“Neftin satış qiyməti artacaq” – EKSPERT


“Neftin satış qiyməti artacaq” – EKSPERT

“ABŞ-ın İrandan neft alışına qadağası bu gündən tam qüvvəyə minir və sözsüz ki, bu neftin satış qiymətini qaldıracaq”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, neftin qiymətinin artması özünü hələ bir neçə gün bundan qabaqdan göstərir:

“Belə ki, qiymət artıq, neçə gündür ki, 70 dolların üstündədir. Düzdür, ABŞ prezidenti Donald Trampın Ər-Riyada telefon zəngi nəticəsində qiymət yüksəlişinin qarşısı alındı, lakin hər halda yenə 70 dollardan yuxarı səviyyədədir.

Bəs, bundan sonra vəziyyət necə olacaq? Azərbaycanı neftin dünya bazarlarında hansı qiymət səviyyəsi gözləyir? Bəli, İranın bazardan sıxışdırılması nefti bahalaşmağa doğru meyil etdirəcək, lakin qiymət səviyyəsi 80 dolları keçən deyil. Keçsə də, bu qısa zaman çərçivəsində müşahidə olunacaq. Çünki ABŞ və Səudiyyə Ərəbistanı cütlüyü buna imkan verməyəcək”.

P.Heydərov əlavə edib ki, neft bazarında əsas "söz sahibləri" məhz bu iki ölkədir:

“Bu ölkələrin hər ikisi də İranı neft satışında tərəf kimi görmək istəmir. Səudiyyə Ərəbistanı bundan ötrü Vaşinqtonun bütün istəklərini tam yerinə yetirməyə hazırdır. Amma bir şərtlə ki, qiymət maksimum 50 dollaradək enə bilər, bundan aşağı yox. Yəni, Ər-Riyad Vaşinqtondan fərqli olaraq qiymətin çox da ucuzlaşması ilə razı deyil. Çünki bu Səudiyyənin iqtisadi mənafeyinə ziddir. ABŞ isə neftin qiymətinin 40 dollardan, hətta aşağı səviyyədə də olmasına belə razıdır. Baxmayaraq ki, bu onun şist sənayesinə məqbul qiymət həddi deyil.

Odur ki, dünya neft bazarında qiymət səviyyəsi bu il ərzində ən çox 60-70 ABŞ dolları səviyyəsində olacaq və bu, ABŞ-Səudiyyə Ərəbistanının sözügedən sahədə "əməkdaşlığının" hesabına baş tutacaq.

Yeri gəlmişkən, yaxında OPEC+ ölkələrinin hasilatı müəyyən həddə artıracaqları haqda qərar da qəbul edəcəklərinin şahidi ola bilərik, ancaq bu dəqiq deyil. Bu bazarda təklif sarıdan vəziyyətin necə olacağına baxacaq”.

Qeyd edək ki, ABŞ mayın 2-dək 8 ölkəyə İrandan neft alacaqları ilə bağlı möhlət vermişdi, bu gündən sonra isə onlar İrandan neft almağı dayandırmalıdırlar.

Hicranə İsmayılova
Cebhe.info


Oxunma sayı: 67