Kim qalib gələcək! Bəşəriyyət?...| 70 il davam edən müharibənin sönməz alovları – ARAŞDIRMA

Kim qalib gələcək! Bəşəriyyət?...| 70 il davam edən müharibənin sönməz alovları –  ARAŞDIRMA

Bu münaqişə və müharibə ocaqlarından biri də Fələstin-İsrail qarşıdurmasıdır. Hal-hazırda Fələstin problemi 1948-ci il sülh anlaşmasından çox uzaqlaşıb. Məhz həmin ildə İsrail-Ərəb müharibəsinin təməli qoyulub. 70 il davam edən müharibənin on minlərlə insanın həyatına son qoymasına baxmayaraq, hazırda onun şiddətli şəkildə yenidən başlaması üçün tendensiya mövcuddur. Bu müharibə heç zaman bitmir. Fələstin döyüşçüləri Qəzza vadisindən İsrail tərəfini raketlərlə atəşə tutur, SAXAL (İsrail müdafiə ordusu) isə cavabında HƏMAS-ı bombalayır. Rusiya, ABŞ və Avropa diplomatları isə həmişəki kimi BMT-də öz “narahatlıqlarını” bildirərək, hansısa qısamüddətli razılığa nail olurlar. Lakin bu razılıq daha çox “tufandan əvvəlki sakitliyə” bənzəyir.

Qarşıya belə suallar çıxır: Niyə iki xalq ümumi sahəsi 25 min kv. km olan, günəşin şüaları altında yanmış bir ərazi üçün amansız savaşa başlayıb? Niyə onlar bir-birini belə nifrətlə qəbul edir və nə üçün bütün dünya onları barışığa gətirə bilmir? Bütün bu suallara aydınlıq gətirmək üçün münaqişənin tarixini araşdırmaq, hər iki xalqın faciəsini bilmək vacibdir.

Fələstinin Yəhudi çarlığı eramızın birinci əsrində Roma imperiyasının hücumları nəticəsində süquta uğradı. Bundan sonra bu ərazini bir çox feodallar öz torpaqlarına birləşdirdilər. Amma Avropanın müxtəlif ərazilərinə səpələnmiş yəhudilər heç vaxtı öz tarixi torpaqlarını unutmurdular. Bu torpaq onlar üçün müqəddəs sayılırdı. Hətta müqəddəs kitablarında da bu haqda yazı var və yəhudi dualarının sonu “Gələn il Yerusəlimdə” sözü ilə bitir. Yəhudilərin Avropa ölkələrindən məhz Fələstinə köçürülməsi bu dini sözlərə əsaslanırdı. Avstriya-Macar əsilli tanınmış jurnalist və yəhudi dövlətinin yaradılmasının ilk ideyaçılarından olan yəhudi Teodor Hersl (1860-1904) iddia edir ki ,”Dreyfus işi” (Fransız ordusunda yalançı ittihamla satqınlığa görə mühakimə olunan zabit) yüzlərlə fransızların “Yəhudilərə ölüm”çağırışı ilə Avropada yəhudiləri sıxışdırmasına, Rusiyada, Şərqi Avrpada yəhudi talanlarının başlamasına səbəb olub. Almaniya, Avstriya küçələrində yəhudilər əleyhinə yazılar çoxalmışdı. İddiaya görə, yəhudilər hər zaman Avropa üçün təhlükə mənbəyidir.

Hersl belə qərara gəlir ki, artıq bu cür yaşamaq olmaz və yəhudilər üçün özlərinin dövlətlərini qurmaq həyati dərəcədə vacib məsələdir. Yalnız bu dövlətdə onlar qovulan azlıq olmaqdan azad ola bilərlər. 1896-cı ildə o, kitabçalar hazırlayaraq dünya ictimaiyyətini “Yəhudi Dövləti” yaratmaq üçün köməyə çağırır və dövlətin ərazisi kimi Fələstin torpaqlarını göstərir. Bundan bir il sonra o, Ümumdünya Sionist təşkilatının yaranmasına nail olur. Sionizm - yəhudilərin öz tarixi torpağına qayıtması və orada öz dövlətlərini qurması ideologiyasıdır. Gec, lakin davamlı olaraq yəhudilərin Fələstin torpaqlarına köçü başlayır. Bu zaman Avropanın zəngin yəhudiləri (Rotşild, Manteofiori) və minlərlə kasıb yəhudi ailələri ərəblərdən torpaq almaq üçün pul yığmağa başlayırlar.

XIX əsrin ortalarında Fələstində 400.000 insan yaşayırdı. Bunlardan 6.000 nəfəri yəhudilər, qalanları ərəblər idi. Fələstin Osmanlı İmperiyasının ən kasıb hissələrindən biri olduğu üçün bu ərazi varlı ərəb feodallarına məxsus idi. Bu ərazilər kasıb kəndlilərə icarəyə verildiyindən, əsasən kənd təssərrüfatı və bağçılıq üçün istifadə olunurdu. “Dünya Sionist Təşkilatı” toplanmış pullarla bu əraziləri ərəb feodallarından aldıqları zaman kəndlilər ərazini tərk etmək məcburiyyətində qalırdılar. Bura köçürülənlər kəndliləri evlərindən və torpaqlarından çıxardıqları üçün kəndlilərdə narazılıq və üsyan meyili yaranırdı.

Bu da illər uzunu gedən müharibə və münaqişələrin əsasını qoydu: • Fələstinə köçən yəhudilər üçün bura İsrail torpaqları (Eres-İsrael) idi ki, onlar bunu “evlərinə döndükləri” ilə izah edir, bunu milli ocaq adlandıraraq illər uzunu qürbətdə yaşadıqdan sonra arzularına çatdıqlarını qeyd edirdilər. Bununla belə, yəhudilər bunu tam qanuni və beynəlxalq qanunlara riayət etməklə edirdilər.

• Ərəblərə görə isə, yəhudilərin gəlməsi onların əsrlərlə yaşadığı torpaqlardan sıxışdırılması və “çağrılmamış” qonağın onların evində peyda olması demək idi. Onlar bildirirdilər ki, bizim babalarımız əsrlərlə burada yaşadığından, bu torpaqlar da bizə aiddir.

Bu arqumentlər hal-hazırkı dövrdə də aktualdır. Müasir Fələstin ərəbləri üçün bu torpaqlarda “Sionist Dövləti”nin yaranması yolverilməz və son dərəcə dözülməzdir. Onların fikrinə görə İsrail dövləti ilə aparteid rejim bərabər anlayışdır və yəhudilər bu zonada tam olaraq ərəbləri məhv etmək məqsədi güdür.

Birinci Dünya müharibəsi Osmanlı İmperiyasının süqutu ilə nəticələndi. Millətlər liqası bu ərazini müvəqqəti olaraq Böyük Britaniyanın nəzarətinə verməyi qərara aldı. Tövsiyələrdə Böyük Britaniyanın münaqişələrə son qoyması və hökumət strukturlarının yaradılması kimi müddəalar öz əksini tapdı. Lakin bu cəhd də özünü doğrultmadı.

Mütəxəssis konfliktoloq-tarixçilər bu qənaətdədirlər ki, razılaşma aşağıda göstərilən səbəblərdən qüvvəyə minmədi: 1. MakMaqon - Hüseyn razılaşmasına görə İngilislər Məkkənin ərəb şərifi olan Hüseyn ibn Əliyə, Osmanlı İmperiyasına qarşı üsyan qaldırarsa, onu bütün ərəb torpaqlarının (Fələstin də daxil) Əmiri elan edəcəklərini söz vermişdilər. Hüseyn ibn Əli özünün üstünə düşən vəzifəni icra etsə də britaniyalılar sonradan razılaşmanın rəsmi status daşımadığını bəyan etdilər.

2. 1917-ci ildə Britaniya hökumətinin xarici işlər naziri Artur Balfur ölkənin yəhudi mərkəzinin başçısı lord Otşildə məktub yazaraq, Britaniya hökumətinin yəhudilərin Fələstində öz ocaqlarına yiyələnmələri üçün çalışacağını bəyan etdi (Balfur deklarasiyası). Lakin bu məktubun da müddəalarının yerinə yetirilməsi Britaniya hökuməti tərəfindən fiaskoya uğradı.

Bu cür aldatma və yalanlar həm yəhudi, həm də ərəblərdə Britaniya hökumətinə qarşı nifrət və üsyanlara yol açdı. Bu demək olar ki, ərəb və yəhudiləri birləşdirən yeganə meyar idi. Lakin buna baxmayaraq, yəhudilərin Fələstinə axını günü-gündən çoxalır və ərəblərlə daha qızğın mübarizə və toqquşmalar (artıq silahlı) baş verirdi. Britaniya qubernatoru hökumətə yazdığı məktubunda deyirdi: “Mən iki tərəfdən axışan şikayətlərə artıq dözmürəm. İki saat ərəb şikayəti məni sinaqoqa yönləndirir, bundan sonra intensiv sionist təbliğatı məni məcbur edir ki, islamı qəbul edim”.

Fələstinə axışan yəhudilərin sayı artıq 1930-cu ildə 400.000 idi. İŞUV (Fələstində Yəhudi Birliyi) bu zaman artıq özünün qeyri-rəsmi olsa belə siyasi partiyasını, silahlı birləşmələrini yaratdı. Ərəblər isə bir milyon idi, onların da artıq hərbləşmiş birləşmələri var idi.

1939-cu ildə ərəb şeyxlərinin təzyiqi və rüşvəti nəticəsində britaniyalılar yəhudilərin Fələstinə gəlməsinin qarşısını amansızlıqla almağa başladı. Hətta Avropadan gələn gəmiləri Britaniya Dəniz Qüvvələri qarşılayaraq yenidən geriyə - faşizmin əsarətindən əziyyət çəkən Avropaya qaytarırdılar. Buna cavab olaraq İŞUV təşkilatı ingilislərə qarşı partizan müharibəsinə start verdi. Hitler üzərində qələbədən sonra isə yəhudilər Britaniya adminstrasiyasına daha şiddətli basqılara başladılar. ESEL təşkilatının yaraqlıları “Çar David” otelində yerləşən Britaniya adminstrasiyasını partlatdılar. Bu partlayışda 92 nəfər həyatını itirdi. Bundan sonra davam edən həmlələr Britaniya hökumətini Fələstin məsələsini 1947-ci ildə yeni yaranmış BMT-yə təhvil verməyə məcbur etdi.

BMT ərəblər və yəhudilərin bir yerdə yaşaya bilməyəcəyi qənaətinə gəlib, ərazini iki xalq arasında bölmək üçün qətnamə imzaladı. Bu zaman yəhudilər - 14.1 min kv.km, ərəblər isə - 11.1 min kv.km əraziyə sahib oldular. Üç dinin mərkəzi sayılan Qüds isə beynəlxalq zona elan olundu. İŞUV bu planla razılaşsa da ərəblər bunu qətiyyən qəbul etmədiklərini və yəhudilərin hansısa bir əraziyə sahib olacağı təqdirdə Fələstinin alovlar içində yanacağını və qanın su yerinə axacağını bəyan etdilər. Buna baxmayaraq, BMT tam olaraq qərar çıxardı və yəhudi dövlətinin yaranmasını o zamankı iki hegemon dövlət - ABŞ və SSRİ dəstəklədi. 1947-ci ildə noyabrın 29-da Fələstinin ikiyə bölünməsi qanuniləşdirildi.

1948-ci ilin mayın 14-də Ben Qurion tərəfindən İsrail dövlətinin qurulması elan olunan kimi qonşuları - Misir, Suriya, Taransiordaniya, Livan və İraq bu dövlətə qarşı hərbi əməliyyatlara başladılar. Qərar qəti idi: “Fələstin bütünlüklə ərəblərin olmalı, yəhudilər isə bu torpaqları tamamilə tərk etməlidirlər”. Lakin ərəblərin qüvvələrinin çox olmasına və birliklərinə baxmayaraq, onların planları baş tutmadı. Qısa müharibələr zamanı daha dəqiq 1949-cu ilin iyulunda artıq İsrail hücuma keçən bütün orduları məhv edərək, həm öz ərazisini saxladı, həm də ərəblərdən - 1300 kv.km ərazini ələ keçirdi. Ərəblər üçün nəzərdə tutulmuş əraziləri isə Misir (Qəzza sektoru) və İordaniya (İordan çayının qərb sahili və şərqi Yerusəlim) öz nəzarətlərinə götürdülər. 1947-1949-cu illərdən başlayaraq Fələstin ərəblərinin faciəsi başlandı. Hələ müharibənin başlanmasından əvvəl ərəblər İsrail dövləti üçün ayrılmış torpaqlardan qaçmağa başladılar. BMT-nin hesablamalarına görə 750.000 ərəb əsilli ailə torpaqlarını tərk etdi. Tarixçilərin bir hissəsi ərəblərin könüllü getməsini, bir hissəsi isə İsrailin hərbiləşdirilmiş qüvvələrinin ərəbləri zor və terror gücünə qovduqlarını iddia edirlər.

Zaman keçdikcə bir çox ərəb dövlətlərində dövlət başçıları dəyişdi. İsrail isə bu zaman ərzində öz dövlətçiliyini, silahlı qüvvələrini gücləndirməklə ciddi məşğul oldu. Ərəb dövlətlərində isə millətçilərin dövlət başına gətirilməsi onları SSRİ ilə yaxınlaşdırdı. SSRİ ərəb dövlətlərinə marağı artırmaqla yanaşı, onların liderlərini də öz kommunist ideyalarına bağlayırdı. Məsələn, Misir prezidenti Cəmal Əbdül Nasir, SSRİ-nin dəstəyini aldıqdan sonra, dünyaya bu şəkildə səsləndi: “İsrail imperializmin forpostudur və o dağıdılaraq dənizə atılmalıdır”.

1967-ci ildə Misir və Suriya İsraillə sərhəddə böyük qoşun kontingenti topladı. Qoşunlar əmr gözləyərək hücum planlarını təhlil edərkən İsrail bunu anlayır, onları qabaqlayaraq iyunun 5-də qəfil hücuma keçir. 6 gün ərzində ərəb koalisiyasının HHQ-lərini məhv edən yəhudilər, qoşunların canlı qüvvəsini və texnikasını da darmadağın edirlər. Bundan sonra 1949-cu ildə İordaniyaya məxsus İordan çayının qərb sahili, Qəzza sektoru, Sinay yarımadası və Suriyaya məxsus Colan yüksəklikləri İsrailin əlinə keçdi. Bundan əlavə Şərqi Qüds də yəhudilərin nəzarətinə daxil edildi. Tarixdə buna ərəblərin ən böyük məğlubiyyəti olan “6 günlük müharibə” adı verildi. Baş verən münaqişələrin fonunda müsəlmanların və yəhudilərin müqəddəs saydıqları məkan, müsəlmanların Əl-Qüds adlandırdıqları şəhər birinci yeri tutur. Tərəflər uzun illər danışıqlar prosesində bu şəhəri bir-birinə güzəştə getmirlər. İsrail 1980-ci ildə Qüdsü bölünməz paytaxt elan etdikdən sonra BMT dünya birliklərini bu təyinatı qeyri-qanuni hesab etməyə çağırıb. İsrail Qüsdün hətta yarısının belə ərəblərə veriləcəyi fikrini qəbul etmir. Çünki bu təqdirdə Şərqi Qüdsdən İsrailin bir çox strateji obyektləri atəş üçün hədəfə çevrilir. Bunlardan biri də beynəlxalq aeroportdur.

Zaman keçdikcə ərəblər İsraillə diplomatik danışıqlara getməyə başladılar. Belə ki, Ənvər Sadat 1973-cü ildə növbəti Ərəb-İsrail müharibəsində məğlub olduqdan sonra İsraillə sülh danışıqlarına getdi. Ərəblərin fikrinə görə, isə Ənvər Sadat müharibəni özünə siyasi xallar qazanmaq üçün başlamışdı. 1979-cu ildə ABŞ prezidenti Cimmi Karterin iştirakı ilə sülh müqaviləsi imzalandı. Lakin ərəblərin gəldiyi nəticəyə görə “ərəb birliyinin pozulmasında” rol alan Ənvər Sadat 1981-ci ildə öldürüldü. Ölümündən əvvəl isə o, Sinay yarımadasını Misirə qaytardı və Misirin səmtləşməsini SSRİ-dən ABŞ-a çevirə bildi. Misir NATO-dan kənar olaraq ABŞ-ın müttəfiqinə çevrildi. Misirdən zəif İordaniya isə bənzər addımı ata bilmədi. Əsasən buna “ərəb birliyi” prinsipləri və Ənvər Sadatın aqibəti mane olurdu. Buna baxmayaraq, 1994-cü ildə İordanıya da İsraillə diplomatik əlaqələr qurdu. Lakin indi də Misir və İordaniyanın İsraillə mehriban qonşu olduğunu demək olmaz. Ümumxalq nifrəti hələ də sionist rejimini lənətləməkdən yorulmur. Buna baxmayaraq soyuq sülh hər iki tərəfi qane edir.

Fələstində isə vəziyyət çətin olaraq qalırdı. Fələstin Azadlıq Təşkilatı (FAT) uzun illər özünü terrorçu təşkilat qismində aparmaqda idi. Bu təşkilat İsraillə mübarizədə hər metodun keçərli olduğunu dəfələrlə bəyan edirdi: Mülki insanların öldürülməsi, təyyarələrin qaçırılması, girov götürmələr və s. Ən çox yadda qalan isə FAT üzvlərinin 1972-ci ildə Münhendə keçirilən olimpiya oyunlarında yəhudi idmançılarını öldürməsi idi. Livandakı FAT düşərgələrində Avropa və Yaponiyadan olan terrorçuların hazırlanmasına start verilmişdi. Bundan əlavə 70-ci illərdə Yasir Ərəfat tərəfindən ölkənin vətəndaş müharibəsinə sürüklənməsi, bu müharibədə İsrailin, Livanın, Suriyanın, BMT-nin və digər beynəlxalq qüvvələrin iştirakına yol açdı. Ümumiyyətlə, Livan müharibəsi 144 min insanın həyatını itirməsi ilə başa çatdı. Faktiki olaraq, FAT lideri Yasir Ərəfat, təşkilatın sıralarını terrorçuların tərk etdiyini iddia edərək, özünü liderdən çox siyasi fiqur kimi təqdim etmək israrında idi. 1988-ci ildə BMT-də çıxış edən Yasir Ərəfat İsraili bir dövlət kimi tanıdığını bəyan edərək, FAT tərəfindən bütün terror aksiyalarını pislədi. Bu bilavasitə İsraillə birbaşa danışıqlar üçün jest idi.

İsrail artıq daxilində baş verən ixtişaşların qarşısını almaq istəyirdi. Bu bir növ vətəndaş müharibəsi idi. İsrailin ərazisində yaşayan ərəblər onun insan haqlarını pozmasını əsas gətirərək hər gün polisləri daşa basır, yanğınlar törədirdilər. Bu aksiyalara İordan çayının qərb sahili və Qəzza sektoru da qoşulmuşdu. Ümumiyyətlə bu kimi hibrid vətəndaş müharibələri zamanı 1987-1993-cü llərdə 100 israil əsgəri və 2000-dən çox fələstinli ərəb həlak olmuşdu.

İshaq Rabin İsrailin baş naziri olaraq anlayırdı ki, Fələstin xalqının daha çox maraqları üçün mübarizə aparan FAT-dan başqa kimsə ilə danışıqlar aparmaq nəticə verməyəcək. O, mən istərdim ki, Qəzza bütünlüklə dənizdə batsın və yox olsun, lakin bu mümkün olmadığına görə kompromisli danışıqlar vacibdir deyə məyusedici zarafatlar edirdi.

ABŞ prezidenti Klintonun təkidi ilə İshaq Rabin və Yasir Ərəfat Oslo şəhərində ilkin razılığa gəldilər. Bu razılaşmaya görə, Fələstin Xalq Adminstrasiyası (FXA) yaradıldı. 1993-1995-ci illərdə bu razılaşmalardan doğan əməli addımlar da atıldı. Belə ki, Qəzza sektoru və İordan çayının qərbi FXA-nın adminstrativ zonasına çevrildi. Lakin suverenlik hələki sual olaraq qalırdı. Bu gələcək danışıqların predmeti idi. Bu kimi sülhə cəhd prosesi yaxın Şərqdə hər zaman baha başa gəlib. Belə ki, İordaniya və Fələstinlə sülh yoluna çıxmış İshaq Rabin sağ radikallardan olan İqal Amir tərəfindən 1995-ci ildə güllələndi. Terrorçu bunu “Osloda razılaşmadan İsrail xalqını qoruma” kimi motivləşdirdi.

İqal Amir kimi israillilərin böyük əksəriyyəti bu razılaşmanın əleyhinə idi. Belə ki, 1967-ci ildən başlayaraq İsrail dövləti İordan çayının qərb sahillərində yaşayış məskənləri salmağa başladı. Yəhudilərin böyük əksəriyyətinin fikrinə görə, bu ərazilər müqəddəs sayılırdı ki, tanrı bunu israillilərə öz tarixi məskənləri kimi bağışlamışdı. Tikintilər bu gün də davam etdirilir. Buna etiraz edən ərəblər demək olar ki, hər gün aksiyalar keçirir, yanğınlar törədir və terror aktlarına baş vururlar. Zaman-zaman ortaya çıxan böyük aksiyalarda İsrail əsgərləri ilə qarşıdurmalar olur və insanlar həyatarını itirirlər.

2005-ci ildə Şaron FAT üçün nəzərdə tutulmuş ərazilərdən qüvvələrini tam olaraq çıxardıqdan sonra orada olan yaşayış məntəqələrinin sökülməsinə başladı. Bu zaman ortaya cıxan islamçı HƏMAS təşkilatı hakimiyyəti ələ keçirdi. İlk günlərdən HƏMAS açıq olaraq İsrailin ərazisini raketlərlə atəşə tutmağa başladı. Buna cavab olaraq İsrail ərazini ciddi iqtisadi blokadaya aldı. Lakin Şaronun bu addımını israillilər də səhv adlandırır, Qəzzanın ac əhalisi, islamçıların hakimiyyəti altında İsrail dövləti üçün daha təhlükəli olurdu.

2008, 2012, 2014-cü illərdə İsrail bu sektorun təmizlənməsi üçün böyük vəsaitlər tələb edən hərbi əməliyyatlar keçirib. Bundan əlavə Qəzzada HƏMAS, qərb sahilində FAT olan bu vadi faktiki olaraq ikili hakimiyyət daşıdığından, danışıqlar daha da çətinləşirdi. Çünki İsraildən əlavə hər iki hakimiyyət zaman-zaman bir-biri ilə də hərbi toqquşmalarda olurdu. Fələstinlilər arasında HƏMAS həddindən artıq böyük diqqət mərkəzi olduğundan onun barışmazlığı bir meyar kimi qəbul olunur və buraya başqa ərəb dövlətlərindən döyüşçülər axışmağa başlayırdı.

2009-cu ildə isə İsraildə hakimiyyətə gələn Benyamin Netənyahu tikililərin davamına başlayaraq bu problemi daha da dərinləşdirib. Donald Trampın Amerika səfirliyini Qüdsə köçürmək fikri isə böyük toqquşmalara gətirib çıxardı ki, bu da onlarla insanının həlak olması ilə nəticələndi. Dünya və beynəlxalq təşkilatlar isə Fələstin problemini demək olar ki, unudub. Çünki artıq daha isti münaqişə ocaqları var. Suriya, Ukrayna, Şimali Koreyanın nüvə problemi və s. Artıq məlumdur ki, İsrail və Fələstin torpaqlarında hələ çox partlayışlar olacaq və atəş səsləri kəsilməyəcək. Bu gün Fələstin problemini həll etmək üçün artıq heç kim irəli keçmək arzusunda deyil.

Hərbi ekspert Abuzər Əbilov

Açar sözlər
Donald Tramp , Cimmi Karter , Ənvər Sadat , Abuzər Əbilov , Yasir Ərəfat , Ishaq Rabin , Ben Quri , Hüseyn Əli , Teodor Hers , Nato , Bmt , Fələstin Azadlıq Təşkilatı , Böyük Britaniya , Israil , Abş , Almaniya , Avstriya , Rusiya , Münhen , Livan , Iraq , Qəzza , Ukrayna , Misir , Fələstin , Yaponiya , Koreya , Roma , Suriyan , Həma , Məkkə , Suriya , Iordaniya , Qüds , Şərqi Qüds , Israil Dövləti , Oslo
Siyasət xəbərləri
Ordu.az digər xəbərlər
Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

Azərbaycan SQ-nin görən gözü: EL/M-2084 çoxməqsədli radiolokasiya stansiyaları – HƏRBİ EKSPERT (ANALİZ)

26-04-2019 15:23 - Ordu.az - İKT

EL/M-2084 RLS ailəsi, artilleriya silahlarının yerləşdirilməsi koordinatlarının aşkar edilməsini, hava hücumundan müdafiənin əməliyyat vəzifələrinin həllini təmin etməklə kiçik, orta və uzaq mənzilli radiusda döyüş vəzifələri üçün ən optimal variant hesab edilir.


EL/M-2084 çoxməqsədli RLS-i yüksək fəaliyyət etibarlılığına, üzun müddət istifadə resursuna və əməliyyat rahatlığına malikdir.

Ümumi məlumat

Çoxməqsədli EL/M-2084 RLS tərəfindən vəzifələr 2 rejimdə yerinə yetirilir.

Düşmən artilleriyasının koordinatlarının aşkar edilməsində:

- Düşmənin minaatan, top, idarəolunan mərmi və raketlərinin yerləşdirilməsi koordinatlarını aşkar edir;
- Düşmənin silahlarının yerləşdirilməsi sxemini tərtib edir;
- Düşmənə endiriləcək zərbə nöqtələrinin hesabatını hazırlayır;
- Öz qoşunlarının atəş məsafəsini və digər məlumatları müəyyənləşdirir.

Hava hücumundan müdafiədə:

- Bütün növ hava hədəflərinin aşkarlanmasını və təsnifatını;
- Manevr edən hədəfləri təqib etmək üçün yüksək yenilənmə sürətini;
- Real vaxtda hava şəraitinin yaradılmasını təmin edir.


EL/M-2084 RLS-ın fəaliyyət prinsipi

EL/M-20843D RLS-in modul və miqyaslanan radar konfiqurasiyasıın iş prinsipi aktiv idarəedilən anten (AFAR) tərəfindən təmin edilir.

RLS iki əməliyyat rejimində fəaliyyət göstərir:

- Artilleriya atəş vasitələrini aşkar edən RLS rejimi: sektor 120 dərəcəyə qədər;
- HHM rejimi: yeniləmə sürətini sürətləndirmək üçün dəqiqədə 30 dəfəyə qədər fırlanma.

Bundan əlavə RLS:

- Konfiqurasiya ilə bir neçə dəfə miqyaslana bilir;
- Yüksək hərəkətliliyə və sürətli yerləşdirməyə malikdir;
- "Lockheed C-130" hərbi təyyarəsi ilə rahat daşınır;
- Məsafədən idarəedilir;
- Birləşdirilən şəbəkədə çalışmaq və geniş radioelektron mübarizə imkanlarına malikdir.

Ətraflı siqnal emalında:

- Ağır maneələr şəraitində çalışır;
- SIx elektromaqnit mühitdə işləyə bilir;
- Hədəfləri aşkar edərək təsnifatlandırır;
- Aşağı uçan hədəflərə qarşı təkmilləşdirilıb;
- Yüksək dözümlülük və rahat funksionallığa malikdir.

Əsas texniki xüsusiyyətləri 

EL/M-2084 RLS-i HHM rejimində:

- Hədəfləri 47.4 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni və ya 360 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni və ya 30480 metri əhatə edir;
- Dəqiqlik 3D formatında təmin edilir;
- Eyni zamanda 1200 hədəfi izləyə bilir.
Artilleriya batareyalarını aşkaretmə rejimində:
- Hədəfləri 100 km məsafədə aşkar edir;
- Azimut üzrə 120 dərəcəni əhatə edir;
- Yüksəklik üzrə 50 dərəcəni əhatə edir;
- CEP (Circular Error of Probability) formatında 0.25% dəqiqlik təmin edilir;
- Dəqiqədə 200 hədəf aşkarlana bilir.


Faktiki rəqəmlər RLS-in modelinə, konfiqurasiyasına və ölçüsünə görə dəyişə bilər.

Əvvəllər İsrailin silah bazarında rəqib olmağa çalışan şirkətlər tərəfindən iddia edilirdi ki, "Elta Systems" şirkətinin istehsalı olan EL/M-2084 RLS-ləri NATO-nun HHM/RƏM sisteminə inteqrasiya edilməsi mümkün deyil, çünki onlar qeyri-NATO ölkəsində istehsal edilib.