Neft İranın bəlasına çevrilir

Neft İranın bəlasına çevrilir

ABŞ-ın sanksiyaları müharibəyə yol aça bilər


"Biz həmişə müzakirə və diplomatiya tərəfdarı olmuşuq, lakin döyüş baş verərsə, meydandan qaçmarıq”. Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib. İran rəhbəri bəyan edib ki, əgər ABŞ bütün təzyiqləri götürsə və öz qanunsuz addımlarına görə üzr istəsə, qarşılıqlı hörmət prinsipi ilə müzakirələr ola bilər. Vaşinqtonun uzun illərdir İrana qarşı müxtəlif uğursuz siyasi və iqtisadi məhdudiyyətlər tətbiq etdiyini deyən Ruhani bildirib ki, Ağ Ev iqtisadi sahələrdə tətbiq etdiyi sanksiyalarla öz məqsədinə çatmayacaq: "Əlbəttə, bu təzyiqlərin xalqın gündəlik həyatında çətinlik yaratması təbiidir. Lakin İran xalqı çox yaxşı bilir ki, təcavüzkarların qanunsuz addımları qarşısında müqavimətdən başqa yol yoxdur”. Ruhani region ölkələrini tərəflər arasında seçim etməyə çağırıb və qarşıdurma anında onların da ziyan çəkəcəyini vurğulayıb.
Tərəflər arasındakı gərginliyi "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Amerikanın neft satışına tətbiq etdiyi növbəti sanksiyalar mübarizəni hərbi müstəviyə keçirə bilər. Ekspert xatırladıb ki, Vaşinqton 8 dövlətə 180 gün ərzində İrandan neft idxalının dayandırılması barədə möhlət vermişdi. Artıq bu müddət başa çatdığından Ağ Ev hərəkətə keçib:
"Əgər İrandan neft alan ölkələr bu qərarı tanımazsa, onlara da sanksiya və cərimələr tətbiq ediləcək. Bu, ABŞ-ın İranla iqtisadi müharibəsidir. İran elan olunan iqtisadi müharibəyə silahla cavab verərsə, regionda dağıdıcı savaş qaçılmaz olacaq.
Hazırda Türkiyə, Rusiya, Çin, Hindistan və digər üç ölkə İran neftinin alıcıları siyahısındadır. ABŞ-ın bu qərarına Çin, Rusiya və Türkiyənin qoşulmayacağı gözlənilir. Vaşinqton İranın əsas "şah damarına" zərbə vurmaqla Tehran rejiminin regiondakı hərbi-siyasi fəaliyyətinin qarşısını almağı hədəfləyir. 2015-ci ilin may ayında İranla "Altılıq ölkələri” arasında bağlanan "Nüvə sazişi”ndən sonra sanksiyaların ortadan qalxması İrana milyardlarla dollar vəsait axınına səbəb oldu.
Rəsmi Tehran bu pullar vasitəsi ilə Suriyada Əsəd rejiminə hərbi-siyasi və maliyyə dəstəyi verməklə regionda mövqeyini gücləndirdi. Bu da ABŞ və İsrailin köklü maraqlarına təhdid deməkdir. İsraildə Netanyahunun qələbə qazanması İran ətrafında ziddiyyətli siyasəti inkişaf etdirir. Trampın məlum nüvə sazişindən çıxması və ardınca İrana sanksiya tətbiq etməsi proseslərin kluminasiyasıdır. Rusiya, Türkiyə və Çinin özəl neft şirkətləri sanksiyalardan yayınmaq üçün İrandan neft alışını kəskin azalda bilər. Bu da ciddi şəkildə iqtisadi defolt deməkdir”.
Analitikin fikrincə, İranın əsas maliyyə qaynağının kəsilməsi maddi resursları zəiflədəcək və rejim daxilində parçalanmaya yol açacaq:
"Bundan əlavə, teokratik Tehran sistemi Suriyada Əsəd rejiminə maliyyə və hərbi dəstəyi azaldacaq. Həmçinin, Yəməndə Husi qiyamçılarına lojistikanı kifayət qədər kəsməyə məcbur olacaq. Elə ABŞ-ın da əsas məqsədi budur ki, Tehran region münaqişələrdə əsas tərəf olmasın, öz sərhədləri daxilinə çəkilsin. Rəsmi Tehran bəyan edir ki, bu sanksiyalar fonunda Hörmüz boğazını bağlayaraq, neft daşımalarına imkan verməyəcək.
Tehrana qarşı adekvat cavab körfəzdə dağıdıcı müharibəyə səbəb olar. ABŞ-İsrail və Ərəb ölkələri İranı Suriyanın düşdüyü duruma sala bilər. Ancaq İranın dağıdıcı müharibədən Rusiya və Çinin təkidi ilə çəkinməsi daha realdır. Hətta çalışacaq ki, Vaşinqtonla gizli danışıqlara getsin. İrana qarşı iqtisadi-hərbi təzyiqlər Azərbaycana bir o qədər təsir etməsə də, müəyyən problemlərə yol aça bilər”.
İsmayıl

Siyasət xəbərləri
Sherg.az digər xəbərlər