“Müsəlmanlar! Bəsdir, bu qədər özümüzdən bixəbər qaldığımız!..” -Rəsulzadə Məbəs günü haqqında...

Adımızı müsəlman qoyuruz, lakin islamiyyətin nə tarixindən, nə üsulundan, nə füruindən və nə də mühəssənatından xəbərimiz yoxdur...”
Ötən gecə- Rəcəb ayının 27-si Məbəs gecəsi, bu gün isə Məbəs günüdür. İslamda müqəddəs bir gündür. Bir nəzəriyyəyə görə, həmin gün Peyğəmbərin Meracı – bir gecədə Məkkədən Qüdsə, oradan Allahın dərgahına və geriyə gətirilməsi günüdür. Bu nəzəriyyə əsasən əhli -sünnə mənbələrində qeyd olunur. Lakin İmamlardan gələn rəvayətlərə əsaslanan və şiələrin üstün bildiyi digər nəzəriyyəyə görə 27 Rəcəb günü Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür... Başqa sözlə desək, “məbəs günü” İslamın zühur etdiyi gündür. İlahi vəhy, Qurani-Kərim həmin gündən etibarən Peyğəmbərə (s) nazil olmuşdur...
Islam dünyası üçün bu müqəddəs gün barədə araşdırma apararkən XX əsrdə müstəqil Azərbaycan dövlətçiliyinin banisi Məhəmmədəmin Rəsulzadənin 113 il öncə, məhz Rəcəb ayınn 17-də Məbəs günü barəsində məqalə yazmış olduğunu öyrəndim. Həmin məqaləni son dövrlərdə ilk dəfə internet mediasında təqdim edən tanınmış araşdırmaçı və tərcüməçi yazar Dilman Şahmərdanlı olub.
Qərbin ifrat təsiri altında olan bəzi ateist, dinsiz “ziyalı”, “professor” adlananlarımız belə düşünür ki, Rəsulzadə və silahdaşları da Şərqdə ilk demokratik dövlət qurduqlarından Allahdan, İslamdan uzaq olublar. Lakin faktlar tamamilə əksini deyir...
Beləliklə, istedadlı həmkarımızın 2013-cü ildə “Fakt xəbər” internet qəzetində dərc etdirdiyi M.Ə. Rəsulzadənin sözügedən məqaləsi haqdakı təhlil-yazısını bu gözəl günün səhər saatlarında nəzərinizə çatdırmağı özümə borc bilirəm. Məbəs gününüz mübarək!..

M.Ə. Rəsulzadə: “...Dini-islam kimi insaniyyətpərvər, ədalət və musavatgüstər, maarif və həqaniyyətamiz bir məslək hər cür sitayişə layiqdir...”
“Məhəmmədəmin Rəsulzadə Məbəs günü haqqında
"Müsəlmanlar! Bəsdir, bu qədər özümüzdən bixəbər qaldığımız! Bəsdir, dinimizə olan kəm etinalığımız. Dinimizə diyoram, dinimizə, o dinə ki, onun cümlə üsulu və ərkani ictimaiyyət, məhz və məhz ictimaiyyətdir"
Böyük Azərbaycan ziyalısı, AXC parlamentinin sədri Məhəmmədəmin Rəsulzadə özünün bir-çox əsərlərində dini və mənəvi dəyərləri təkid edir və xalqımızı dini dəyərlərə sadiq olmağa səsləyir. Belə dəyərli məqalələrdən biri də onun 1906-cı ildə bu gün, rəcəb ayının 27-si, “Məb`əs” bayramı, yəni İslam peyğəmbəri həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilmə günü ilə əlaqədar “İrşad” qəzetində yazdığı təbrik məqaləsidir.
Bu məqalədə üç əsas məsələyə toxunulur:
1. Məb`əs gününün əhəmiyyəti;
2. İslam Peyğəmbərinin və İslam dininin özəllikləri;
3. Azərbaycan xalqının İslam dini qarşısında vəzifəsi.
Görkəmli ziyalı ilk olaraq qeyd edir ki, bu gün, hicri-qəməri tarixi rəcəb ayının 27-dir. Rəcəb ayı hicri tarixinin yeddincisi ayıdır və İslamda məşhur üç ay olan rəcəb, şaban və ramazan aylarının ilkinidir. Rəcəb ayının daxil olması ilə İslamda müqəddəs ibadət ayları daxil olur. İslamda “rəcəbül-mürəccəb” adı ilə məşhur olan bu mübarək ay “Allah ayı” adlanır.
Müəllif ayın tarixini yada salandan sonra bu günün hansı günə təsadüf etməsinə toxunur və qeyd edir ki, bu gün müsəlman aləmində mübarək bir gündür və İslam aləmində ondan gözəl gün təsəvvür etmək çətindir. Çünki bütün islami gözəlliklər və bayramlar bu gündən etibarən yaranıb. Əgər bu gün olmasa idi, İslam və onun gətirdiyi bütün gözəlliklər də olmazdı. Demək, M. Rəsulzadə çox haqlı olaraq qeyd edir ki, “aləmi-islamiyyətdə ondan artıq, ondan müqəddəs, ondan əziz” gün yoxdur.
Bu məqalədə diqqətimi cəlb edən bir məsələ bundan ibarətdir ki, müəllif fövqəlməzhəb baxışı ilə çıxış edir, yəni, bu günü məzhəbindən asılı olmayaraq bütün müsəlmanlara aid edir ki, bu da zənnimcə dolayısı yolla İslam qardaşlığını təkid məqsədi daşıyır və müsəlmanlara xırdalıqları və fərqlilikləri kənara qoyaraq, ümumi prinsiplər ətrafında birləşmə istiqamətində əldə rəhbər tuta biləcəkləri daha bir mövzu göstərir. Buna görə də “aləmi-sünni” və “aləmi-şiə” yox, tez-tez “aləmi-islamiyyət” sözünə müraciət edir.
Sonra qeyd edir ki, bu günü əziz edən iki cəhət var. Biri kamil insan olan bizim Peyğəmbərimizin peyğəmbərliyə seçilməsi, ikincisi isə, onun gətirdiyi kamil din səbəbilə müsəlmanların cəhalət zülmətindən, nadanlıqdan aydınlığa, işığa çıxmalarıdır: “...onun üçün ki, bu gündə əqli-küll (ən kamil ağıl sahibi ― D. Ş.) olan nəbiyyi-möhtərəmimizin (hörmətli Peyğəmbərimizin ― D. Ş.) yövmi-cülusi (Peyğəmbərliyə seçilməsi günü ― D. Ş.) olub, cümlə müsəlmanların zəlam (zülmət ― D. Ş.) və heyrət (çaşqınlıq ― D. Ş.) vadisindən xilas olaraq, nuraniyyət və mərifət bağçasına keçdikləri gündür”.
Sonra bir daha dəyərli Məb`əs gününün və İslamın yaranma amilinin özəlliklərini sadalayır. Qeyd edir ki, belə bir dəyərli gündə vəhşi, qaniçən, işi-gücü qətl-qarət və eyş-işrət olan ərəblərə Allahın mərhəməti enir və Məhəmməd ibn Abdullah əleyhissəlam həzrətlərinin səbəbilə onların üzünə parlaq səhifələr açılır, onlar cəhalət vadisindən, nadanlıqdan elm və mərifət işığına yönəlirlər.
İslam ilk olaraq Ərəbistan yarımadasına gəlsə də, o, bütün bəşəriyyət üçün yaranıb. Buna görə də M. Rəsulzadə İslamın ərəblərə bəxş etdiyi başucalığını qeyd etdikdən sonra yazır ki, bu gün: “...haman gündür ki, bunda cəhalət və səfalət ucundan illər müddəti ilə gizlin olub, təcəlli etməkdən məhrum qalan nuri-həqqaniyyət (həqiqət nuru ― D. Ş.) cilvələnib, zülmətpərəst olan xəffaş təbilərə (yarasa təbiətlilərə ― Ş. H.) dünyanı daraltdı”.
İslam gəlib ki, insanların öz əlləri ilə boyunlarına saldıqları nadanlıq boyunduruqlarını açsın, onları müstəbidlərin və dünyanın qapqara zülmət içində, həqiqət günəşinin işığına məhrum qalmasını istəyənlərin başına saxta dünyalarını dar etsin, Allahın azad yaratdığı bəndələrini onların kölələyindən nicat versin.
Məhəmmədəmin Rəsulzadə sonra İslam dininin əsasının “la ilahə illallah”, yəni, Allahdan başqa pərəstişə layiq məbud yoxdur― olmasını yazır ki, bu da insanların nadanlıq ucbatından uydurduqları bütpərəstliklə daban-dabana zidd idi. Buna görə də həqiqət günəşinin parlaması ilə: “...cəhaləti-məhz və küfran olan bütpərəstlik fəsxinə (məhv edilməsinə ― D. Ş.) hökmü-ilahi (ilahi hökm― D. Ş.) sadir oldu”.
Rəsulzadə cənabları bu gündə ərsəyə gəlmiş müqəddəs İslamı ümumbəşəri bir din sayır, deyir ki, bu din malik olduğu gözəlliklər səbəbilə bütün insanlar və insanlıq üçün önəmlidir: “İslamiyyət nöqteyi-nəzərindən bu günün nə qədər heysiyyəti varsa, insaniyyət nöqteyi-nəzərindən də bir o qədər var və bəlkə daha da artıqdır”.

Müəllif qeyd edir ki, İslam dinini və onun ardıcıllarında qoyduğu müsbət təsirləri kimsə inkar edə bilməz, çünki həqiqət ortadadır. İstəyən ərəblərin və İslama inanmış digər xalqlardan olan müsəlmanların İslamdan əvvəlki və İslamdan sonrakı tarixini vərəqləsin. Tarix şahiddir ki, İslam dini, nəinki müsəlmanların, hətta bəzən bu dinə qəzəblə yanaşan yəhudilik və məsihiliyin də inkişafına səbəb olub. Qəribədir ki, bəzi xristian araşdırmaçıları İslamın xristianlığın mövcudiyyətini qoruyub saxlamasını qeyd edirlər. Çünki İslamın ana kitabı olan Qurani-kərimdə və hədislərdə xristianlıqla bağlı çoxlu sayda ayələr və hədislər var.
Sonra M. Rəsulzadə bir daha bu günün əhəmiyyətini yada salır: “Bu gün aləmi-insaniyyətdə öylə bir müəzzəm günlərdəndir ki, onun misli tarixlərdə az-az tapılar, bəlkə də heç tapılmaz.” Və yenə də fikrini əsaslandırmaq üçün tarixi həqiqətləri oxucunun yadına salır və onu İslamdan əvvəlki dünya ilə, ondan sonrakı dünyanı müqayisə etməyini istəyir. Göstərir ki, bu din: “Başdan-ayağa qərqi-istibdad və cəhalət (istibdad və cəhalətə qərq― D. Ş.) olub güzəranlarını qətl və qarət ilə keçirən, təəssüb ucundan öz doğma balasını diri-diri yerə basdıran bədəvi ərəblər”i islah edə bilmişsə, onun çox böyük qüdrəti və ilahi mənşəyi var. Buna görə də : “...dini-islam (İslam dini) kimi insaniyyətpərvər, ədalət və musavatgüstər (bərabərliyi yayan― D. Ş.), maarif və həqaniyyətamiz bir məslək” hər cür sitayişə layiqdir. Belə bir dinin rəhbəri isə Allahın insanlığa bəxş etdiyi “nadir vücud”dur.
Demək biz müsəlmanlar kamil ağıl və idrak sahibi, “nadir vücud”, (bu gündə oxunan duada qeyd edilən) “təcəlliyi-ə`zəm”― Allahın böyük cilvəsi olan həzrət Məhəmmədin gətirdiyi bəşəriyyəri zülmətlərdən aydınlığa, istibdaddan, zülmdən, ədalət və musavata dəvət edən bir dinə sahibik. Biz belə bir nemətə şükür etmişikmi, edirikmi? Biz İslam təlimlərindən düzgün bəhrələnmişikmi?
“Lakin, heyhat! O gündən başlanıb, təbliğ edilən o əmr və nəhyi-müqəddəsini (müqəddəs əmr və qadağalarını― D. Ş.) yadımızdan çıxartdığımız kimi, bu yövmi-müqəddəs və müəzzəzi də fəramuş etmişiz! (unutmuşuq― D. Ş.)”
Biz, Rəsulzadə cənablarının qeyd etdiyi kimi, İslama aid olan hər şeyi, hətta belə bir günün varlığını belə unutmuşuq. Məb`əs günü ilə bağlı hansı müsəlman ziyalılarına sual versək, əksəriyyət cavab verə bilməyəcək. Biz ya müsəlmanıq, ya da müsəlman deyilik. Əgər müsəlmanıqsa, dinimizin təlimləri ilə tanış olmaq, onun tarixini, əqidə prinsiplərini, şəriət və əxlaq məsələlərini bilməliyik. Təəssüf ki, biz bizə özümüzə aid olan heç nə yaramır. Böyük şairimiz necə də yanğı ilə yazmışdı: “İtin də dilinə hörmətimiz var, təkcə öz dilimiz yaramır bizə”. Mən də ondan ilham alaraq deyirəm:
Hər kəsin dininə hörmətimiz var,
Təkcə öz dinimiz yaramır bizə.
“Adımızı müsəlman qoyuruz, lakin islamiyyətin nə tarixindən, nə üsulundan, nə füruindən (hüquq və şəriətindən― D. Ş.) və nə də mühəssənatından (İslam əxlaqı və gözəlliklərindən― D. Ş.) xəbərimiz yoxdur”. Bizə müsəlman demək olarmı?! İslamdan xəbəri olmayan müsəlmanın təkcə adı müsəlmandır. Xristian yazıçıları öz əsərlərində, filmlərində dəfələrlə müqəddəs İncilə (Bibliya) müraciət edirlər, lakin müsəlman ziyalıları və kinorejissorları Allah tərəfindən nazil olmasına zərrəcə şühbə olmayan Qurani-Kərimə söykənməkdən utanırlar, bəzən özlərinə sığışdırmırlar. Hər bir millət öz kökü üstündə qol-budaq atır. Bizim sələflərimiz bizim kimi olmayıblar. Rəsulzadələr, hadilər, sabirlər, cavidlər, şirvanilər və başqaları, hamılıqla dinimizə öz sevgilərini ibraz ediblər və dinə inanmağı, ona uymağı özlərinə ar bilməyiblər. Onlar öz əsərlərində dini yox, dindən uzaq xurafatçı müsəlmanı tənqid ediblər. Onların əsərləri islami və mənəvi həqiqətlərlə doludur. İslamdan və ərəb-fars dilindən bir az xəbəri olanlar bunu yaxşı bilirlər.
Sonra da dinimizi tanımadığımız halda yadların anti-din təbliğatlarına uyaraq özümüzə xor baxırıq. Bir halda ki, insan azadlığının ən gözəl təminatçısı, insanı guşənişinlikdən çəkindirərək onu sosiallaşmağa, elmə və inkişafa çağıran, onu zülmdən uzaq olmağa səsləyən İslamdır: “İslamiyyət, hürriyyəti-məhz olub, hər bir əsası ictimaiyyət üzrə bina olunduğu bir zamanda (halda― D. Ş.), biz istibdadpərəst oluruz. Quran bizə “və şavirhum fi-l-əmri” (İşdə onlarla məsləhətləş― D. Ş.) buyurduqda, biz üsuli-keyfə ma yəşau (necə oldu-oldu prinsipi ― D. Ş.) dalınca gediriz. Cəmi taifələr dinimizin üsullarından olan hürriyyət və ittihadi-beynəlmiləli (beynəlxalq qardaşlıq― D. Ş.) ararkən, bizlər istibdad və nifaqı axtarıyoruz.”
Buna görə də müsəlmanların İslamdan uzaq davranışlarını əsas götürüb dini baltalamaq istəyənlər yanlışlığıa yol verirlər. Hər şeydən öncə baxmaq lazımdır ki, müsəlmanların davranışlarını İslam təsdiq edirmi, İslamda belə şeylər varmı?
Nə etməli?
“Müsəlmanlar! Bəsdir, bu qədər özümüzdən bixəbər qaldığımız! Bəsdir, dinimizə olan kəm etinalığımız. Dinimizə diyoram, dinimizə, o dinə ki, onun cümlə üsulu və ərkani (əsasları― D. Ş.) ictimaiyyət, məhz və məhz ictimaiyyətdir”.
Axırda görkəmli ictimai xadim M. Rəsulzadə çox gözəl bir təklif edir ki, mən də həmin təklifə qoşulur və müsəlmanları Rəsulzadənin arzusunu gerçəkləşdirməyə çağırıram:
“Hər bir müsəlman gərək bu gündə tətili-əşğal (işləməyi tərk― D. Ş.) edib, istər islamiyyət, istər insaniyyət naminə bayram eləsin!”
“...İrşad qəzeti heyəti-təhririyyəsi (redaksiya heyəti― D. Ş.) tərəfindən cümlə qareini-kiramini (əziz oxucuları― D. Ş.) bu yövmi-məsud (xoşbəxt gün münasibəti) ilə səmimi qəlbdən təbrik edib, xətmi-kəlam ediyoram.” İrşad, № 208, 4 sentyabr 1906.
Dilman Şahmərdanlı”
Təqdim etdi: Sultan Laçın