“Muğamımızı dünyanın beş qitəsində təbliğ etmişəm...”

Xalq artisti Teymur Mustafayevin ötən həftə 80 yaşı tamam oldu. Artıq altmış ildir ki, professional səhnədə olan xanəndə özünün sənət yolu haqqında
Moderator.az-a danışıb. T.Mustafayev bildirib ki, onun sənət sahəsində etdikləri dövlət və xalq üçündür:“Səksən yaşımı qeyd etdim. Şükür ki, hər şey öz qaydasındadır. Bütün bölgələr mənim üçün əzizdir, amma Cəlilabad tam başqadır. Çünki mən orda doğulub boya-başa çatmışam. Nə qədər şəhərdə yaşasam da, heç olmasa ayda və ya iki ayda bir dəfə rayona gedib oraları gəzməsəm, darıxıram. Bu gün Cəlilabadın çox böyük nümayəndələri var ki, onlar Bakı şəhərində fəaliyyət göstərirlər.
Oğlum, 1949-cu ildən 1959-cu ilə qədər muğam sənətiylə bağlı təhsil aldım. Artıq altmış ildir ki, professional səhnədəyəm. Muğamlarımızın, təsniflərimizin, xalq mahnılarımızın demək olar ki, qarovulçuluğun edib qoruyub saxlamışam. Dünyanın beş qitəsində muğamımızı təbliğ etmişəm. İndi yol gənclərindir”.
Vasif Əlihüseyn