Neft Fondunun vəsaitləri 40 milyard dolları ötüb

Neft Fondunun vəsaitləri 40 milyard dolları ötüb

Fonddan

Azvision.az -a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1999-cu ildə yaradılan, bu il 20 illiyini qeyd edən Dövlət Neft Fondunun aktivləri ARDNF-in tarixində ilk dəfə olaraq 40 milyard dolları keçib. ARDNF-in aktivlərinin artımı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mühüm sosial-iqtisadi islahatların nəticəsində dayanaqlı uzunmüddətli iqtisadi artıma hədəflənmiş siyasətin daha bir nümunəsidir.

Dövlət Neft Fondu bildirir ki, bu ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 5 milyard 960,7 milyon manat, büdcə xərcləri isə 2 milyard 640,7 milyon manat təşkil edib. Cari ilin birinci rübü ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 605 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 833,5 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat təşkil edib. Ötən rüb ərzində ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 355,7 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondunun 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 milyard 615 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılıb. Yanvar-mart ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 6 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Dövlət Neft Fondunun büdcədənkənar xərci 332 milyon manat olub.

Martın 31-nə ARDNF-in aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon dollar) nisbətən 4,56 faiz artaraq 40 milyard 273,3 milyon dollar təşkil edib. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına baş verib.

İqtisadiyyat xəbərləri
Azvision.az digər xəbərlər