Müxalifətdə yeni blok yaranır: Bu dəfə kimlər var?


Müxalifətdə yeni blok yaranır: Bu dəfə kimlər var?

Ölkənin siyasi mühitində fəallaşma müşahidə olunur.

Son aylar bir sıra yeni təşkilat və hərəkatlar yaranıb. Yeni yaranan qurumlar daha çox qalmaqallarla gündəmə gəlir. Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatında (AXH) da qısa zamanda qalmaqal yaşandı və hazırda təşkilat faktiki olaraq iki hissəyə parçalanıb. AXH-dən əvvəl yaranan Qarabağ Komitəsi də qalmaqallardan uzaq qala bilmədi. Amma Qarabağ Komitəsi siyasi təşkilat olmadığı üçün orada baş verənlər bir qədər siyasi gündəmdən kənar qaldı.

İndi isə yeni təşkilatın yaranacağı ilə bağlı məlumatlar yayılmağa başlayıb. Hələlik hansı adda, hansı istiqamətdə fəaliyyət göstərəcəyi, necə təşkilatlanacağı bəlli olmasa da, yeni qurumda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadənin təmsil olacağı deyilir. İlkin məlumat ondan ibarətdir ki, yeni yaradılacaq təşkilat fərqli siyasi xətt tutacaq. Birliyin yaranması ilə bağlı danışıqlar davam etdirilir.

Hər iki təşəbbüskarın ilkin münasibəti bəllidir. İqbal Ağazadə bildirib ki, yeni yaranacaq hərəkat hakimiyyətə gəlmək üçün deyil, cəmiyyətin demokratikləşməsinə yönəlik mübarizə aparacaq:

“Hələlik yeni yaranacaq hərəkatın adı ilə bağlı konkret fikir bildirmək istəmirik. Bu quruma digər partiyaların da qoşulması ilə bağlı danışıqlar gedir. Qapımız bütün partiyaların üzünə açıqdır. Bura AXH də, Milli Şura da qoşula bilər”.

Yeni yaranacaq təşkilatın siyasi istiqaməti, məqsədi və məramı haqqında ADP sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlama verib.

“Bu birlikdə təkcə Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyası deyil, başqa yeni qüvvələr də var. Bu, bir qədər geniş blok olacaq. Hesab edirik ki, bu günə qədər Azərbaycanda olan siyasi bloklar kifayət qədər iş aparıb. Tərəfdarları, xalqdan dəstəyi də məlumdur. Bu blokları dəstəkləməyən siyasilər, əhali var, biz də onları birləşdirən blok yaratmaq qərarına gəldik. Demokratik seçki, islahat tərəfdarları və sair insanlar bu blokda birləşəcək. İlk ideyanı dəstəkləyən insanlar bu blok ətrafında təşkilatlanacaq”,-deyə S.Cəlaloğlu yeni təşkilatın ilkin məqsədlərini bu cür şərh edib.

ADP sədri, həmçinin bu blokun cəmiyyətin tələb və təklifi ilə meydana gəldiyini deyib:

“Yaranacaq hərəkatın əsas ideyalarından biri də öz fəaliyyətini əsas etibarı ilə dövlətin suverenlik və müstəqilliyinin qorunmasına hesablanıb. Hələlik hərəkatın formalaşması ətrafında işlər gedir, ola bilsin ki, gələcəkdə daha da inkişaf edəcək. Biz elə addımlar atmalıyıq ki, xarici qüvvələr ölkəmizin daxili işlərinə müdaxilə edə bilməsin”.

Sərdar Cəlaloğlu təsis olunmasında birbaşa iştirak etdiyi Azərbaycan Xalq Hərəkatından ayrılmasını, AXH-na alternativ siyasi blokun yaranmasını zəruri edən amillərə də aydınlıq gətirib. Bildirib ki, Azərbaycan Xalq Hərəkatında da ilk ideya yeni blokun yaranmasını zəruri edən səbəblər idi:

“Amma sonradan bu birlik öz qəbul etdiyi qərarları pozdu. Gedib çayxanada İdarə Heyəti yaratdılar. Ona görə də mən Azərbaycan Xalq Hərəkatını tərk etdim. Düşündük ki, ilk addımda verilən qərar əgər bu şəkildə pozulursa, bu, gələcəkdə də ciddi problemlər yaradacaq. Təəssüf ki, düşündüklərimiz özünü doğrultdu. AXH-nın yaranmasından heç bir ay keçmədi, çayxanada İdarə Heyəti yaradanlar bir-birindən ayrıldılar və hərəkat parçalandı. Biz də prosesi başqa cür nəzarət altına ala bilməzdik. Çünki təşəbbüs başqa məqama gəlib çatmışdı və biz də bunu dəstəkləyirdik. Ona görə də düşündük ki, mane olmayaq, öz bildikləri yolla getsinlər. İsgəndər Həmidov indi də deyir ki, İdarə Heyətində təmsil olunun, amma AXH-nın xalqı birləşdirəcəyi inandırıcı deyil. Özü parçalanan bir təşkilatın xalqı birləşdirməsi absurddur.

Belə düşünürəm ki, nəzərdə tutulan bu ideya maraqlara cavab vermir. Ona görə də yeni bir yol seçmişik, burada da qeyri-adi heç bir şey yoxdur. Bu təşkilatda Azərbaycan Xalq Hərəkatına, digər partiya, blok və təşkilatlara dəstək verməyən kəsimi birləşdirəcəyik”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 144