Mazımçay gömrük postunda bir gün - FOTOLAR

Noyabrın 16-da Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postuna təşkil etdiyi media turda 30-da çox media nümayəndəsi iştirak edirdi. Axşam saatlarına Balakənə çatan KİV-i nüməyndələri “Qudek” otelində yerləşdirildilər. Noyabrın 17-də səhər yeməyindən sonra saat 10:00-da Mazımçay gömrük postuna aparıldı. Gömrük postunda idxal və ixracın necə həyata keçirilməsi ilə bağlı jurnalistlərlə iki saatlıq görüş oldu.
Bizi postdakı vəziyyətlə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abbasov tanış etdi.
Azər Abbasov:
“Artıq ənənəvi olaraq biz hər dəfə media nümayəndələri ilə gömrük postlarında oluruq və bu gün də Mazımçay gömrük postundayıq. Mazımçay gömrük postu Gürcüstanla sərhəddir. Bu posta bütün avtomalaşdırma sistemi ilə sizi tanış edəcəyik”.
“Yoxlamaları isə həm xüsusi hazırlıq keçmiş itlərlə...”
Tanışlıq zamanı şahidi olduq ki, posta daxil olan avtomobil yolun altında yerləşdirilən xüsusi qurğunun üstündən keçərkən avtomatik olaraq kameralar işə düşür və avtomobilin dövlət qeydiyyat nömrə nişanı və digər məlumatları bazaya ötürülür. Posta daxil olan avtomobil tərəzinin üstündən də keçirilərək çəkisi müəyyən edilir. Sonra isə postda bir pəncərə sistemində yekun olaraq nəqliyyat vasitəsinin qeydiyyatı aparılır. Gömrük əməkdaşları avtomobildə yoxlamaları isə həm xüsusi hazırlıq keçmiş itlərlə, həm də qurğularla həyata keçirilir. İlk olaraq əməkdaşlardan birinin əlində olan güzgüylə avtomobilin alt hissəsinə baxış keçirilir ki, əlavə detallar olarsa, aşkar edilsin. İkinci bir əməkdaş isə əlində xüsusi qurğu ilə avtomobildəki sıxlığı araşdırır. Üçüncü bir əməkdaş isə xüsusi hazırlıq keçmiş itlə avtomobilə baxış keçirir. Bundan sonra avtomobil Azərbaycan ərazisinə buraxılır.
"Gömrükdə quraşdırılmış proqram 24 saat vətəndaşlara xidmət edir...”
Azər Abbasov bildirdi ki, gömrük sahəsində islahatlar aparılır və keçid məntəqəsində vətəndaşların keçidi daha da asanlaşdırılacaq. Gömrük orqanlarında attestasiya başlayıb və bu yekunlaşandan sonra gömrük postlarında təkmilləşdirmə işləri aparılacaq və “Bir pəncərə” sistemi ilə bir əməkdaş bütün işləri həyata keçirə biləcək. Artıq bununla bağlı bir çox əməkdaşlar kurslara cəlb edilib. Bu da gömrük postunda işin sürətlənməsinə və vətəndaşların rahat şəkildə gömrükdən keçməsinə birbaşa təsir edəcək. Gömrükdə quraşdırılmış proqram 24 saat vətəndaşlara xidmət edir. Sistemlə tanışlıq zamanı məlum oldu ki, oktyabr ayı üzrə Mazımçay gömrük postunda 21 mindən çox nəqliyyat vasitəsi keçib.
“Burda sərhəd keçən vətəndaşlar üçün əsas vacib olan məlumatlar...”
Gömrük postunda vətəndaşları məlumatlandırmaq üçün bukletlər çap edilib. Burda sərhəd keçən vətəndaşlar üçün əsas vacib olan məlumatlar yazılıb. Bukletdə bununla bağlı dörd cür məlumat var: Gömrük rüsumuna düşməyən, gətirilən və qeydiyyata alınan, dövriyyəsi məhdudlaşdırılmış və dövriyyəsi qadağan olunuş mallar haqqında vətəndaşlara məlumat verilir. Yaxın vaxtlarda bukletlər postlarda xüsusi quraşdırılmış yerlərdə vətəndaşlara təqdim olunacaq. Bunun Dövlət Gömrük Komitəsinin saytında elektron variantı da var.
“Hər postun GPS-i yalnız özünə məxsusdur...”
Gömrükdə nəqliyyat vasitəsinə xüsusi barkot verilir və bütün məlumatlar o barkotun içində olur. Bununla nəqliyyat vasitəsi idarə olunur. Bundan başqa gömrük postuna tez-tez daxil olan, riskli hesab edilən avtomobillərə GPS izləmə cihazları quraşdırılır. Bu cihaz vasitəsi ilə avtomobil təyinat məntəqəsinə qədər izlənilir. GPS-i quraşdırmağı həm sistem özü də göstərir, həm də gömrük əməkdaşı da bunu təyin edə bilir. Hər postun GPS-i yalnız özünə məxsusdur.
“Gürcüstandan ölkəmizə keçən turistlərdən ermənilərə məxsus suvenirlər...”
Postun müvəqqəti saxlanc anbarı ilə də tanış olduq. Burada Nazirlər Kabinetinin 305-saylı qərarına əsasən vətəndaşların ay ərzində 30 kiloqramdan artıq gətirdiyi məhsullar saxlanılır və anbarda qeydiyyatı aparılır. Əgər tez xarab olan maldırsa, üç gün vaxt verilir, yox əgər tez xarab olan mal deyilsə, dörd aya qədər müddət verilir. Dörd ay ərazində vətəndaş dövlət rüsumunu ödəməklə malını anbardan apara bilər. Anbarda müşahidələrimiz zamanı Gürcüstandan ölkəmizə keçən turistlərdən ermənilərə məxsus suvenirlər, şərablar, saxta xəritələrin də saxlandığının şahidi olduq. Əməkdaşlar bildirdilər ki, bu mallar məhv ediləcək.
“Gömrük postları nəğdsiz əməliyyatlar həyata keçirdiyi üçün...”
Gömrük psotlarında daha bir yenilik isə “Azərpoçt” MMC-nin nümayəndəliklərinin yaradılmasıdır. Bu sistem də artıq yaxın bir neçə ildə həyata keçirilib. Gömrük postları nəğdsiz əməliyyatlar həyata keçirdiyi üçün vətəndaşlar dövlət rüsumunu birbaşa poçta ödəyir və ödənişin qəbzi sənətə tikilir. İdxal nəzarət xəttində yalnız yük maşınlarının qeydiyyatı aparılır. Digər xətdə isə minik başınlarının idxal və ixracı, bundan başqa yük maşınlarının ixracı həyata keçirilir. Bu yaxında xəttdə aparılan təkmilləşdirmə işlərindən sonra avtomobillərin ayrı-ayrılıqda yerləri təyin ediləcək.
“Belə ki, gömrükdən keçmək istəyən vətəndaş onlayn şəkildə...”
Daha bir yenilik isə sıxlığın aradan qaldırıması məqsədi ilə onlayn sistemin yaradılmasıdır. Artıq təqdimatı keçirilən layihənin bu yaxında işə düşəcəyi gözlənilir. Belə ki, gömrükdən keçmək istəyən vətəndaş onlayn şəkildə qeydiyyatdan keçəcək və sərhəddə vəziyyətin necə olması ilə də tanış ola biləcək. Vətəndaş özü vaxtını təyin etdikdən sonra gömrük postuna gələrək sərhəddi keçəcək. Bu da bir daha həm vətəndaşın vaxtına qənaət edəcək, həm də gömrük postunda sıxlığın qarşısını alacaq.
İki saatlıq görüşdən sonra KİV-i nümayəndələri paytaxta yola düşüblər.
Vasif Əlihüseyn
Balakən-Bakı.
Fotolar müəllifindir.