Məhəmməd Hadi küçəsində sakinlər növbə çəkir: “İftarı burada açırıq ki, ağacları kəsməsinlər”-Reportaj-FOTOLAR, VİDEO

Məhəmməd Hadi küçəsində sakinlər növbə çəkir: “İftarı burada açırıq ki, ağacları kəsməsinlər”-Reportaj-FOTOLAR, VİDEO

Məhəmməd Hadi küçəsində sakinlər növbə çəkir: “İftarı burada açırıq ki, ağacları kəsməsinlər”-Reportaj-FOTOLAR, VİDEO

Xəbər verildiyi kimi Xətai rayonunun Məhəmməd Hadi küçəsi 99 ünvanında bir gecədə 130-dan çox ağac kəsilib.

Sakinlər işbazların gecə ərazidə işığı söndürərək “yaşıl soyqırım” törətdiyini bildirib. Qeyd olunur ki, ağacları kəsən işbazlarəslən Qazaxıstan vətəndaşları olan iki qardaşdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlamasında bildirib ki, əraziyə baxış keçirilib. Baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, iki zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, səkkiz çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Əraziyə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov da baş çəkib. Cebhe.info-nun müxbiri ağacların kəsildiyi ərazidə olub. Sakinlərin bildirdiyinə görə, Eldar Əzizov ərazidə parkın salınacağını bildirib.

Hazırda sakinlər kəsilən ağacların yerinə yeni ağaclar, tinglər əkiblər. Sakinlər ağaclığın girişinə Azərbaycan bayraqları asıblar. Ərazidə növbə çəkir, “yaşıl soyqırım”ın davam etdirilməsinə mane olmağa çalışırlar: “Oruc tutan sakinlərimiz var. İftarımızı da burada açırıq, gecə yarıyadək həyətdə otururuq ki, ağacları gəlib kəsməsinlər. Burada çoxillik ağaclar vardı. Hamısını bir gecədə insafsızcasına kəsdilər”.

“Bakının “oksigen balonu”nu məhv etmək olmaz”

Ərazidə uzun illər yaşıllıq salmış, ağaclara qulluq etmiş Hacı dayı ağacların kəsilməsindən ürək ağrısı ilə danışır: “Bir ara xəstə idim, həkim mənə təmiz havada gəzməyi tapşırmışdı. Hər gün burada yarım saat gəzirdim. Ağacların arasında dolaşırdım, əhvalım yaxşılaşırdı. Burada ağacların çoxunu mən əkmişəm. Bir gecədə bu qədər ağacı kəsmək olmaz. Bu vicdansızlıqdır! Sahibkarlıq inkişaf etsin, ancaq Bakının “oksigen balonu”nu bu cür məhv etmək olmaz. Hər binanın həyətində yaşıllıq olmalıldır. Burada yaşlılar gəzir, uşaqlar oynayır. Bu yaşıllıq toz-torpağın evlərə dolmasının qarşısını alır”.

“Köçürülmə” də düzgün aparılmayıb

Hacı dayı “yaşıl soyqırım”dan sonra bəzi ağacların “köçürülməsinə” də münasibət bildirib. Onun sözlərinə görə, bu proses də qeyri-peşəkar aparılıb: “Çoxillik ağacları buldozerlə aşırıb, başqa yerə əkdilər. Bu ayda hər əkilən ağac tutmaz. Üstəlik ağca çoxillikdirsə. Bax, beləcə “köçürmə” adı ilə ağacları məhv etdilər. Yeni ağaclar əkmişik, vaxtaşırı suvarırıq. Ancaq bunlar nə zaman böyüyüb o kəsilən ağacların yerini alacaq? Ağacları böyütmək çətindir. Buna illər və əziyyət çəkmək lazımdır. Xətai rayon İcra Hakimiyyətindən, müvafiq qurumlardan xahiş edirik ki, qalan ağacları qorumaqda bizə kömək etsinlər”.


Elman Cəfərli
Cebhe.info


Oxunma sayı: 12