Mürəkkəb Pakistan “bazarı”: Müttəfiq ölkə geosiyasi seçim qarşısında – ANALİZ

Mürəkkəb Pakistan “bazarı”: Müttəfiq ölkə geosiyasi seçim qarşısında – ANALİZ

Aydındır ki, sifariş böyük olacaq: müdafiə məhsullarının əhəmiyyətli bir hissəsini təmin edən amerikalılar Pakistan silah bazarını tərk edib. Müqəddəs yer heç vaxt boş qalmır: İslamabad, olduqca məntiqli davranaraq, üzünü Moskvaya çevirdi. Pakistan daha öncəki illərdə Rusiyadan hansı silahları alıb və bu gün İslam Respublikasını hansı silah sistemləri maraqlandırır?

Mürəkkəb əməkdaşlıq

SSRİ və Pakistan arasında hərbi-texniki əməkdaşlıq məhdud xarakter daşıyırdı. 1950-ci illəri sonu 1960-cı illərin əvvəllərində, İslamabad tez-tez Sovet İttifaqının cənub rayonlarında kəşfiyyat tədbirlərinin keçirilməsi üçün öz hava limanlarını amerikalılar üçün açıq elan edirdi. 1960-cı ilin mayın 1- də Sverdlovsk yaxınlığında vurulan Qeri Pauersin idarə etdiyi U-2 təyyarəsi də son tapşırığa həmin bazaların birindən havalanıb. Sovet rəhbərliyi yumşaq dillə desək, bu hadisədən məmnun qalmadı: Xruşşov belə bir vəziyyət təkrarlanarsa, Pakistanı onun aviabazasını bombalamaqla hədələdi. 1966-1971-ci illərdə prezident Məhəmməd Eyyub Xan iki ölkə arasında münasibətlərini normallaşdıra bildi, ikitərəfli ticarət və mədəni əlaqələrin sayı xeyli artdı. Bu dövrdə SSRİ bir neçə yüz orta ölçülü T-54/55 tankını Pakistana satdı. Bu texnikaların təxminən 50-dən çoxu hələ də İslamabadın quru qoşunlarının ehtiyatına daxildir. Eyni zamanda, Pakistan SSRİ-dən RPQ-7 əl qumbaraatanlarının böyük partiyasını alıb.

Normal münasibətlər 1980-ci ilə qədər davam etdi. İslamabad açıq olmasa da Əfqanıstanda "şurəvi"lərə qarşı döyüşən qüvvələri siyasi və maddi cəhətdən dəstəkləyirdi. Sovet İttifaqının dağılması ilə əlaqələr yenidən bərpa olundu. 1996-cı ildən 2004-cü ilə qədər Rusiya Pakistanı, bu gün də ölkənin HHQ-nin nəqliyyat vasitələrinin əksəriyyətini təşkil edən təxminən 70 Mi-17 helikopteri ilə təchiz edib. Bundan əlavə, İslamabada kiçik həcmdə atıcı silah və piyada avadanlıqlarının satılması kimi faktlar da mövcuddur.

RD-93 aviasiya mühərriklərinin alınması üçün 2007-ci ildə bağlanan müqavilə kifayət qədər təqdirəlayiqdir. Qeyd edək ki, bu mühərriklər Çin və Pakistanın birgə istehsalı olan çoxməqsədli JF-17 "Thunder" qırıcı- bombardmançılarında istifadə olunur. Rəsmən bu mühərriklər Çinə ixrac olunur. Çinin lisenziyanı Pakistana verməsindən sonra qırıcıların tam yığımı İslamabadda həyata keçirilir. Məhz bu səbəbdən rus mühhərikləri də Pakistana satılmağa başlayıb. Beləliklə, Moskva yüzlərlə Pakistan qırıcısını mühərriklə təmin edib və etməkdə davam edir.

Hindistan aspekti

Əlbəttə ki, inkişaf edən əlaqələr Pakistanın əsas geosiyasi rəqibi və Rusiya müdafiə məhsullarının əsas alıcılarından biri olan Hindistanı sevindirə bilməzdi. 2010-cu ilin mart ayında Rusiya baş naziri Vladimir Putin Moskvanın uzunmüddətli tərəfdaşının narahatlıqlarını nəzərə alaraq, hindistanlı həmkarı Mahmoxan Sinqhə Pakistanla ciddi hərbi-texniki əməkdaşlıq qurmayacağından arxayın ola biləcəyini rəsmən elan etdi. Lakin Hindistan özünü daha da kaprizli aparmaqda davam edir.

Belə ki, rəsmi Dehli Rusiyadan silah sistemlərini almaqla kifayətlənməyərək, həmçinin Moskvaya texniki sənədlər və sənaye sirlərinin bölüşdürülməsi kimi tələblər irəli sürür. Son 6-7 il ərzində Dehli demək olar ki, özü üçün daha əlverişli şərait təmin etmək üçün təklif etdiyi şərtlərin rədd olunacağı təqdirdə, rəqib ölkələrdən oxşar məhsulları almaqla ticarət tərəfdaşlarını şantaj edir. Bu vəziyyətlə yalnız Moskva deyil, həm də Paris rastlaşıb.

2014-cü ildə Rusiya və Pakistan hərbi-texniki əməkdaşlığı bərpa etdilər və 2016-cı ildə tarixdə ilk dəfə "Dostluq-2016" adlı birgə təlimlər keçirdilər. Ötən il Moskva İslamabada dörd ədəd Mi-35 hücum helikopterini və iki ədəd Mi-171 nəqliyyat helikopterini təslim etdi. Bu müqavilələr uzunmüddətli əməkdaşlıq niyyətlərinin nümayişidir. Pakistan tərəfi artıq böyük Mi-26 nəqliyyat helikopterlərinə, artilleriya sistemlərinə, havadan müdafiə sistemlərinə və idarəolunan raketlərə daha çox maraq göstərir. Əlbəttə ki, Suriyada debüt edən rus silahları da diqqətdən kənarda qalmadı.

2016-ci ildə Moskvada Pakistan nümayəndə heyəti rusiyalı tərəfdaşları ilə keçirilən danışıqlarda çoxfunksiyalı Su-35 qırıcılarının tədarükü ilə bağlı müzakirələr apardı. Görüşün yekunlarına görə, rəsmi məlumat verilməsə də, tərəflər məhsuldar danışıqlar keçirildiyini təsdiqlədilər. Əlavə olaraq, Mi-28 hücum helikopterlərinin alınması ilə bağlı İslamabadın niyyəti haqqında şayiələr mövcud idi. Ola bilsin ki, artıq alınan Mi-35 helikopterlərini müqayisə etmək üçün Mi-28 almağı düşünürlər. Müqavilələrin geniş spektri aviasiya vasitələri alınması ilə məhdudlaşmır.

Hər halda, Rusiya faydalanır: Pakistanla əlaqələrin Hindistanla münasibətləri pozacağı inandırıcı deyil. Əksinə, rəsmi Dehli hərbi-texniki əməkdaşlıq məsələlərində daha çox uzlaşma tonunu seçəcək və bir sıra məsələlər üzrə kompromislərə gedəcək.

ABŞ embarqosu

Moskva ilə İslamabad arasındakı hərbi-texniki əməkdaşlığın genişləndirilməsinin hazırda müzakirə olunması təsadüfi deyil. Yanvarın 4-də ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauret, Vaşinqtonun Pakistana hərbi yardım və təchizatını dayandırmaq qərarını keçirdiyi brifinqdə elan etdi. Onun sözlərinə görə, İslamabad ""Taliban" və "Həqqani Şəbəkəsi" ilə mübarizə aparmaq üçün kifayət qədər səy" göstərmir.

Xatırladaq ki, daha öncə Pakistana hərbi yardımın dayandırılması üçün ABŞ prezidenti Donald Tramp açıqlama verib. O, son 15 ildə İslamabadın Vaşinqtondan 33 milyard dollar məbləğində pul aldığını vurğulayıb.

"Onlar Prezidentlərimizi axmaq yerinə qoyaraq Əfqanıstanda ovladığımız terrorçulara sığınacaq verirdilər", - deyə Ağ Evin rəhbəri özünün "Tvitter" səhifəfəsində yazıb.

ABŞ-ın embarqosu Pakistanın müdafiə qabiliyyətini ciddi şəkildə zədələyə bilər. İslamabad tank və döyüş təyyarələri üzrə təchizatını əsasən Çindən, kiçik atıcı silahları isə Avropa ölkələrindən əldə edirdi. ABŞ uzun illər Pakistanın hücum helikopterləri, zirehli personal daşıyıcıları, artilleriya, nəqliyyat təyyarələri və tank əleyhinə raketlər bazarında dominantlıq edib. Bütün bu silahların ehtiyat hissələri və sursatları tükəndikdə Pakistan bir yığın yararsız "dəmir"lə baş-başa qalaraq, qonşu Hindistanın hərbi əzələ nümayişini kədərlə izləməmək üçün təcili tədbirlər görməlidir.

Hərbi ekspert Ədalət Verdiyev

Analiz Ordu.az-a məxsusdur

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər
Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

Azərbaycanlıların Osmanlı Türkiyəsinə yardımı - Çanaqqala zəfəri

26-04-2019 15:25 - Ordu.az - Siyasət

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı və Birinci Dünya müharibəsində Osmanlı ordusunda vuruşan azərbaycanlılar” mövzusu ilə bağlı Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Genelkurmay Askeri Tarix və Strateji Etüd Arxivində apardığımız uzunmüddətli tədqiqatların yekunlarına görə, Birinci Dünya müharibəsi illərində könüllü olaraq Osmanlı ordusuna qatılan və Antantaya qarşı vuruşan, şəhid düşən və ya qazi olan azərbaycanlıları amallarına görə iki qrupa bölə bilərik:


1) Bütün İslam dünyasının xəlifəsi olan Osmanlı sultanının cihad çağırışına müsbət yanaşıb sidqi-ürəklə cihada qatılanlar;
2) Antanta ölkələrinin işğalı altında olan vətənlərini müstəmləkə rejimindən azad etmək üçün Osmanlı dövlətindən yardım uman və ona güvənən aydınlar.

“Azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakı” problemini öyrənmək üçün Başbakanlıq Osmanlı Arxivində olan bütün Çanaqqala dosyaları (təxminən 1200 portfel), ATASE arxivində Çanaqqala döyüşləri və bütövlükdə Birinci Dünya müharibəsi ilə bağlı bütün kataloqlar, Milli Savunma Bakanlığı Arxivinin 330.000 şəhidin adının yer aldığı “Şəhid Təsbit Projesi” tamamilə, 1914-cü ildən bəri bu günə qədər Türkiyədə nəşr olunan bütün qəzet və jurnallar, eyni zamanda 1914-cü ildən indiyə qədər Çanaqqala və bötövlükdə Birinci Dünya müharibəsi ilə bağlı türk dilində dərc olunan bütün elmi nəşriyyat tərəfimizdən araşdırıldı.