“Münaqişə tərəfi Azərbaycan: həqiqətlər və reallıqlar” adlı layihənin icrasına başlanıldı FOTO

“Münaqişə tərəfi Azərbaycan: həqiqətlər və reallıqlar” adlı layihənin icrasına başlanıldı FOTO

"İRƏLİ" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Şurası ilə birliyin əsas prioritet istiqamətlərindən olan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan tərəfinin mövqeyinin möhkəmləndirilməsi üçün "Münaqişə tərəfi Azərbaycan: həqiqətlər və reallıqlar" adlı layihəsinin icrasına başlayıb. SİA-nın məlumatına görə, layihə çərçivəsində keçirilən dəyirmi masada ictimai birliyin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, 10-dan çox ölkənin 20-yə yaxın KİV nümayəndələri, bloqqerlər və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən "İRƏLİ" İctimai Birliyinin sədri M. Seyidov qonaqları salamlayaraq, bu layihənin Dağlıq Qarabağ münaqişəsində baş verən reallıqları beynəlxalq aləmə çatdırmaq məqsədilə təşkil olunduğunu bildirib. O, Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verib, müxtəlif ölkələrin media mənsublarına Ermənistanın təcavüzü, Azərbaycana qarşı törədilmiş cinayətlər barədə danışıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qonaqların bir neçə saat sonra Prezident Administrasiyasında qəbul ediləcəyini, orada daha ətraflı söhbətlər aparılacağını deyib. O, layihənin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün önəmli olduğunu qeyd edib. Xarici jurnalistlərin bu həqiqətləri öz ölkələrində danışacaqlarını, araşdırmalar aparacaqlarını, ölkəmizdəki gənclər təşkilatları ilə mütamadi əməkdaşlıq edəcəklərini deyib.

Sektor müdiri xarici qonaqlara Azərbaycanın inkişafı, Ermənistanın ölkəmizə təcavüzü haqda məlumat verib.

Tədbirdə bildirilib ki, Azərbaycan tolerant, çoxmillətli ölkədir. Burada məscidlərlə yanaşı, kilsələr və digər millətlərin ibadət yerləri var. Ölkəmizdə multikulturalizm inkişaf edib.

Qeyd olunub ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib, insanlarımız doğma yurdlarından didərgin düşüblər. Ermənistan Azərbaycana qarşı soyqırımı siyasəti həyata keçirib və Xocalıda azərbaycanlılara qarşı böyük faciə törədilib.

Hazırda təmas xəttində Ermənistan tərəfinin snayperlərlə Azərbaycan uşaqlarını vurduğu, danışıqları daima pozduğu vurğulanıb.

Daha sonra xarici jurnalistlər fikirlərini bildirərək, reallıqlarla tanış olmaq üçün layihənin önəmliliyini qeyd ediblər. Avropanın və Asiyanın bir çox ölkələrindən iştirak edən mətbuat nümayəndələri öncədən Dağlıq Qarabağ münaqişəsi haqqında olan araşdırmaları haqda danışıb, Azərbaycan rəsmilərinə suallarını ünvanlayıblar.

Qeyd edək ki, ölkəmizdə səfərdə olan xarici mətbuat nümayəndələrinin Azərbaycanın mövcud həqiqətləri və reallıqları haqqında daha geniş məlumat alması məqsədi ilə müxtəlif dövlət qurumlarının səlahiyyətli şəxsləri, dövlət rəsmiləri ilə birgə görüşlərinin keçirilməsi, qaçqın və məcburi köçkünlərin ziyarət edilməsi, Azərbaycanın gənc jurnalistikasında bu mövzunu araşdıran jurnalistlərlə körpü tədbirlərin hazırlanması planlaşdırılır.

Siyasət xəbərləri
Sia.az digər xəbərlər