Musabəyovun “popkorn qəhrəmanlığı”- Züleyxa Nadir yazır

Musabəyovun “popkorn qəhrəmanlığı”- Züleyxa Nadir yazır

Deputat olmaq təkcə o demək deyil ki, həftədə üç gün Milli Məclisə gedərək iclaslarda iştirak edib, müzakirə olunan qanunlara səs verəsən. Deputat olmaq o deməkdir ki, bu millətin hər dərdinə, hər azarına şərik olasan, onun ağrılarını canında gəzdirəsən, ən azı, sənə səs verən seçicinin etimadını səlahiyyətin daxilində gördüyün işlərinlə doğruldasan. Bu, deputatın adi vətəndaşlıq borcu və birbaşa vəzifəsidi. Ki... bundan da həm özü maaş alır, həm də əhali faydalanır.

Amma bizim deputatların çoxunun vətəndaşlıq və vəzifə borcu, birbaşa səlahiyyəti daxilində gördükləri məzəli, gülməli, ağlamalı işləri zaman-zaman mətbuatın gündəminə çevrilib, sosial şəbəkələrdə müzakirə olunub. Niyə? Çünki gündəmə çevrilən, müzakirə olunan adamların cəmiyyətdə baş verən hadisələrə münasibəti xoşagələn deyil. Hər hansı bir hadisəyə, məsələyə bəzən elə reaksiya verirlər ki, adamın Mirzə Cəlil demiş, gülməkdən az qala bağırsaqları çölə çıxır, yaxud da insan elə şaqqanaq çəkir ki, gözlərindən yaş gəlir. Bir çox hallarda isə adam ağlamaq istəyir ki, yahu, nədən bu adama mandat veriblər? Milləti təhqir etməyi azmış kimi, dövlətin səlahiyyətli mandatını niyə gözdən salır?

Elə deputat da var ki, səsi çıxmır, dinmir, hətta çoxları bu adamın cibində mandat gəzdirdiyinə inanmır. Adam az qalır ki, küçədə-bacada görəndə yaxasından tutub desin ki, sən nə üçün susursan? Bəzi deputatlar da var ki, hərdən-birdən televiziya ekranından boy göstərir, hansısa siyasi hadisəyə şərh verir. Son günlərin "qəhrəmanına" çevrilən Rasim Musabəyov sonunculardandı. Cəmiyyətdə onu politoloq kimi tanıyırlar. Vəssalam! Amma bir neçə gün əvvəl onun başqa bir "məharəti" də üzə çıxıb. Sən demə bu deputat piyada gəzirmiş, yeraltı keçiddən istifadə edirmiş, ətraf mühitə qarşı olduqca həssas imiş, Bakının gözəlliyinə, küçələrin təmizliyinə xələl gəlməmək üçün "döyüşürmüş", "bakılıların və paytaxtımızın qonaqlarını sevindirmək üçün yeraltı keçidə xərclənən milyonlar dövlət vəsaitinə" hefslənirmiş. Və bütün bunları yeraltı keçiddə popkorn satan yeniyetmə oğlanı görəndən sonra facebook səhifəsində yazıb.

Rasim Musabəyovun popkorn satan yeniyetməni ittiham etməsi iki gündü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib, saytlar deputatdan yazırlar. Ki... o, bunu görməyən məmurları qınayıb, onların hara baxdığını soruşub. Nəticədə Azneft meydanı yaxınlığındakı yeraltı keçiddə popkorn satan yeniyetmə oğlanın oradan kənarlaşdırılmasına nail olub. Həmişə böyük siaysi hadisələrdən, beynəlxalq məsələlərdən danışan Rasim müəllim birdən-birə niyə ölkədaxili kiçik bir məsələyə münasibət bildirib? Bir yeniyetmənin halal zəhmətlə pul qazanması nədən onu qəzəbləndirib? Təəccüblüdür, deyilmi? Halbuki etiraz səsini keçiddə deyil, Milli Məclisdə qaldırmalıdı ki, uşaqlar küçələrdə, keçidlərdə ticarətlə məşğul olmasınlar. Məktəb yaşlı oğlanlar, qızlar təhsildən yayınmasınlar. Evdə ailə başçısı rolunda çıxış edərək qazanc dalınca qaçmasınlar. Uşaqların uşaqlığı əlindən alınmasın. Musabəyov bu məsələlərdən danışmalıdı. Həmin halların aradan qaldırılması yollarını əlaqədar qurumlarla birlikdə müzakirə etməlidi. Çarəsizlikdən yayın istisində, qışın soyuğunda ailəsinə 3-5 manat qazanca aparmaq üçün işləmək heç bir uşağın ürəyincə deyil. Hər uşaq istəyir ki, valideynlərinin himayəsində yaşasın, onların qazancı ilə böyüsün, oxusun, ali təhsil alsın.

Rasim Musabəyov o uşağın dəzgahını dağıtmaqla nifrətini nümayiş etdirib. Yenyetmə neynəyib axı? Cinayət törədib, terrorla məşğul olub? Yox. Sadəcə Musabəyovun qənaətinə görə vergidən yayınıb, elektrik enerjisindən pulsuz istifadə edib. Bu iki fakt deputatı qəzəbləndirib. Görəsən ölkənin bəzi rüşvətxor, korrupsiyaya bulaşmış məmurları elektrik enerjisinin pulunu verməyəndə, vergidən yayınanda Musabəyov nə düşünür? Cəsarəti çatıb onlara qarşı bir söz dediyi vaxt olubmu? Əminəm ki, olmayıb. Balaca bir satıcı oğlana söz deməyə nə var ki? Onu təhqir etmək də olar, malını dağıtmaq da. Hələ üstəlik facebook səhifəsində dostlarının sayının çoxalmasından yazıb qürurlanmaq da olar: "Mənə yazdığım statusdan sonra 150 nəfər dostluq üçün müraicəti edib, 300-ə qədər isə izləyici sayım artıb. Ona görə də bu ittihamlar məni darıxdırmır, narahat deyiləm". Deputat olasan, belə bir "artımdan" sevinəsən... adam bilmir nə desin. Sadəcə ayıb!

Halbuki deputat daha gözəl hərəkət sərgiləyə bilərdi. Həmin uşaqla şirin dillə danışıb, onun nədən bu işlə məşğul olduğunu soruşmalı, dərdini öyrənməli, hansı probleminin olduğu ilə maraqlanaraq kömək edəcəyinə söz verməli idi. Maddi kömək etməyi nəzərdə tutmuram. Lap tutaq ki, deputat yoldaşı Aydın Mirzazadənin də dediyi kimi ondan pop-korn alıb əlavə pul da vermiş olaydı. Amma bu, o uşağın yarasını sağaltmazdı ki?! Onun yarası məktəbdən yayınması, dərsə getməməsi, ailədəki sosial vəziyyətin acınacaqlı olmasıdı. Deputat həmin yaranın sağalmasına kömək etmək üçün düşünməli idi. Amma görünən o ki, bu cür düşünmək, bu cür ali davranış nümayiş etdirmək onun keyfiyyət göstəricisi deyil.

Musabəyov familiyasında daşıdığı bəylik statusuna yaraşmayan hərəkət edib. Demirəm Hacı Zeynalabdin Tağıyev səxavəti nümayiş etdirəydi. Sadəcə deputat kimi yox, bir azərbaycanlı kişi, ata kimi uşaqla rəftar edə bilərdi. İncitməzdi, ağrıtmazdı, az qala polis rolunda olmazdı. Doğrudu, yeraltı keçiddə, metroda, digər qapalı yerlərdə bu cür alver etmək heç də yaxşı hal deyil. Bu kimi hallar zaman-zaman aradan qaldırılıb. Demək olar ki, yox dərəcəsindədi. Bu uşaq indi istisnadır. Yəqin ki, onun orda pop-korn satması özbaşına deyil, kimlərsə icazə verib. Bəlkə Musabəyov elə bu faktdan yapışaydı, Milli Məclisin tribunasından səslənərək bir azərbaycanlı yeniyetmənin taleyindəki acınacaqlı tərəflərin araşdırılmasına çalışaydı.

Bu məsələ Musabəyov üçün kiçik görünür. Daha böyük iş hesab edərək arabir şərh verdiyi beynəlxalq məsələlər, siyasi olaylar fonunda bir ailənin problemi, bir uşağın dərdi, əzabı, əziyyəti Rasim Musabəyov üçün önəm daşımır. Önəmlisi odur ki, cənab deputat iki-üç gündü "popkorn qəhrəmanına" çevrilib. Ki... bunun sayəsində də facebook dostlarının sayı artıb. Ən önəmlisi isə odur ki, uşaq həmin ərazidən uzaqlaşdırılıb.

Çox böyük "qəhrəmanlıq" edibsiniz, afərin, Musabəyov!

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər