Necə edək ki, uşaq yuxudan özü oyansın? - PROBLEM

Necə edək ki, uşaq yuxudan özü oyansın? - PROBLEM

Elə vaxtlar olur ki, özümüzü yuxulu hiss edirik. Belə olan halda isə nə ev işlərində, nədə ki, işlədiyimiz müəssisədə faydalı işçi olaraq fəaliyyət göstərməyimiz mümkün olmur. Bunu uşaqlara da aid etmək olar, yuxulu halda dərsə gedən uşaqdan təbii ki, dərslərində müvəffəqiyyət əldə etməyini gözləmək olmaz. Bəs necə edə ki, uşaqlar hər səhər vaxtında özləri oyansın? Psixoloqların bu barədə fikirləri müxtəlifdir.

Psixoloq Arzu Qurbanlıbildirir ki, inkşaf dönəmində olan uşaqların axşamlar saat 9-dan gec olmayaraq yatmaları məsləhətdir. Vaxtında yatan uşaq təbii ki, səhərlər də vaxtında oyana biləcək. Saat 9-da uşağını yatağa sala bilməyən valideynlərlərə isə məsləhətim budur ki, övladlarına 21 günlük cədvəl tutaraq onların yatma vaxtlarını proqramlaşdırsınlar. Uşaqlarda həvəs yaratmaq üçün cədvələ uyğun vaxtında yatması üçün balacanın öz istəyi ilə kiçik mükafatlar tədbiq etsinlər. Bu hədiyyəni əldə etmək üçün uşaq 21 gün vaxtında yatağında olacaq və cədvələ sona qədər əməl edən uşağın beynində vaxtında yatmağa vərdiş yaranacaq. Bununla da övladınıza tez yatıb, səhərləri isə vaxtında oyanmaq vərdişini aşılamış olacaqsınız.

Psixoloq Sevinc Baxışova isə, öz vərdişlərimizi dəyişərək uşaqlara örnək ola biləcəyimiz fikrindədir. "Əgər siz hər səhər saatınızla "daha beş dəqiqə” oyununu oynayıb, saat əqrəbini bir qədər sonraya çəkib, bir az da uzanırsınızsa, onda bilin: Çətin ki, siz uşağı səhər tez oyanmasını öyrədə biləcəksiniz. Əvvəlcə güclü iradənizi təkmilləşdirin və təcrübənizi körpənizlə bölüşün: "Bu gün mən, zəng çalınan kimi dərhal ayağa qalxdım! Özümü gümrah hiss edirəm!”. Əgər uşağınızın müdaxiləniz olmadan səhər oyanmağını istəyirsinizsə, uşağın gün rejiminə riayət edin. Axı əgər balaca gec yatırsa, ona səhər oyanmaq çətin olacaq. Rahat oyanmaq onda olacaq ki, balaca gecə doyunca yatıb. Məhz buna görə də uşaq axşam saat 9-dan gec olmayaraq, yuxuya getməlidir”.

Uşaq həkimi Yasəmən Məhərrəmovaisə günlük cədvəli düzgün qurmaqla nəinki gündəlik, hətta bütün dərs ilinin uğurlu nəticələrlə sonlanmasına nail ola biləcəyi fikrindədir. "Gün düzgün tərtib olunmuş cədvəl üzrə qurularsa, həyatın yeni qaydalarına uşaqlar daha rahatlıqla öyrəşər. İnkişaf mərhələsində olan uşaq iş və istirahət balansını düzgün qurmalıdır. Bu zaman şərti refleksin oyanmasına və orqanizmin bir vəziyyətdən digər vəziyyətə rahatlıqla keçməsinə şərait yaradılır. Uşaqların əməklərinin pik saatları vardır və gün rejimi elə bölünməlidir ki, həmin saatlarda uşaq aktiv həyat fəaliyyətində olsun. Saat yeddidə yuxudan oyanan uşaq məktəbə piyada getsə, bu onun səhər idmanının əvəzedicisi ola bilər. Səhər naharı da mühüm şərtlərdəndir. Günorta saatlarında dərsdən gələn uşağın nahar edib dincəldikdən sonra ikinci əmək qabilliyətinin pik saatı 16 radələrinə təsadüf edir. Bu saatlarda isə dərslərini hazırlasa daha yaxşı nəticə verəcək. Vaxtında yataraq, yuxusunu tam alan uşaq təbii ki, səhər saaatlarında rahatlıqla yuxudan qalxacaq və dərslərində daha aktiv olacaq”.

Psixo-pedaqoq Lalə Məhərrəmliisə özümüzə rahat olan vərdişləri övladlarınıza da öyrətməklə onların rahatlığını təmin edə biləcəyimiz fikrindədir. L.Məhərrəmli həmçinin bildirir ki, rahat yuxu və rahat oyanmaq üçün özümüz üçün etdiklərimizi uşaqlarımıza, onlara etdiklərimizi isə özümüzdə tədbiq etməliyik, bu, bir qarşılıqlı aksiomdur: "Yatmazdan öncə yediyiniz ağır yemək sizi narahat etdiyi kimi, balacaları da narahat edə bilər. Ona görə də yatmazdan əvvəl çalışmaq lazımdır ağır qidalar qəbul edilməsin. Yatana yaxın uşaqlara heç bir halda qorxulu film, cizgi filmləri izləməyə, yaxud da belə tipli nağıllar oxumasına icazə verməyin. Yuxudan qabaq yüngül oyunlarla övladınızla zaman keçirin. Kiçik bir hekayələr danışıb birlikdə həmin hekayə, nağıl üzərində müzakirələr aparın. Daha çox yuxuya getməkdə problemi olan uşaqlarla birlikdə yatmazdan əvvəl xəyallar qurmaq da olar.

Səhərləri isə balacaları gedeceyi məktəb, yaxud da bağçada olacağı saatdan ən azı 40 dəqiqə öncə yuxudan oyatmaq, yüngül bədən hərəkətləri və idman etməklə günə başlamalıdır. Bu, onu gün boyu gümrah, enerjili və aktiv olmasına şərait yaradacaq, əks halda övladınız bütün gününü mürgüləyərək keçirər. Səhər yeməyi yemədən evdən çıxmamalıdırlar. Uşaqları "dur dur”,” gecikdin”, "tez ol, qalx” deyərək həyəcanla yatağından oyatmaq olmaz. Günə qorxu içində, həycənla başlamaq onlara yaxşı gəlməyə bilər. Bunun xüsusi bir metodu olmadığı üçün, uşaqların rahat yatması və səhərlər rahat yataqdan qalxa bilməsi üçün valideynlər övladlarına həssaslıqla yanaşmalıdırlar.

Xədicə Səxavət

Xeberle.com

P.S. Erkən oyanmaq və daha uğurlu işlər görmək bir-biri ilə çox bağlıdır. Başqalarının mürgülədiyi vaxt iş görmək həqiqətən gözəl bir hissdir. Ancaq əsas odur ki, sevdiyiniz işlə məşğul olasınız.



Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

İqtisadiyyat xəbərləri
Xeberle.com digər xəbərlər