MƏHKƏMƏ HAKİMİYYƏTSİZLİYİ – Kimdir günahkar: gözübağlı Femida, yoxsa…

MƏHKƏMƏ HAKİMİYYƏTSİZLİYİ – Kimdir günahkar: gözübağlı Femida, yoxsa…

Bir fərmandan əvvəl və sonrakı düşüncələr

Xalid NİYAZOV

İçəri iki nəfər daxil oldu. Geyimi-kecimi yerində, bazburutlu. Keçib uzaq küncdəki masalardan birində əyləşdilər, çay sifariş verdilər. Tösmərək, daz başı salonun lay şüşə divarından keçən yaz Günəşinin şüalarında bərq vuran, qırmızı yanaqlarından tək yağ deyil, həm də ətrafına bir laübalıq, təşəxxüs və təkəbbür saçan qırmızısifət adamı tanıdım; yaxınlıqdakı məhkəmədə işləyirdi… bir başqa cür desək, 90-cı illərdə Aqil Abbasın yazdığı kimi… hakim maaşı alırdı.

Hiss eləyirdim ki, o da piy basmış gözünün ucuyla hərdən məni süzür və harada gördüyünü xatırlamağa çalışır. Mənsə onu çox yaxşı xatırlayırdım. Ümumiyyətlə, vicdanıyla alver edən, ləyaqətini nələrəsə qurban verən, haqq-ədaləti tapdalayıb keçən adamların cəmiyyət arasına hansı üzlə çıxdığı, arvad-uşağının, dost-aşnasının gözünün içinə necə baxdığı məndə həmişə cavabsız suallar doğurub. Belələrini zifaf gecəsi üzüqara çıxmış “gəlinə”, kişiliyin mənəvi-fizioloji rudimentinə bənzədirəm.

Yaxşı ki, dostlarla söhbətimiz də, söhbətə bəhanə olmuş çayımız da bitmişdi.

Və xəyalən Mirzə Cəlilin usta Zeynalı kimi iki dəfə yerə, bir dəfə də həmin hakimin ocaq üstündəki tava kimi qızarmış sifətinə lambırtı ilə tüpürüb bayıra çıxdım.

***
Pereat mundis et fiat justia!

Latıncadır. Təxmini tərcüməsi belədir ki, dünya məhv olsa da, ədalət bərqərar olsun.

Ölkə prezidenti İlham Əliyevin cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən islahatları vətəndaşlarda rəğbət və məmləkətin sabahından yana müəyyən ümidlərlə müşayiət olunur – söyləsək, yəqin ki, hələ az demiş olarıq. Hər şeyi birdən, özü də kökündən həll eləmək müşkül məsələdir… illah da ki, azərbaycanlı mentaliteti ilə qanun, vicdan, ədalət kimi hüquqi və mənəvi kateqoriyaların kəllə-kəlləyə gəldiyi bir məkanda.

Dövlət başçısının məhkəmə-hüquq islahatları ilə bağlı ismarıclarından sonra 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı işıq üzü gördü.

Bəzi obıvatellərin bu hadisəni bir “ilk” kimi qələmə verməsinə rəğmən ərz edək ki, ölkədə məhkəmə-hüquq islahatları, sənədin adından da göründüyü kimi, təzə başlamayıb, mabədini müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyasından götürür. Ötən 24 ildə bu təsərrüfatda həqiqətən də institusional sayıla biləcək böyük işlər görülüb; sahəvi qanunlar qəbul edilib, yeni məhkəmə binaları istifadəyə verilib, hakimlərin say keyfiyyəti artırılıb və s. və i.a.

Bəs mahiyyət necə, dəyişibmi? Məhkəmələrin işinin, hakimlərin fəaliyyətinin keyfiyyətinə necə, bu dəyişikliklər nüfuz edə bilibmi?

- Edib! – desək, riyakarlığa yol vermiş olarıq. Fərdi-merkantil maraqların göstəricisi olan kəmiyyət faktoru bu marafonda bir qayda olaraq paytaxt küçələrində qulaqlarımıza divan tutan “Formula – 1” bolidi kimi keyfiyyətə aman tanımır.

Nə qədər təəssüfedici olsa da, məmləkətin məhkəmə təsərrüfatı on-yüz minlərlə insanın dad döydüyü, qarğış tökdüyü, şikayət etdiyi ünvana çevrilib. Və bilirsinizmi bu məsələdə ən xoşagəlməz məqam nədən ibarətdir?

Üç-beş nadürüstün üzündən insanlarda bütövlükdə hakimiyyətin qollarına inamsızlıq yaranır. Həm də tək məhkəmə hakimiyyətinə deyil, həmin məhkəmələrdə tərəziyə qoyulan qanunları qəbul edən qanunverici hakimiyyətə, insanların hüquqlarını qorumağa vəzifəli olan icra hakimiyyətinə!

Ortada qazanan kimdir, itirən kim?!

Bəli, biz həmişə sözün abır-həyasına təcavüz edənləri qınamışıq, “reket jurnalist” adlandırmışıq, gen gəzmişik.

Müəllimləri “süpürgə pulu”, “şüşə pulu”, “gül pulu” yığmaqda qınamışıq.

Həkimləri insanların can sağlığını qazanc mənbəyinə çevirməkdə suçlamışıq.

Yol polisinə, həyət-bacasında yetişdirdiyi meyvə-tərəvəzi gətirib ucuz qiymətə satan kəndli qardaş-bacımıza “göz açmağa” imkan verməyən “postovoya”, kəmfürsət məmura, bir sözlə, əlindəki imkan və səlahiyyəti ilgək kimi soydaşlarının boğazına atıb çəkən hər kəsə layiq olduğu adı vermişik.

Lakin onların içərisində ən təhlükəlisi ədalət oğrularıdır. Adamın gözünün içinə baxa-baxa qanunlarla möhtəkirlik edən vicdan, şərəf, ləyaqət alverçiləridir.

Ulu öndərimiz Heydər Əliyevin peyğəmbərcəsinə söylədiyi bir kəlamı xatırlatmaq istərdim: – Dövlət inamsızlıq üzərində qurula bilər, ədalətsizlik üzərində yox!

***

Hakim danışan qanun, qanunsa lal hakimdir!

Böyük filosof və ritorik Siseronu 2100 il əvvəl bu sözləri söyləməyə hansı nədənlərin sövq etdiyi məlum deyil. Amma yaxşı ki, deyib.

Qızıl kimi sözlərdir… əyarı da üstündə. Ancaq görünür, rəhmətliyin vaxtında ədalət mühakiməsinə inam o qədər güclüymüş ki, hakimin haçansa ədalət İlahəsinin tərəzisinə kəc baxa biləcəyi, gözü bağlı xanıma “kəf gələ” biləcəyi heç kəsin ağlının ucundan belə keçmirmiş.

Aradan 21 yüzil keçib. Başqa ölkələri demirəm, özümüzdə – Azərbaycan məhkəmə sistemində, nəinki gözübağlı Femidaya və onun tərəzisinə, hətta bütövlükdə qanunlara, haqq-ədalətə, hakim etikasına, vicdan və ləyaqət kimi mənəvi-əxlaqi dəyərlərə xor baxanların sayı çoxalıb.

Heç şübhəsiz, ölkədə hüquqi islahatlar istiqamətində böyük işlər görülür. Prezidentin bu sahəyə diqqət və qayğısı barədə saatlarca danışmaq mümkündür. Məhkəmə islahatları aparılır, maddi-texniki baza gücləndirilir, hakim korpusunun peşəkarlıq səviyyəsinin artırılması üçün böyük işlər həyata keçirilir. Bütün bunlar danılmazdır.

Azərbaycan Prezidentinin son fərmanında da ölkənin hakim korpusuna bir çağırış var: “Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər”.

Unudanlara xatırladaq ki, cənab İlham Əliyev 2015-ci il noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki çıxışında da ədalət anlayışı ilə bağlı hər vaxtkı qətiyyətli mövqeyini bir daha ortaya qoymuşdu: “… məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür”.

Yəqin ki, bu qədəri yetər. Dövlət başçısı daha nə etməlidir? Ədalətli olsunlar deyə hakimləri “falaqqaya yatırmağımı” əmr etməlidir?!

Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və statistikası ilə məşğul olanlar ortaya belə bir rəqəm qoya bilərlərmi görək, Prezidentin iki çıxışı arasındakı vaxt ərzində məhkəmələrdən, hakimlərdən şikayət azalıb yoxsa artıb?

Yenə qayıdırıq fərmana. Prezidentin imzaladığı sənəd ən azından yolu bircə dəfə də olsun “ədalət sarayı”nın kandarından düşmüş, onun divarlarından ədalət umarkən “haqsızlıq zopası”na qonaq edilmiş vətəndaşlarımızın ürəyindən elə bil “yüzlük mismar” çıxartdı.

Deyilənlərə inansaq, “haqqını ver, ədalətini al” söhbətlərinin də hələlik “qulağını büküb” qoyublar bir kənara.Fərmanda Məhkəmə-Hüquq Şurasına da tövsiyələr yer alıb.

MHŞ-ın sədri F.Məmmədov Şuranın 2019-cu il 27 fevral tarixli iclasında ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ölkə prezidentinin rəhbərliyi altında ardıcıl islahatların keçirildiyini vurğulayaraq göstərmişdir ki, Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi müddət ərzində hakimlər barədə 250-dən çox intizam icraatı başlanmış, 122 hakim qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılmışdır.

Və reallığa baxdıqda sövq-təbii düşünürsən ki, atam-babam, hələ ölkədə Məhkəmə-Hüquq Şurası var, hakimlər yüz oyundan çıxır, olmasaydı, halımız necə olardı?!

Lakin şəxsi təcrübəmizdən deyə bilərik ki, bəzən Şuranın hakimlərlə bağlı şikayətlərin öyrənilməsində ortaya qoyduğu ikili standartlar və s. bəzi hakimlərə “atı düzünə minib köndələn çapmağa” imkan yaradır.

İctimaiyyət yaxşı bilir ki, Ədliyyə naziri Fikrət Məmmədov bu sahədə can qoyur. Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev hər vasitə ilə məhkəmələrdən “vətəndaş məmnuniyyətini” təmin etməyə çalışırlar. On, iyirmi, əlli, bəlkə də yüz hakim var ki, öz fəaliyyəti ilə ortaya – Bax, bu cür işləmək lazımdır və mümkündür! – nümunəsini qoya bilir.

Ancaq azdır, bir gülnən bahar olmur.

***

Audiatur et altera pars!

Bu ifadə Roma hüququnun qarşı tərəfin də dinlənilməsinin imperativliyi ilə bağlı əsas prinsipini ehtiva edir.
Nə üçün xatırladıram?

Bir kimsə yandan replika ata bilər ki, onsuz da hakimin qərarı tərəflərdən biri üçün ədalətli, digəri üşünsə ədalətsiz görünə bilər.

Heç şübhəsiz!

Təxminən Çin sofistlərinin bu fikri kimi: - Eyni alma sağlam adama şirin, xəstəyəsə acı görünə bilər.

İkicə misal çəkəcəyəm:

- O şey dahiyanədir ki, əbədidir. Əbədi olansa ədalətli olandır.

- Hakimlər yaxşı olub qanunlar pis olunca, qanunlar yaxşı olsun, hakimlər pis.

Bu dəyərli fikirlər bəndənizə məxsus deyil. Təxminən eyni vaxtlarda yaşamış insanlara – birincisi böyük italyan mütəfəkkir-filosofu D. Ferrariyə, digəri görkəmli alman dövlət xadimi O. Bismarka aiddir.

İki dəyərdən söhbət gedir: ədalət – mənəvi kateqoriyadır, qanun – ali hüquqi qüvvəyə malik normativ aktdır.
Qanun kimlərinsə mənafeyinə, puluna, mənsəbinə, “telefon hüququ”na, tapşırığına boyun əyəndə deyil, həqiqətin təntənəsinə xidmət edəndə ədalətli olur.

Bəli, vətəndaş məhkəmə salonundan narazı gedə bilər. Ancaq o, hakimin verdiyi qərarın yeganə düzgün və ədalətli qərar olduğuna daxilən də olsa inanmalıdır.

İnanırmı?

Cavabını hələ də “ədalət sarayı”na çevirə bilmədiyimiz məhkəmə binalarının qarşısında tapmaq mümkündür.

***

Suyun lal axanı, hakimin yerə baxanı…

İxtisasca həm də hüquqşünas olduğumdan bəzən maraqlı görünən işlərlə tanış olmaq imkanını qaçırmıram.
Məsələn, adi bir nümunə. Ötən ilin sonlarında D.H. Bağırova adlı bir şəxs L.Z.Məmmədzadə adlı vətəndaş barədə Səbail Rayon Məhkəməsinə uydurma iddialarla xüsusi ittiham qaydasında şikayətlə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, mübahisə lombard münaqişəsi əsasında yaranmışdır; belə ki, şikayətçi qarşı tərəfin lombarda girov qismində qoyduğu əmlakı qanuna zidd olaraq talan etməklə məşğul imiş.

Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməklə şikayətin geri qaytarılması barədə qərar çıxarmışdır.
Tərəf bir daha şikayət vermiş və bu dəfə də məhkəmə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb cəza təyin edilməsi barədə D.H.Bağırovanın xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarmışdır.
Şikayətçi Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti vermiş və iş Bakı Apelyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun icraatına qəbul olunmuşdur.

Bununla da hər gün məhkəmələrdə müşahidə edilən tragikomediya bu dəfə həmin hakimin “rejissorluğu” ilə səhnələşdirildi. Lakin kifayət qədər köntöy, pinəçicəsinə, meydan oxuyacaq qədər açıq-aşkar qanunsuzluqlarla.

L.Z.Məmmədzadənin obyektiv səbəblər üzündən iclasın 3-4 gün ertələnməsi ilə bağlı teleqramına əhəmiyyət verməyən hakim H.Əhmədov israrlı şəkildə tərəfin vəkilinə zəng etdirərək prosesdə iştirakını tələb etmişdir. 22 oktyabr 2018-ci il tarixinə müəyyən edilmiş məhkəmə iclası baş tutmamışdır. Lakin hakimin hansısa maraqlar üzündən ədalətsiz qərar qəbul etmək istəyi sağlam hüquqi düşüncə və obyektiv qərar vermək kimi vəzifə borcuna o qədər güc gəlmişdir ki, vətəndaşın teleqramına, iş üzrə məhkəmə baxışında mütləq iştirak etməklə bağlı qanuni xahişinə məhəl qoymadan növbəti gün az qala təzyiq altında vəkilin məhkəmədə iştirakına nail olmuş və kifayət qədər qərəzli, tendensiyalı, maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan qərar çıxarmışdır.

Təsəvvürü belə utancvericidir; kifayət qədər hakimlik təcrübəsinə malik H.Əhmədov hansısa səbəblər üzündən 23 oktyabr 2018-ci il tarixdə işi yekunlaşdıraraq qərar qəbul etsə də, qərarın tarixini 22 oktyabr 2018-ci il olaraq göstərmişdir. Xeyr, bu texniki səhv deyildi. Hər nə qədər rüsvayçı və ağlasığmaz görünsə də, həmin fakt hakimin qərarının əvvəlcədən hazır olduğunu (- ?!) sübut edirdi.

Misal gətirdiyimiz işdə yol verilən bütün prosessual pozuntuları sadalamaqla oxucunu yormaq istəmirik. Sadəcə, sıradan bir nümunənin timsalında bəzi hakimlərin ədalət mühakiməsini necə məzhəkəyə çevirdiyini, qanunları necə təftiş etdiyini, insanları vətəndaşı olduqları ölkənin məhkəməsindən necə narazı saldıqlarını göstərmək istədik.

***

Axar su murdar götürməz!

Yəqin ki, baş verən hadisələrə bir qədər pozitiv də yanaşmaq olardı.

Artıq neçə ildir ki, ölkədə hakim korpusunun formalaşması prosesi şəffaf prosedurlar əsasında aparılır.
Hakim heyətinin təzələnməsi, gənclərə meydan verilməsi yaxşı haldır.

Bəli, hüquqa aid kitabları mütaliə eləməklə, qanunları əzbərləməklə, Türkiyədə, Avropada təcrübə keçməklə hakim olmaq mümkündür.

Amma siz də razılaşarsınız ki, həmin hakimlərə həm də ədalətli olmağı, vicdanlı olmağı, prinsipial olmağı öyrətmək gərəkdir. Həmin məziyyət və dəyərlərsə dərman-filan deyil ki, şprisə doldurub damara yeridəsən.

Heç şübhəsiz, ölkənin hakim korpusunun içərisində vicdanlı, prinsipial, qərar qəbul edərkən qanunun aliliyinə sığınan, adilliyini qoruyan, ədalətinə zaval gətirməyən, Allahını bir an belə olsun unutmayan, düzgün mövqeyi ilə adından qərar verdiyi dövlətinin başını uca edən hakimlər az deyil. İctimaiyyət onları tanıyır və hörmət edir.

Hər gün Azərbaycan məhkəmələrində minlərlə işə baxılır.

Hər gün yüzlərlə hakim Azərbaycan Respublikası adından hökm verir, qərar, qərardad, qətnamə çıxarır.
XIX əsrdə İngiltərənin baş naziri olmuş Dizraeli deyirdi ki, ədalət mühakiməsi həqiqətin hərəkətdə olan formasıdır.

Elə isə, görəsən, ölkə məhkəmələrinin çıxardığı qərarların neçə faizi həmin o həqiqətin təcəssümüdür?

Heç şübhəsiz, bu gün tutaq ki, Almaniyada, Fransada, lap elə həmin o Böyük Britaniyada sualın bu cür qoyuluşu heyrət doğurardı: necə yəni neçə faiz? Məgər məhkəmə baqqal dükanı, həqiqət və ədalət kimi bəşəri dəyərlərsə piştaxtadakı halva, yaxud mənfəətdirmi ki, qramla, faizlə ölçülsün? O ya var, ya da yoxdur!

Siz necə düşünürsünüz, VARMI?

loading...

Açar sözlər
Ilham Əliyev , Heydər Əliyev , Fikrət Məmmədov , Aqil Abbas , Ramiz Rzayev , Iman Nağıyev , Həsən Əhmədov , Xalid Niyazov , Audi , Bakı Apellyasiya Məhkəməsi , Səbail Rayon Məhkəməsi , Azərbaycan Məhkəmə Sistemi , Şəki Məhkəmə Kompleksi , Türkiyə , Azərbaycan , Bakı , Böyük Britaniya , Azərbaycan Respublikası , Almaniya , Fransa , Çin , Roma , Bismark
Siyasət xəbərləri
Azpolitika.info digər xəbərlər