Litvanın keçmiş XİN başçısı: “Azərbaycan Avropada diskomfort yaratmır”

Litvanın keçmiş XİN başçısı: “Azərbaycan Avropada diskomfort yaratmır”

“Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri ilə əlaqələrin inkişafına böyük diqqət yetirir”, - bunu virtualaz.org-a eksklüziv müsahibəsində Litvanın keçmiş xarici işlər naziri, Aİ-nin Rusiya təmsilçiliyinin keçmiş rəhbəri Viqaudas Uşatskas deyib.

Uşatskas iddia edir ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nda özünün uzunmüddətli məqsədinin – ümumi “Böyük Avropa” məkanının yaradılmasının tərkib hissələrindən birini görür.

“Biz qlobal iqtisadiyyat dövründə yaşayırıq və hamı bir-biri ilə münasibətləri istənilən ölkənin suveren hüququna hörmət əsasında qurur, - Aİ məmuru qeyd edib. – Bu, ilk növbədə Azərbaycana, Ukraynaya, Gürcüstana, Belarusa, Moldovaya aiddir. “Şərq tərəfdaşlığı” özündə ümumi bazarda, Aİ-nin və onun şərq tərəfdaşlarının modernləşdirilmiş innovasiya iqtisadiyyatında iştirakı ehtiva edir ki, bunun müqabilində həmin proqramın bütün ölkələri qazanırlar”.

Rusiyanın “Şərq tərəfdaşlığı”na birmənalı olmayan münasibətinə gəlincə, V.Uşatskas vurğulayıb ki, bu proqram heç bir ölkəyə təhdid xarakteri daşımır: “Moskvada işlədiyim dövrdə mən dəfələrlə rusiyalı həmkarlarıma bunu izah edirdim, lakin nəyə görəsə onlar bu əməkdaşlığa şübhə ilə yanaşırlar. Buna baxmayaraq, bu altı ölkədən hər biri müstəqildir və bu və ya digər proqramda özlərinin milli maraqlarına uyğun iştirak edirlər”.

Uşatskas Azərbaycanın Avropanın energetik müstəqilliyinin təminatındakı rolunu yüksək qiymətləndirir və vurğulayır ki, ölkə bu istiqamətdə çox işlər görür.

“Azərbaycan azsaylı postsovet ölkələrindəndir ki, Aİ üçün diskomfort yaratmır. Dövlət ölçülüb-biçilmiş və savadlı siyasət yürüdür. Buna görə də, biz Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndiririk və səbirsizliklə bu ölkə ilə Aİ arasında böyük strateji sənəd üzərində işin başa çatmasını gözləyirik”, - avropalı məmur etiraf edir.

“Şərq tərəfdaşlığı”nın inkişafının elementlərindən birinin proqram dövıətlərinin vətəndaşlarının Avropa üzrə azad hərəkəti olması barədə danışarkən Avropa İttifaqının nümayəndəsi güman etdiyini bildirib ki, gələcəkdə Azərbaycan sakinlərinə belə bir imkan təqdim olunacaq, başqa sözlə, onlar Avropa İttifaqı ölkələrinə vizasız səfər edə biləcəklər.

“Ukrayna, Gürcüstan və Moldova ilə artıq belə saziş bağlanıb. Hazırda proqramın digər üç iştirakçısı ilə danışıqlar aparılır. Bildiyimə görə, Aİ ilə Azərbaycan arasında onlar kifayət qədər aktivdir”, - V.Uşatskas sözlərini yekunlaşdırıb.

Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər