Kimə işləmək yaxşıdır, öz dövlətinə, yoxsa özgə dövlətə?

Kimə işləmək yaxşıdır, öz dövlətinə, yoxsa özgə dövlətə?

Elman BabayevKərimli hər zaman sübut edib ki, Azərbaycan əleyhinə heç kim ondan yaxşı işləyə bilməz

Sərlövhədəki sual son dövrlər Azərbaycan ictimai-siyasi həyatı üçün daha çox aktuallıq kəsb etməkdədir. Xarici ölkələrə sığınaraq Azərbaycan əleyhinə kampaniya aparanların, onların ölkə daxilindəki havadarlarının iplərinin heç də öz əllərində olmadığı gün kimi ortadadır. Nə qədər əksini sübut etməyə çalışsalar da bu qrupların məhz Azərbaycan əleyhinə çalışan dairələrlə işbirliyində olması, onlar tərəfindən maliyyələşməsi danılmaz fakt olaraq qalır. Və bu getdikcə xoşagəlməz forma almaqdadır. O baxımdan ki, Azərbaycana, onun siyasi rəhbərliyinə qarşı kampaniya, ümumilikdə siyasi mübarizə məhz son zamanlar daha radikal, bəzən ən iyrənc üslubda, etikadan kənar səviyyədə aparılır...

Demokratik islahatlara qədəm qoyduğumuz ilk zamanlarda xarici dövlətlərə, qurumlara işləmək fəaliyyəti hansısa qabarıq, təhlükəli əlamətləri ilə özünü biruzə vermirdi. Çünki kimsə faktiki agent deyildi, satqınçı bir statusda iştirak etmək barədə öhdəlik götürmürdü. Sadəcə, beynəlxalq təşkilatlara layihə təqdim olunurdu, əvəzində qrantlar alınırdı, amma əcnəbilərin pul kisəsindən tökülən böyük həcmli pullar zaman keçdikcə həmin insanları elə ofsunlayırdı ki, onlar özləri də hiss etmədən dönüb olurdular, xarici qurumların adamları. Kənardan daxil olan maddi vəsaitlə elə bir QHT şəbəkəsi yaranmışdı ki, bu şəbəkə cəmiyyətdə müəyyən populyarlıq qazanaraq beynəlxalq dairələrin diqqətini daha artıq cəlb edirdi, belə ictimai fəallardan xarici çevrələr lazım gələndə, özlərinin diqtə etməli olduğu proseslərdə, ekstremal situasiyalarda yaxşıca bəhrələnə də bilirdilər.

Lakin bu bəhrələnmə vizual deyildi, bəzi QHT-lərlə xarici təşkilatların əlaqələrində qaranlıq, dumanlı bir anlaşma var idi. Bu QHT-lərin böyük bir qismi Əli Kərimlinin vasitəsilə qrant arxında üzmək imkanı əldə edə bilirdi. Başqa sözlə, kim xaricə işləmək istəyirdi, Əli Kərimlinin kabinetinə girib-çıxır, özünə yaşıl işıq yandıra bilirdi.

Yəni, dünən necə idisə, bu gün də belədir: xaricdəki fəal söyüşçülərlə Əli Kərimli koordinasiyalı bir fəaliyyət aparır. Fərq bircə ondadır ki, indi QHT müstəvisi yoxdur, əvəzində sosial şəbəkələr var; Kərimli və onunla birlikdə siyasi düşmənçilik yoluna girmiş adamlar bu şəbəkələr üzərindən fəaliyyət qurmaqla, öz maliyyə mənbələrinə hesabat verirlər.

Əli Kərimli xaricdəki qüvvələr üçün sərfəli fiqur olmasaydı, yolun hansısa məsafəsində ondan imtina edilərdi. Lakin Kərimli öz pafosu, radikallığı ilə sübut edə bilir ki, Azərbaycan əleyhinə ondan yaxşı heç vaxt heç kimsə işləyə bilməz.

Burada doğrudan da həqiqət var! Çünki AXCP sədri hakimiyyətə işləyəndə də əslində satmaqda, xainlik etməkdə əvəzsiz bir adam olub. Prezident İlham Əliyev BDU-da gənclərlə görüşəndə,- o zaman səhv etmiriksə Dövlət Neft Şirkətinin vitse-prezidenti idi-Kərimli ilə bağlı verilən suala cavab olaraq demişdi ki, öz liderini satan hamını satar!

Həqiqətən də Kərimlinin müxalifətdəki missiyası hər zaman kimisə satmaq, yaxşı olanı dağıtmaq, ikitirəlik yaratmaqdan ibarət olub. Hamının yaxşı yadındadır: Elçibəyə rəqib olmaq iddiası, partiyanı ələ keçirmək niyyəti böyük bir mübarizə fırtınası yaratdı, partiya daxilində toqquşmalar meydana çıxardı.

Əli Kərimlinin Xalq Cəbhəsində hegemonluğu, təşkilat içərisində qeyri-leqal təşkilat yaradıb partiyanın zirvəsinə irəliləmək cəhdləri, müxalifətdə sirr qoymayıb, lazımı ünvanlara ötürməsi, bununla da siyasi qüvvələrin planlarını pozması, başqa sözlə, məkr, hiylə, çirkin fənd ona cəmiyyətdə güclü antipatiya yaratdı.

Ona görə də xəyanət deyəndə, ilk növbədə Əli Kərimlinin adı yada düşür.

Həm də ona görə ki, QHT- lərlə bağlı yeni siyasət ortaya qoyulandan, yəni onların normal işləməsinə dövlət tərəfindən şərait yaradılmasından, qeyri-hökumət təşkilatlarını xarici çevrələrin caynağından alıb, öz mənbələrinə bağlamasından, bununla da, xarici təşkilatlardan proqnoz edilən təhlükənin maksimum azalmasından sonra da Kərimli və onun ətrafındakılar xain kimi sıradan çıxmadılar. Sosial şəbəkələr müstəvisində öz dövlətinin maraqlarına yox, xaricə işləmək siyasətlərinə sadiq qaldılar. Xaricdən verilən sifarişlərə uyğun hakimiyyəti maksimum ləkələmək, radikal çıxışlar etmək, cəmiyyəti qızışdırmaqla daxildə qəhrəmana çevrilmək xəstəliyindən qurtula bilmədilər.

Üstəlik, Əli Kərimlinin öz düşərgəsi ilə qısqanc, kinli, başqasının siyasi nüfuzuna paxıllıq keyfiyyəti də heç zaman dəyişmədi. Kimsə deyə bilməz ki, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanı İsa Qəmbər, REAL partiyasının sədri İlqar Məmmədov və ya başqaları hakimiyyəti Əli Kərimlidən zəif tənqid edirdi. Əksinə, bəzən sadalanan şəxslərin tənqidləri Kərimlinin tənqidlərindən daha kəskin olurdu. Lakin Kərimli və ətrafında olan qruplar bu şəxslərə hakimiyyətə işləmək damğasını da zaman-zaman vurmağa maraqlı olublar, çünki məqsəd cəmiyyətin müəyyən kəsimini özünün yeganə, hakimiyyətə hazır qüvvə olmasına inandırmaqdan ibarətdir.

Vaxtilə AXCP daxilində Elçibəyin mövqeyini üstələyəcək bir mövqenin sahibi olmaq şansına yaxınlaşmaq, öz “Yurd”unu fantastik səviyyədə böyütmək, öz çevrəsinə millət vəkili mandatları qazandırmaq üçün baş vurduğu yollar yaddan çıxmayıb. Kərimlinin ən böyük yanlışlığı Elçibəyə münasibətdə ifrata varması, mənəvi-etik məsələləri çox kəskin şəkildə tapdalaması idi.

Bütün bu sadalananlar ona görədir ki, Əli Kərimli hakimiyyətdə, dövlətin birinci şəxsində, onun siyasətində dayanmadan “fəlakət”, qüsur axtarmaqdansa, öz eyiblərinə kor olmasın, öz keçmişindən utansın. Cəmiyyətdə qazandığı imicdən xəcalət çəksin, nəinki ortaya düşüb özünü qəhrəman, xilaskar obrazda təqdim etsin! Onun əsl obrazını, siyasi kimliyini Azərbaycan cəmiyyəti illər öncədən çox yaxşı tanıyır...

Siyasət xəbərləri
Modern.az digər xəbərlər