Müxalifətin mitinq keçirməsinə 8-ci dəfə icazə verilməyib

Müxalifətin mitinq keçirməsinə 8-ci dəfə icazə verilməyib

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 5-də və 11-də "Məhsul" stadionunda mitinq keçirməsinə icazə verməyib

Bu barədə DQMŞ-nin Koordinasiya Mərkəzinin üzvü İlham Hüseyn bildirib.

Onun sözlərinə görə, meriya 19 yanvar mitinqində qanun pozuntularına istinad edərək, aksiya keçirilməsini "məqsədəuyğun" görməyib.

Hüseyn qeyd edib ki, aksiyanın "Siyasi məhbuslara azadlıq!", "Talana yox!" şüarları altında, ölkədən qanunsuz çıxarılmış pul vəsaitlərinin qaytarılması tələbi ilə keçirilməsi planlaşdırılırdı.

Hakimiyyətin imtinasını şərh edən Hüseyn bunu hakimiyyət daxilində anlaşılmazlığın, bəyan edilən islahatların uğursuzluğunun göstəricisi adlandırıb. "Hakimiyyət artıq 8-ci dəfədir müxalifətin mitinq keçirməsinə icazə vermir. Bu, Avropa Şurası qarşısında toplaşmaq azadlığının təmin edilməsi öhdəliklərinin pozulması deməkdir. Əlbəttə, biz məhkəməyə müraciət edəcəyik, məsələ ədalətli həllini tapmasa işi Strasburq Məhkəməsinə qədər aparacağıq", deyə Hüseyn bildirib.

pia.az