Nazirdən xalqa “danışın, mövqeyinizi bildirin” mesajı

Nazirdən xalqa “danışın, mövqeyinizi bildirin” mesajı

Aprelin 30-da Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistana gedəcək. Medvedevin İrəvan səfərini zəruri edən səbəblər açıqlanmır. Amma 2016-cı ilin aprelini xatırladıqda bəzi ehtimallar söyləmək olar.


Düz üç il əvvəl, dörd günlük döyüşlərdə ağır zərbə alandan sonra Rusiyadan alman kanslerə şikayət edən Ermənistan rəhbərliyini sakitləşdirməyə məhz Medvedev getmişdi. O vaxt Qarabağla bağlı “həll yolunu” belə göstərmişdi: “Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin”.


Aprelin 15-də Moskvada keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra “Medvedev planı” yenidən aktuallaşdı. Humanitar əlaqələrin yaradılması, xalqların sülhə hazırlanması, üstəlik jurnalistlərin qarşılıqlı səfərləri barədə razılaşma münaqişənin dondurulmuş vəziyyətdə qalmasını özündə ehtiva edir. Yəni bütün bunlar bərabərdir “Belə qalsın, qan tökülməsin”ə. Belə qalması da Qarabağın qoparılması deməkdir...


Deməli, Rusiya baş naziri Ermənistanı məmnun edən anlaşmadan sonra növbəti dəfə bu ölkəyə getməklə vədinə əməl etdiyini xatırlamış olacaq. Medvedevin Ermənistan səfəri şübhəsiz ki, Putin-Paşinyan görüşünə hazırlıq məqsədi daşıyacaq. Rəsmi məlumata görə, mayın 29-da Qazaxıstanda Putinlə Paşinyanın görüşü keçiriləcək. Bu görüş ermənilərə çox lazımdır. Çünki ötən il Putin Paşinyanla dəfələrlə görüşsə də, onu təbrik etmədi. Hansı ki, həbsdə olan Robert Köçəryana həm ad günü, həm də yeni il təbriki yollamışdı. Bunları nəzərə aldıqda Moskva-İrəvan münasibətlərinin bərbad olduğunu təxmin etmək olar.


Belə bir durum Azərbaycana şans yaradır. Bakı-Moskva münasibətləri normaldır, iki qonşu ölkə bir sıra formatlarda əməkdaşlıq edir, üstəlik, qardaş Türkiyə ilə Rusiyanın münasibətləri ermənilərin xeyrinə deyil. Deməli, daha çevik davranmaqla cəbhə xəttində də üstünlük əldə etmək imkanı yaranır...


Lakin bu məqamda Moskvadakı anlaşma çoxlarını xəyal qırıqlığına uğradıb. Nə oldu ki, Moskva görüşündən sonra “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq” deyən Elmar Məmmədyarov az sonra fərqli mövqe sərgilədi?


Təxmin etmək olar ki, Azərbaycan rəhbərliyi məhz indiki şəraitdə, Avropa Birliyi ilə tərəfdaşlıq sazişinin imzalanmasına sayılı günlər qalmışkən cəbhədə hərarətin artmasını istəməyib. Ermənistan və onun havadarları isə bunu çox istəyirlər. Hətta Moskva görüşü öncəsi David Tonoyan Gədəbəylə sərhəddə gəlib Başkənd tərəflərə boylanmışdı...


Məntiqlə indiki durumda Azərbaycan rəhbərliyi cəbhədə gərginliyin yaranmasında maraqlı olmamalıdır. Ötən il ABŞ kəşfiyyatı yaz-yay aylarında Qarabağ müharibəsinin başlaya biləcəyi haqda xəbərdarlıq etmişdi. Bu, həm də rəsmi Bakının Avropa ilə əməkdaşlığının önünü kəsmək istəyənlərin cəhdləri ilə bağlı təxmin idi. Odur ki, Məmmədyarovu çox da qınamağa dəyməz. Diqqət edin, XİN rəhbəri Rusiyadan dönəndən sonra Varşavaya səfər etdi və ölkəmizin Avropa Birliyi ilə bağlı mövqeyini bu şəkildə ifadə etdi: “Rəsmi Bakı və Brüssel qarşılıqlı faydalı razılığa gəlməlidir”.


Deməli, Bakı üçün hazırda prioritet Avropa Birliyi ilə imzalanması nəzərdə tutulan sazişdir. İstisna deyil ki, Qarabağla bağlı yumşaq davranış həm də buna hesablanıb. Məmmədyarov məcburən hansısa jurnalisti Ermənistana, yaxud Qarabağa aparmayacaq ki. Düşmən çox istərdi ki, Azərbaycan sülh danışıqlarından çəkilsin, meydan ona qalsın.


Bir müddət öncə prezident “müharibə bitməyib” dedi, müdafiə naziri isə “savaş başlasa, Tonoyanla İrəvanda görüşəcəyik” söylədi. Deməli, XİN başçısı bu kursdan kənara çıxa bilməz. Bəli, biz danışıq tərəfdarıyıq, amma silahımızı da yerə qoymamışıq.


Məncə, Elmar Məmmədyarov son addımı ilə ölkə ictimaiyyətinə diplomatik şəkildə “danışın, mövqeyinizi bildirin” mesajını verib. Azərbaycan xalqının səsinin eşidilməsi indiki həssas dövrdə hakimiyyətə çox lazımdır. Bağlı qapılar arxasında hansısa təzyiqlərin olması da mümkündür. Bunu hətta bir neçə il əvvəl ölkə rəhbəri də söyləmişdi.


Bu mənada cəmiyyətin etirazları, savaş ritorikası həm də hökumətimiz, danışıqlarda iştirak edən Məmmədyarov üçün vacibdir - növbəti danışıqlarda “xalq bu razılaşmanı qəbul etmir” arqumentini söyləmək üçün. Bir də ki, Avropa Birliyi ilə sazişi imzalayaq, “ağa durur, ağacan durur...”

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər