“Kimsə gəlib bizə deməyəcək ki, gedin müharibə aparın, torpaqlarınızı azad edin"

"Sülh və ya danışıqlar yolu ilə torpaqlarımızı azad etmək imkanımız olmayacaq”.
Moderator.az xəbər verir ki, bu sözləri "Sherg.az”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, danışıqlar sadəcə, təbliğat vasitəsi kimi aparılır:
"Danışıqlar yolu ilə torpaqlarımızı azad edəcəyimizə ictimaiyyət də inanmır. Hazırkı beynəlxalq mühit müharibənin başlamasına imkan vermir. Ümumiyyətlə, heç bir ölkə deməz ki, biz müharibənin tərəfdarıyıq. Beynəlxalq mühit çox nisbi bir amildir.
Yəni, biz o fikirdə olmamalıyıq ki, kimsə gəlib bizə desin ki, gedin müharibə aparın, torpaqlarınızı azad edin. Hər halda belə olsa da, bu, açıq şəkildə deyilməyəcək. Ona görə də yeganə mühit ondan ibarətdir ki, Azərbaycan ictimaiyyəti birmənalı olaraq torpaqlardan imtina etmək niyyətində deyil.
Xalqımız işğal edilmiş torpaqlarımızı əzmlə qaytarmaq istəyir. Əsas siyasi amil budur. Digər amil isə ondan ibarətdir ki, ermənilər siyasi yollarla məsələləri kompromis şəkildə həll etmək niyyətində deyillər. Onlar sadəcə olaraq torpaqlarımızı işğal altında saxlamaq istəyirlər”.