“Müharibənin ağrıları var canımda...”- Sarı çimərliyindən-Reportaj, FOTOLAR

Yay fəsli gəldiyindən insanların istirahət üçün üz tutduğu yerlərdən biri də çimərliklərdir. İnsanlar şəhərin səsindən-küyündən qaçıb dənizdə çimərək istirahət edirlər. Cənub bölgəsinin sakinləri əsasən Lənkəran rayonunda yerləşən çimərliklərə üz tuturlar.
“Sarı qəsəbəsinin sakinləri əsasən balıqçılıqla məşğul olur...”
Lənkəranın Sarı qəsəbəsindəki çimərliyə paytaxt Bakıdan, bölgələrimizdən və hətta Rusiyada yaşayan soydaşlarımız da vətənə gələrkən üz tutur. Elə biz də bu gün yaxınların dəvəti ilə adı çəkilən çimərliyə yollandıq. Sarı qəsəbəsinin sakinləri əsasən balıqçılıqla məşğul olur. Yəni burda balıqçılıqdan başqa sakinlərin elə bir məşğuliyyəti yoxdur.
Sarı qəsəbəsinin çimərliyinə çatdıqdan sonra biz də sakinlər kimi dənizdə çimməyə başladıq. Dəniz ürəyimizcə olsa da, ətrafın zibilliklərlə dolu olması bizi məyus etdi. Axı niyə biz istirahət etdiyimiz yerlərdə təmizliyə riayət etmirik?! Başqa vaxt dənizin hasarlanmasından şikayətlənirik. Buyurun, bu da sizə sahili hasarlanmamış dəniz, amma yenə də istirahət vaxtı istifadə etdiyimiz su qablarını, qida tullantılarını ətrafa tullayırıq.
Burda insanların istirahət üçün balaca yerlər tikilib ki, gün ərzində istirahət edən adam öz ailəsi ilə əyləşə bilər. Bura nəzarət edən Tunar Hüseyov deyir ki, günlük icarə haqqı 3 manatdır. Bundan başqa çimərlikdə elə bir xidmət yoxdur. Nə çay verilir, nə də başqa bir şey...
“Müharibənin ağrıları var canımda...”
Qarabağ veteranı Bəxtiyar Qürbətov hər il bura ailəsi ilə gəldiyini deyir: “Sarı çimərliyi istirahət üçün yaxşı yerdi. Xüsusən də ailəli adamlar üçün çox rahatdı. Özümüz Cəlilabad rayonunda yaşayırıq. Hər yay demək olar ki, üç-dörd dəfə bura üz tuturuq. Müharibənin ağrıları var canımda, çalışıram ki, həm burda, həm də başqa sanatoriyalarda istirahət edib. Çox sağ olsun ölkə başçımız mənə avtomobil də bağışlayıb, hara istəyirik gedib-gəlirik”.
“Bu dənizin bir özəlliyi ondan ibarətdir ki...”
Başqa bir sakin on səkkiz yaşlı Tural Filatov da bu çimərliyə üz tutan insanlardandır. Yay aylarında Bakıda işlədiyini deyən Tural çalışır ki, kəndə gələndə dənizdə də çimsin: “Hər il bura yaxınlarımızla gəlirik. Bu dənizin bir özəlliyi ondan ibarətdir ki, dərin deyil. Yüz metrəyə qədər dənizə girirsən, amma dərinə düşmürsən. Suda yaxın dostlarla oyunlar oynayıb vaxtımızı səmərəli keçirdirik. Hər dəfə Bakıdan kəndə gələndə bura gəlməsəm, olmur”.
Dənizdə təhlükəli sahələr xüsusi qurğularla işarələnib ki, kimsə belə təhlükəli yerlərə gedib həyatından olmasın. Xilasedicilərin olduğunu desələr də, amma burda nədənsə onlara rast gəlmədik. Çimdiyimiz vaxtdan bir müddət sonra sakinlər gətirdikləri azüqədən süfrə açıb bizi də dəvət etdilər. İki saatlıq istirahətdən sonra geri qayıtdıq. Vaxtınız olsa, siz də Sarı çimərliyinə üz tutun, peşman olmazsınız. Necə ki, biz peşman olmadıq.
Vasif Əlihüseyn
Fotolar müəllifindir.