Keçmiş deputata məxsus olduğu deyilən “Büllur” restoranı sökülür

Keçmiş deputata məxsus olduğu deyilən “Büllur” restoranı sökülür

Ötən ilin dekabrından etibarən metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən Atatürk parkında illər əvvəl kortəbii tikilmiş ticarət obyektləri, restoranlar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişi ilə sökülür

Abadlıq və təmir adı altında əvvəlcə təxminən 2 hektar ərazidə yerləşən parkda kiçik və yöndəmsiz çayxanaları, sakinlərin dediyi kimi “it damına oxşayan” obyektləri sökürdülərsə, artıq söküntü məşhur restoranlara da gəlib çatıb. Hazırda keçmiş deputat Fərhad Qədimova məxsus olduğu deyilən “Büllur” restoranın sökülməsinə başlanılıb.

Məşhur restoranın yerində hansısa yeni obyektin tikiləcəyi isə istisna olunmur. Atatürk parkını zəbt etmiş iri və dəbdəbəli restoranların demək olar ki, hamısı oliqarx və deputatlara məxsusdur. Təcrübə göstərir ki, adətən, belə “abadlıq-quruculuq” məqsdəilə aparılan söküntüdən sonra müqəddəs yerlər boş qalmır, “sakinlərin mənalı istirahəti üçün” daha böyük ticarət obyektləri və restoranlar tikilir. 6 ilə yaxındır təmirə bağlanan Ayna Sultanova parkında ağacların kəsilərək yerində naməlum obyektlərin tikintisi də buna əyani sübutdur.

Artıq bir neçə mərtəbəsi hazır olan obyektlə bağlı açıqlama verən Binəqədi Rayon İcra Hakimiyyəti isə parkda sakinlərin asudə vaxtının təşkili üçün yer (?!) inşa edildiyini bildirib.

Xatırladaq ki, virtualaz.org saytı Atatürk parkında bir neçə ay əvvəl söküntü işləri ilə bağlı reportaj hazırlamışdı. Parkda istirahət edən sakinlər obyektlərin söküntüsünü sevinclə qarşılayırdılar. Vaxtilə park ərazisində təqaüdçülər klubunun olduğunu deyən sakinlər ümid edirdilər ki, söküntüdən sonra park əvvəlki görünüşünə qayıdacaq.(virtualaz.org)

pia.az