Neft, İran və Venesuela - Neft bazarında yeni balans yaradılır?..

Neft, İran və Venesuela - Neft bazarında yeni balans yaradılır?..

Dünyada neft rezervlərinə sahib olan ölkələr arasında ilk dördlükdə yer alan İran və Venesuela, sanki, dünya neft bazarlarından silinib gedir...

Ərdal Tanas Qaragöl,
“Yeni Şafak” qəzeti, Türkiyə, 2 may 2019-cu il

Bu gün ABŞ tərəfindən Türkiyə də daxil olmaqla, 8 ölkəyə İrandan neft alınması üçün verilən 6 aylıq müvəqqəti icazənin son günüdür. Dünyanın ən böyük neft ehtiyatlarına sahib 4-cü ölkəsi İran artıq neft ixracatı ilə məşğul olmayacaq. İran öz iqtisadiyyatının sütunu olan neft gəlirlərindən məhrum olacaq.

Digər tərəfdən isə dünyanın ən böyük ehtiyatlarına sahib olan və dünyada 1-ci sırada olan Venesuela son aylarda başda ABŞ olmaqla, Qərb ölkələri tərəfindən dəstəklənən bir çevriliş cəhdi ilə əhatə olunub. Dünyada ən böyük neft ehtiyatlarına sahib olan Venesuela bir tərəfdən tətbiq olunan sanksiyalar, digər tərəfdən içində olduğu siyasi-iqtisadi qeyri-sabitlik səbəbilə neft gəlirlərindən məhrum qalmağa davam edir.

Yəni dünyada neft rezervlərinə sahib olan ölkələr arasında ilk dördlükdə yer alan İran və Venesuela, sanki, dünya neft bazarlarından silinib gedir. Bu ölkələr dünya enerji bazarlarından zorla çıxarılırlar. Bu ölkələrin mövcud siyasi quruluşları ilə sözü gedən enerji balansında yer almayacaqları da ABŞ tərəfindən açıq şəkildə bildirilib.

Yeni neft balansı

İran və Venesuelanın neft bazarından kənarda qalması ilə dünya bazarlarında daha çox görünən ölkələr ABŞ-ın da ünvan göstərdiyi Səudiyyə Ərəbistanı və BƏƏ-dir.

Hətta İranın bu gün kənarlaşması ilə beynəlxalq bazarlarda neft qiymətlərində yaranacaq gözlənilməz vəziyyəti yoluna qoymaq və reaksiyaları azaltmaq üçün ABŞ bu ölkələrlə müzakirə gedərək neftə ehtiyacı olan ölkələri də ünvan göstərir.

Neftin varsa, dərdin də var

Niyə bu neft belə lənətlidir? Bu sual neft ehtiyatlarına sahib olan ölkələr üçün verilən başlıca suallardan biridir. Venesuela 300 milyard barrel neft ehtiyatları ilə dünyada neft ehtiyatına sahib olan ölkələr arasında 1-ci olan neft milyarderi Səudiyyə Ərəbistanı, Kanada və İranın qarşısında olmasına baxmayaraq, iqtisadi cəhətdən çox böyük problemlərlə mübarizə aparır.

Neft zəngini olan Venesuelada elektrik stansiyaları işləmir, xalq qaranlıqda qalır. Siyasi baxımdan yaranmış qeyri-sabitlik və qeyri-müəyyənlik səbəbindən xaotik vəziyyətin yaranması və insanların xaricə köçmək üçün ölkəni tərk edəcək qədər yoxsullaşması üzərində də düşünülməlidir.

Venesuelada çevriliş cəhdləri baş verir. Neftin olmasına baxmayaraq, böyük bir iqtisadi çarəsizlik və siyasi xaos baş verir.

İran ABŞ tərəfindən tətbiq olunan sanksiyalardan xilas ola bilmir və iqtisadiyyatda mübarizə aparmalı olduğu bir çox problemlə üz-üzə qalıb.

Neft ölkəni hədəf halına gətirir, yoxsa asılılıq yaradır?

Neftə sahib olan ölkələr ya hədəf halına gəlirlər, ya da təkcə neft gəlirlərindən olan asılılıq səbəbilə müxtəlif problemlərlə üzləşirlər. Niyə belə olur? Çünki neftə və təbii qaza görə zəngin olan bu ölkələrdə iqtisadiyyatın müxtəlifliyi, yəni sektorların inkişaf etdirilməsi çox da ciddiyə alınmadığı kimi, həm də qaynaqların gələcəyə ötürülməsi üçün də bir fond yoxdur.

Dolayısı ilə, bu sektorda baş verən bir krizis və sanksiya, ya da siyasi bir problem ortaya çıxdıqda enerji gəlirlərinə yüksək səviyyədə asılılıq yarandığı üçün bu ölkələr iqtisadi krizislə üz-üzə qalır.

Digər tərəfdən, enerjidə önəmli gəlir qaynaqlarına sahib olan ölkələr də iqtisadi güc hesab olunduqda artıq hədəf halına gəlirlər. Üstəlik, bu qaynaqları və əldə edilən iqtisadi qazancları öz vətəndaşları ilə paylaşdıqda bu ölkələrin eynilə Venesuelada olduğu kimi hədəf halına gəldiyini görə bilərik.

Bu baxımdan, neft və təbii qaz kimi yalnız enerji gəlirinə bağlı olan ölkələrin yaşadığı siyasi və iqtisadi nəticələr, eyni zamanda, böyük neft rezervlərinə sahib olan istehsalçılar üçün də keçərlidir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az