Klan iş başında: Köçəryanı Qarabağa gətirmək istəyir


Klan iş başında: Köçəryanı Qarabağa gətirmək istəyir

Elşən Manafov: “Paşinyan daha ciddi bir rəqiblə üzbəüz qala bilər”

Dağlıq Qarabağdakı erməni separatçılarının başçıları eks-prezident Robert Koçaryanın azadlığa buraxılması üçün Nikol Paşinyan hökuməti ilə dil tapmağa çalışır. Qondarma rejimin keçmiş və hazırkı rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan Ermənistanın baş prokuroru Artur Davityana müraciət edərək Robert Koçaryanın azadlığa buraxılmasını xahiş edib. Lakin sözügedən təklif Ermənistanın siyasi kuluarlarında və mediasında birmənalı qarşılanmayıb. Analitiklərin fikrincə, separatçılar Robert Koçaryanın azadlığa çıxmasına nail olmaqla yenidən siyasi revanş götürmək istəyir.

Məqsəd R.Koçaryanı yenidən Qarabağ klanının başına gətirməkdir. Daha doğrusu, 2020-ci ildə Dağlq Qarabağda ermənilərin keçirəcəyi oyuncaq prezident seçkilərində Bako Saakyanın Robert Koçaryanla əvəzlənməsi nəzərdən keçirilir. Bununla da 2018-ci ilin aprel ayında Ermənistanda baş vermiş “məxməri inqilab”dan sonra pərakəndə hala düşmüş Qarabağ klanını Koçaryanın əli ilə toparlamaq planı üzərində düşünülür. Qarabağ klanının Bako Saakyanın yerinə gətirəcəyi güclü bir namizəd olmadığından görünür separatçılar ən əlverişli variant kimi Robert Koçaryanın həbsdən azad edilməsinə çalışır.

Ancaq bu məsələdə Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ ermənilərinin mövqeyi toqquşur. Belə ki, 2020-ci ildə qondarma rejimin başına özünə yaxın adamı gətirməyə çalışan N.Paşinyan Qarabağ klanının yenidən güclənməsini istəmir. Ermənistan mediasının yazdığına görə, Koçaryanın azadlığa buraxılması Paşinyan iqtidarına qarşı Dağlıq Qarabağda yeni bir siyasi güc mərkəzinin formalaşmasına şərait yarada bilər. Bu isə Paşinyana qarşı əks-inqilabi hərəkat dalğasının başlanmasına gətirib çıxaracaq. Ona görə də Dağlıq Qarabağda qondarma seçkilər yaxınlaşdıqca klanlararası mübarizənin yeni mərhələyə daxil olacağı proqnozlaşdırılır.

Politoloq Elşən Manafovun sözlərinə görə, Nikol Paşinyanın Qarabağla bağlı verdiyi açıqlamaların kontekstində Koçaryanın azadlığa buraxılması qeyri-mümkün görünür: “Şuşa şəhərinin işğal olunması münasibətilə Koçaryanın azad olunması ilə bağlı müraciətinə rəsmi İrəvan cavab verib və bunun gözlənilmədiyini bildirib. Məlumdir ki, Robert Koçaryan Qarabağ klanının tanınmış liderlərindən biridir və vaxtilə dövlət başçısı olub. Özü də Qarabağ müharibəsi dalğasının üzərində Ermənistanda hakimiyyətə gəlib. Bu mənada, Koçaryan həbsdən buraxılarsa və Dağlıq Qarabağ ermənilərinə rəhbərlik edərsə, bu Paşinyan üçün ciddi problemə çevrilə bilər. Qarabağ klanı ilə Paşinyanın təmsil olunduğu Ermənistan klanı arasında münasibətlərin gərginləşəcəyi birmənalıdır. Əslində, Dağlıq Qarabağadakı separatçı rejimin rəhbərliyinin Ermənistanın baş nazirinə müraciəti də beynəlxalq hüquq normaları baxımından düzgün deyil. Xatırladım ki, Vyana danışıqlarından sonra Paşinyan bəyan etmişdi ki, o, danışıqlarda Dağlıq Qarabağ erməniləri təmsil də bilməz.

Çünki onu Qarabağ erməniləri səsvemə yolu ilə seçməyib. Bu baxımdan, Arkadi Qukasyanın və Bako Saakyanın Ermənistan hökumətinə müraciət etməsi ümumiyyətlə, hüquqi normalara ziddir. Siyasi reallıqlar baxımından R.Koçaryanın barəsində cinayət işin ləğv edilməsi onun azadlığa buraxılması mümkün görünmür. Əks təqdirdə, Paşinyan daha ciddi bir rəqiblə üzbəüz qala bilər. Hazırda Paşinyan daha çox Qarabağ klanının Ermənistanda hakimiyyət kürsüsündə əyləşdirdiyi Armen Sarkisyanı bu postdan uzaqlaşdırmaq və onu sabiq prezident Levon Ter-Petrosyanla əvəz etmək üzərində düşünür”.
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 133