Müəllim ucalıq deməkdir...

Müəllim ucalıq deməkdir...


Deyəsən Məhəmməd peyğəmbərin sözüdür: Mənə bir hərf öyrədənin köləsi olaram. Bu ölməz sözlər Islam dünyasında müəllim əməyinin necə yüksəsk qiymətləndirilməsinin ən gözəl göstərgəsidir.


Söz yox ki, dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir...


Ancaq müəllimlik bütün bu peşələrin fövqündə dayanan ən ali peşədir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.


Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. Insan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. insanlar öyrənə-öyrənə kamilləşmiş, təbiətin sirlərinə yiyələnərək onu ram etmiş, yeni-yeni kəşflərlə öz həyatlarını yüngüliəşdirmişlər.


Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, «ana» kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın kəşməkəşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik. Sevimli müəllimlərimiz bizə şifahi xalq yaradıcılığının, dastanlarımızın ruhunu aşılayıblar, eləcə də yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin - Nizaminin, Füzulinin, M.Ə.Sabirin, S.Vurğunun, C.Məmmədquluzadənin, H.Cavidin əsərlərinin incəliklərini öyrədiblər. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.


Əlbəttə, bütün bunlar ani olaraq baş vermir, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Müəllim adının şərəfini qoruyanlardan biri də Tovuz rayon qovlar qəsəbəsindəki internat məktəbin direktoru Eldar Hümbətovdur. Eldar müəllim müəllim adının ali mahiyyətini dərk edən insanlardandır. Eldar müəllim təkcə öz evində vətənə, millətə layiq 3 övlad böyüdüb. Onlardan ikisi Azərbaycan ordusunun zabitidir. Eldar müəllimin müəllim əməyini mən bağban əməyi ilə müqayisə edərdim. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, Eldar müəllim də öz yetirmələrinin xoş sorağını alanda qəlbi sevincdən dağa dönür. Eldar müəllim ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açır. Bu vaxt xoş onun xatirələri sanki göz önündə canlanır. Yetirmələrinin uğurları müəllimə sanki yeni güc verir, onları daha şövqlə işləməyə ruhlandırır.


Ölməz Mirzə Cəlil sözüdür. Yumurtanın dadını bilmək üçün toyuq olmaq gərəkməz. O, mənada mən müəllim ailəsində dünyaya gəlmişəm, müəllim çörəyi ilə böyümüşəm.Özüm müəllim olmasam da müəllim adının dəyərini yaxşı bilirəm. Qəlbimdə həmişə müəllimlərə alayı bir sevgim olub. Göydə Allahı yerdə müəllimi bilmişəm. İndi qoynundan büllüten çıxan müəllimləri, fidan körpələrin göyərçin əllərini rüşvətə öyrədib onlardan süpürgəpulu, təbaşirpulu yığan müəllimləri gördükcə heyrətə gəlirəm. Müəllim adını ucuz qalma-qallara çəkib ekranlara, efirlərə daşıyanlara səslənirəm bəsdirin! Oynamayın bu adın şərəfinnən. Alver etməyin bu müqəddəs adın altında.Son vaxtlar eşidirəm ki, Eldar müəllimin də adını bu cür ucuz şoulara qoşmaq eşqinə düşənlər var. Nə qədər ki, gec deyil daşınsınlar bu fikirlərindən. Od olsalar özlərini yandırarlar.


Düşünürəm ki, Eldar Hümbətov bu gün yorulmadan öz müqəddəs borcunu şərəflə davam etdirir, xalqımıza, millətimizə, dövlətimizə layiq gələcək nəsil yetişdirir. Bunun üçün onda möhkəm, tükənməz enerji, bilik, sağlamlıq, bacarıq, səbr, iradə vardır. Hələ neçə-neçə nəsil Eldar Hümbətovun məktəbindən həyata vəsiqə alacaq, xalqına,dövlətinə layiqli övlad olacaq.


H. Bayramoğlu

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər