Lənkəranda yeni formatlı təlimlərin ilk məzunlarına sertifikatlar verilib

Lənkəran, 26 aprel, Bağır Əliyev, AZƏRTAC
Mədəniyyət Nazirliyinin sistemində aparılan struktur və funksional islahatların məntiqi davamı olaraq nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əməkdaşlarda müasir peşə təfəkkürünün, habelə kreativ səriştələrin formalaşmasına xidmət edən ixtisasartırma kurslarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 22-26-da nazirliyin Lənkəran və Masallı regional idarələrinə daxil olan Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında fəaliyyət göstərən mədəniyyət evlərinin metodist və mədəni tədbirlərin təşkilatçıları üçün “Bölüşərək zənginləşək” devizi ilə yeni formatlı kreativ təlimlər keçirilib.
Lənkəran Mədəniyyət Mərkəzində, Lənkəran Dövlət Universitetində, Lənkəran Mərkəzi Kitabxanasında, Lənkəran Tarix-diyarşünaslıq Muzeyində və Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunmuş kurslar çərçivəsində gündəlik vəzifə funksiyalarının yerinə yetirilməsinin müasir forma və üsulları, o cümlədən kollektiv fəaliyyət, habelə vəzifələrin icrasında yaradıcı mexanizmlərin geniş tətbiqinə həsr olunmuş mühazirələr dinlənilib.
Beynəlxalq təcrübəyə əsaslanan kurslarda mədəniyyət müəssisələri tərəfindən ödənişli xidmətlərin təşkilinə də xüsusi yer ayrılıb.
Təlimlərin birinci mərhələsində ali təhsili olmayan mədəniyyət işçiləri kurslara cəlb olunub.
Aprelin 26-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində yeni formatlı kursların ilk məzunlarına beynəlxalq standartlı sertifikatlar təqdim olunub.
Sertifikatlarda dinləyicilərin layiq olduqları qiymətlərlə yanaşı, kurslarda əldə etdikləri bilik və səriştələr, kursun ümumi məzmunu, yerli və beynəlxalq tərəfdaşlar, habelə təlimçilər haqqında məlumatlar verilib.
Sertifikatların təqdim olunması mərasimində çıxış edən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev mədəniyyət müəssisələri tərəfindən müasir və cəlbedici xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlarda kreativ peşə təfəkkürünün formalaşmasının prioritet vəzifələrdən bir olduğunu vurğulayaraq, bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunacağını diqqətə çatdırıb.
O deyib: “Yaradıcı yanaşma, fərdi inkişaf və sağlam rəqabət mədəniyyət sahəsinin mütləq keyfiyyətlərindən olmalıdır. Yalnız bu halda mədəniyyətin davamlı inkişafından danışmaq olar. Ölkə rəhbərliyi tərəfindən bu sahəyə ayrılan diqqət və qayğı daha çox çalışmağı, mədəniyyətimizin qorunması, habelə tanıdılması istiqamətində effektiv yeniliklərdən istifadə olunmasını tələb edir. Məhz bu səbəbdən də nazirliyin təşəbbüsü ilə yeni formatlı təlimlərin keçirilməsinə dair qərar qəbul olunub.”
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin regionların mədəni ixtisaslaşdırılmasının davamı olaraq Mərkəzin əmri ilə Lənkəran şəhəri “Klub işi”, Xaçmaz şəhəri “Dövlət rəsm qalereyaları”, Gəncə şəhəri “Muzey işi”, Xırdalan şəhəri “Heydər Əliyev mərkəzləri”, Şamaxı şəhəri “Kitabxana fəaliyyəti üzrə” ixtisaslaşdırılmış təlimlərin keçirilmə mərkəzləri seçilib.