“Mənim Kəlbəcərdən döyüşərək təkcə çıxmağımı ermənilərin yaydığı video da təsdiqləyir...”

“Mənim Kəlbəcərdən döyüşərək təkcə çıxmağımı ermənilərin yaydığı video da təsdiqləyir...”

“Kəlbəcərin işğalı zamanı orada döyüşmüş istənilən hərbçi ilə üzbəüz görüşüb müzakirə aparmağa hazıram...”

“Laçın alayının qərargah rəisi Rafiq Nağıyevin barəmdə dedikləri ilə heç cür razılaşa bilmərəm...”

Bu sözləri Moderator.az əməkdaşına 3-4 aprel tarixlərində saytımızda dərc olunmuş

“Kəlbəcərin Qamışlı körpüsündə bizə atəş açdılar – Qənizadə dedi ki, bizimkilərdir...”(http://www.moderator.az/news/265223.html)və “Qənizadənin briqada komandiri kimi Kəlbəcərdə təkbaşına mühasirəyə düşməsi inandırıcı görünmür..."(http://www.moderator.az/news/265353.html) başlıqlı yazılarda səsləndirilən faktlara münasibət bildirmək üçün açıqlama verən keçmiş 701 saylı I moto-atıcı briqadanın komandiri olmuş polkovnik Əzizağa Qənizadə söyləyib.

“Əvvəla, Rafiq Nağıyevin guya Laçın alayının kolonu Kəlbəcərin Qamışlı körpüsündən keçərkən sol tərəfdən atəşə tutulması zamanı mənim ona “atəş açanlar bizimkilərdir” deməyim barədə danışdıqları həqiqətə uyğun deyil. O zaman mən briqada komandiri kimi bütün əmr və göstərişləri Laçın alayının rəhmətlik komandiri Tahir Süleymanova verirdim. Qamışlıda da nə demişəmsə, T.Süleymanova demişəm, R. Nağıyevin məndən nəsə soruşmasını isə xatırlamıram... Ancaq o yadımdadır ki, Laçın alayından olanlara demişəm ki, Qamışlı körpüsünü sürətlə keçin(həmin sözü Kəlbəcərdən çıxan hər kəsə deyirdik) ki, ermənilər sizi vura bilməsin. Yəni Laçın alayını o keçiddə ermənilər atəşə tuta bilərdi... İkincisi də, mən ətrafımdakı az qüvvə ilə son imkanadək, tənha qalanadək mülki əhalinin və hərbçilərin Kəlbəcərdən çıxması üçün Qamışlı yolunu və Çiçəkli yüksəkliyini qorudum və sonda sayca və texnika baxımından güclü olan ermənilərin mühasirəsinə düşdüm. Ətrafımdakılar hamısı düşmən tərəfindən şəhid edildi. Mən isə özümü qayalıqlar arasından axan çaya atmaqla xilas ola bildim. Oradan böyük çətinliklə piyada Yanşaq kəndini və Omər aşırımını keçməklə aprelin 3-də Toğanaya gəlib çıxdım... Kimsə mənim ermənilərin mühasirəsində tənha qalıb vuruşaraq çıxmağıma inanmaya bilər. Bu, onların öz işidir... Amma mən bilirəm ki, gerçəyi deyirəm. Bunu ermənilərin Kəlbəcərin işğalı ilə bağlı video-çəkilişləri də təsdiqləyir... Terrorçu Monte Melkonyan Qamışlı körpüsünə çatanda meyitlərə baxır və soruşur ki, bəs briqada komandirinin meyiti haradadır. Ona cavab verirlər ki, komandir çaya atıldı. Həmin vaxt kamera çaya tuşlanır və Monte deyir ki, yəqin ki, o, çoxdan ölüb...”- Ə. Qənizadə belə deyib.

“Bəs əgər sizin Kəlbəcərdə sonadək vuruşmaq planınız var idisə, niyə Qamışlıdan keçən Laçın alayı və digər hərbi hissələrdən sizin yanınızda qalaraq döyüşməyi tələb etmirdiniz?” sualını isə keçmiş briqada komandiri belə cavablandırıb:


“Bilirsiz, o vaxt çox gərgin və ziddiyyətli vəziyyət yaranmışdı. Mən Qamışlı körpüsü yaxınlığında mövqe tutmaqla Kəlbəcərdən çıxan mülki əhalinin və hərbi qüvvələrin salamat çıxmasını təmin etməyi üzərimə götürmüşdüm. Martın 30-da artıq korpus komandiri Nəcməddin Sadıqovun əmri ilə komandiri olduğum 701-ci briqadanın heyəti mühasirədə qaldığı üçün Laçının şimalı və Kəlbəcər ərazilərindən çıxarılmalı idi. Mən Qamışlı körpüsündən keçən qüvvələrə, o cümlədən Laçın alayına döyüşmək və ya əksinə, ərazini tamamilə tərk etmək əmri verə bilməzdim. Biz, sadəcə, hərbi qüvvələrin təhlükəsiz əraziyə çıxmalarını təmin etməli idik. Və onlar orada özlərinə gəldikdən sonra növbəti əmri gözləməli idilər. İkincisi də mühasirədən çıxanlar, o cümlədən Laçın alayı elə bir vəziyyətdə(sayca az, ac-susuz, yorğun, sursatları tükənmiş və s.) çıxırdılar ki, onları döyüşə yollamaq da düzgün deyildi...”


Sonda Ə. Qənizadə bildirib ki, Kəlbəcərin işğalı zamanı baş verənlər barədə həmin döyüşlərdə iştirak etmiş istənilən hərbçi ilə, o cümlədən Laçın alayının döyüşçüləri, eləcə də Laçın alayının keçmiş qərargah rəisi Rafiq Nağıyevlə istənilən vaxt üzbəüz görüşərək qaranlıq məqamları aydınlaşdırmaq üçün müzakirələr aparmağa hazırdır.


Sultan Laçın


Açar sözlər
Tahir Süleymanov , Nəcməddin Sadıqov , Sultan Laçın , Monte Melkonyan , Əzizağa Qənizadə , Rafiq Nağıyev , Laçın , Kəlbəcər
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər