Kreditini ödəyə bilməyən Sumqayıt sakini hədələndi: “Mən sənin nəslini-kökünü...” - SƏS YAZISI

Kreditini ödəyə bilməyən Sumqayıt sakini hədələndi: “Mən sənin nəslini-kökünü...” - SƏS YAZISI

Kreditini ödəyə bilməyən Sumqayıt sakini hədələnib.

Bu barədə Xeberle.com-a müraciət edən Sumqayıt şəhər sakini Gülnarə Cəfərova məlumat verib. O bildirib ki, kredit ödənişi bir neçə gün gecikdiyinə görə şirkətin operatoru ona və anasına zəng edərək xoşagəlməz sözlər deyib:

"Ötən ilin yayında Sumqayıt şəhərində yerləşən "Sulh Electronics” mağazasından kreditlə notbuk götürmüşəm. Bu vaxtacan kredit ödəməsində heç bir problemim olmayıb. Hətta bu mağazanın daimi müştərisi olduğum üçün və ödəmələrimdə gecikmə olmadığı üçün mağaza yeni məhsul almağımı özü təklif etmişdi. Bu ilin aprel ayında bir sıra işlərimin və şəxsi məsələlərimin sıxlığı səbəbi ilə kreditin ödənişini gecikdirmişəm.

"Sulh Electronics” mağazası ilə aramda heç bir problem olmayıb. O mağazadan da, əməkdaşlarından da razıyam. Lakin kredit gecikməsinə görə Bakıda yerləşən Sky Ekspressdən kreditə kompüter götürmüşəm. Bu ay kredit ödənişini gecikdirmişəm. Mənə zəng edib dedilər ki, saat 4-də kimi ödəməlisiniz. Həmin gün ödəyə bilmədim. Sonra evə anam Sevda Cəfərovaya zəng ediblər .Anamla kobud danışıblar. Bu xanımın müştəri ilə danışıq mədəniyyətinin olmaması barədə şirkətin baş ofisinə zəng edib şikayətimi bildirdim. Şikayətimə baxan başqa bir xanım ondan da betər danışıq tərzi ilə məni təəccüblkəndirdi. İlk əlaqə saxlayan xanımın işlətdiyi ifadələrin bəzilərini bura olduğu kimi yazıram: "Əlini qulağının dibinə qoyub gözləyirsən, keyfin nə vaxt istəyir onda ödəyəcəksən?”, "Ödənişi etməmək sənin başın üçün deyil!”, "Mən sənin nəslini-kökünü yığım, sənin də ağlın başına gəlsin!”

Bu cür ifadələr işlədən, nitq mədəniyyəti, müştəri ilə ünsiyyət qabiliyyəti olmayan bir adamın bu şirkətdə niyə çalışması ilə bağlı şikayət edəndə mənim şikayətimə baxıb mənə zəng edən ikinci xanımın işlətdiyi ifadələrdən də bəzilərini yazıram: "Bizim rəhbərliyimiz deyib ki, söyüş-təhqir olmadan səs tonunuzu qaldıra bilərsiniz, bizim sizinlə bu tonda danışmağa ixtiyarımız var. Siz hara istəyirsiz şikayət edin, amma sizin üçün yaxşı olmayacaq! Mənə maraqlıdır ki, bu şəxslərə kim icazə verib ki, müştəri ilə etikadan kənar danışıb onu hədələsinlər?"

Şirkətin əməkdaşı Xeberle.com-a açıqlamasında xanımın təhqir və təhdid edilmədiyini bildirib: "Sadəcə müştəriylə operatorlar əlaqə yaradaraq kredit borcunu ödəməli olduğunu deyib. Müştəri isə cavabında ödəmirəm, gedin verin məhkəməyə söyləyib. Bütün konflikdə bundan sonra yaranıb.”

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər