləyib və nəhayət, öz planını uğurla reallaşdıra bilib. Fransada bütün yəhudilər Davidin sarı ulduzunu daşımağa məcbur olanda və 75.000 yəhudi nasist ölüm düşərgələrinə göndəriləndə iranlı yəhudilər üçün istisna tətbiq edildi. Bundan əlavə, Sərdari Qacar öz hökumətinin razılığı olmadan yəhudilərə yeni İran pasportları verməyə başlayıb və beləliklə, onlar Avropanı tərk etmək imkanı qazanıblar. Bu riskli addım sayəsində təqribən 3 min yəhudinin həyatını xilas etmək mümkün olub, çünki pasportlar bütöv ailələrə və onların dostlarına verilirdi.

Sərdari Qacarın xilas etdiyi yəhudilərin çoxu Los-Ancelesdə yaşayır. 2004-cü ildə onun bu nəcib hərəkəti Los-Ancelesdəki Simon Vizental adına Mərkəzdə qeyd edilib.

Bu cəsur azərbaycanlının xatirəsini başqa yəhudi təşkilatları da yad ediblər. Müəllif M.Yevdayev məqalənin sonunda yazır: “Mən çox ümid edirəm ki, Simon Vizental Mərkəzi, ABŞ Holokost Xatirə Muzeyi və digər yəhudi müəssisələri axır ki, Sərdari Qacara lazımi qiymətini verəcək, onun Azərbaycan mənşəli olması etiraf ediləcək”.

AzərTAc xatırladır ki, yəhudilərlə Azərbaycan xalqı 2000 ildir dinc yanaşı yaşayır. Bu baxımdan Əbdülhüseyn Sərdari Qacarın mənşə etibarilə azərbaycanlı olması faktının tanınması çox vacibdir.

Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər