"Neftçi" "təmizliy"ə başlayır: Abbasov gedir, Axundov qalır

"Neftçi" "təmizliy"ə başlayır: Abbasov gedir, Axundov qalır

Topaz Premyer Liqasının son turlarındakı uğursuz nəticələrlə çempionluğu əldən verən "Neftçi"də "təmizləmə işləri" başlayır. Komandanı tərk edəcək bəzi futbolçuların adlarına aydınlıq gəlib.

Bu ilin fevralında "Şerif"i tərk edərək sabiq baş məşqçisi Roberto Bordinin yanına gələn müdafiəçi Petru Raku ilə yeni müqavilə imzalanmayacaq. Onunla yanaşı, sözləşmə müddəti cari mövsümün sonuna qədər olan Məhəmməd Mirzəbəyov və Qoran Paratski də yola salınacaq.

Qapıçı Səlahət Ağayevin ayrılmaq ehtimalı daha yüksəkdi. Komanda daxilində problemlərə görə, qolkiper çətin ki, paytaxt klubunda qalsın.

Haitili yarımmüdafiəçi Soni Mustivar və yunanıstanlı vinger Evangelos Platellasın gələcək taleyi qeyri-müəyyəndi. Onların hələ birillik müqaviləsi qüvvədə olsa da, Mustivarla Platellasın da gedişi istisna deyil.

Roberto Bordin baş məşqçi postunda saxlanılsa, həmyerlisi Canluka Sansone də daha bir il ölkəmizdə qalacaq. Əks təqdirdə, hücumçu məşqçisi ilə ölkəsinə dönəcək.

O ki qaldı Mirabdulla Abbasova, gənc forvard karyerasını ölkə xaricində davam etdirmək niyyətindədi. Yığma üzvünün sözləşməsi yaya qədər olduğundan, Mirabdulla azad agent statusu daşıyacaq. "Neftçi"də qalmağı düşünməyən futbolçu legioner həyatı yaşaya bilməsə belə, yerli klublardan birinə keçəcək.

Azarkeşlərin daha çox narazı qaldığı Tural Axundov isə böyük ehtimalla klubda qalacaq. Klub rəhbərliyinin adamı kimi tanınan müdafiəçinin növbəti mövsümdə də "ağ-qara" formanı geyinmək şansı yüksəkdi.

Qeyd edək ki, "Neftçi" gələn mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edəcək. (Matc.az)

İdman xəbərləri
Faktor.az digər xəbərlər