"Bu gün dünyada ekstremist qruplar faciələr terrorlar törətməkdə davam edir. Bunların qarşısını almaq bəşəriyyətin qarşısında dayanan bir nömrəli məsələdir".
Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Komitə, Avropa İttifaqının Bakı ofisi və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə,
BMT səviyyəsində qlobal problemlər müəyyən edilib. Bunlar arasında ətraf mühitin mühafizəsi, müharibə, qida çatışmazlığı, demoqrafik problemlələrlə yanaşı dinlərarası toqquşma ilə bağlı terrorlar da yer alır:
"Müxtəlif dinlərin, mədəniyyətlərin birgə yaşayışına nümunə ola biləcək dövlətlərə nümunə kimi Azərbaycanı göstərmək olar. Azərbaycanda multikultural mühit hökm sürür. Azərbaycan Prezidentinin siyasətində də multikultural dəyərlər ciddi şəkildə mühafizə olunur. Bizim Komitə, Qafqaz Müsəlmanları İdarəsi, ölkəmizdəki müxtəlif dini konfessiyalar da bu siyasəti yerinə yetiririk. Bizim ölkədə müsəlmanlarla yanaşı xristianlığın, yəhudilərin ayrı-ayrı icmaları birgə yaşayır. Ümumilikdə ölkəmizdə 32 dini icma fəaliyyət göstərir. Bu olduqca əhəmiyyətlidir, ölkəmizdə vicdan azadlığı, dini azadlıq qorunur. Azərbaycan tarixində heç vaxt dini qarşıdurma, toqquşma qeydə alınmayıb. Bu gün də Azərbaycan tolerant, multikultural mühitini ölkə xaricində də geniş təbliğ edir.
Sivilizasiyalar arasındakı toqquşmanı din adamları, siyasətçilər, alimlər birgə ala bilərlər. Əks halda bunun 7,7 milyard əhalisi olan dünya üçün acınacaqlı nəticəsi olacaq. İlk növbədə səbəblər araşdırılmalıdır. Əminik ki, bu cür konfransları bundan sonra da geniş şəkildə davam etdirəcəyik".
Günay Elşadqızı / METBUAT.AZ