Niyə sığorta şirkətləri avtobusların sığorta müqavilələrini yeniləmir? – ARAŞDIRMA

Niyə sığorta şirkətləri avtobusların sığorta müqavilələrini yeniləmir? – ARAŞDIRMA

Son vaxtlar avtobus qəzaları və bu hadisələr zamanı xəsarət alanların sayının artması sərnişinlərin sığorta məsələsini gündəmə gətirib.

Xeberle.com saytının sosial şəbəkə hesablarına daxil olan vətəndaş narazılğı bu problemi yenidən gündəmə gətirmək zərurəti yaratdı. N. adlı izləyicimiz bəzi sığorta şirkətlərinin sərnişin daşımada istifadə edilən nəqliyyat vasitələrinin icbari sığorta müqavilələrini yeniləməkdən boyun qaçırdığını bildirir. Həmçinin, sığorta şirkətlərinin bu qanundan kənar hərəkətlərinə haqlı olaraq öz narazılığını qeyd edir.

Məsələ ilə bağlı Xeberle.com-aaçıqlama verən sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, sığorta haqqında qanunda sərnişin daşımada istifadə olunan nəqliyyat vasitələrinin sığortalanmaması barədə heç bir bənd yer almayıb, tam əksi sığorta haqqında qanuna əsasən maddə 3-də qeyd olunan 3.1.1 bəndində icbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi bildirilir: "Əgər nəqliyyat vasitəsinin icbari sığortası yoxdursa, bu zaman sağlamlığa dəymiş ziyanı İcabri Sığorta Bürosu qarşılayır. Büro sağlamlığa dəymiş ziyanı qarşılasa da, əmlaka dəymiş ziyan zamanı bu avtomobilin sığorta olmasa, bu zaman günahkar şəxsdən yəni əmlakın sahibindən tələb olunmalıdır. Bəzi hallarda sığorta agentinin öz müştərisini itimək qorxusu olduğundan, hazırda işlədiyi sığorta şirkəti isə sözügüdən nəqliyyat vasitələrinin müqavilələrini yeniləməkdən boyun qaçırdığı hallarda digər siğorta şirkətlərinə müraciət etməli olur. Sual yaranır, bəs bu zaman sığorta agenti hansı məsuliyyəti daşıyır? Sığorta agenti yalnız bir sığorta şirkəti ilə müqavilə bağlamır. Sığorta agenti Maliyyə Bazarlarına Nəzarət Palatasında testdən keçibsə, həmin şəxsə lisenziya təqdim olunur. Həmin lisenziya ilə agentə bütün sığorta şirkətlərinin sığorta şəhadətnamalərini yazmaq hüququ verilir.

Növbəti sual peyda olur. Sığorta şirkətlərinin sərnişin daşımada istifadə olunan nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsini yeniləməkdən imtina etdiyi zaman sığortasız qalan nəqliyyat vasitəsinə gələn cərimə və protokilların məsuliyyəti kimin üzərində qalır? Cavab verirəm. Sığorta şirkətlərinin nəqliyyat vasitələri üzərində məsuliyyəti icbari sığorta şəhadətnaməsinin yeniləndiyi gündən başlayır. Buna görə də sığortasız idarə olunduğuna görə cərimə olunan nəqliyyat vasitəsinə görə heç bir sığorta şirkəti məsuliyyət daşımır. Belə hallarla rastlaşan vətəndaş dərhal müraciət etdiyi sığorta şirkətinin baş ofisinə zəng etməli və yaxud da Maliyyə Bazarlarına Nəzarət Palatasının 966 qaynar xəttinə məlumat verib problemlərini həll etməlidirlər”.

İlkin İbrahimov həmçinin qeyd edib ki, bəzi sığorta şirkətlərinin bu addımı atmalarına səbəb isə nəqliyyat vasitələrinin çox qəzalar törətməsidir. Qəzalar zamanı isə sığorta şirkəti daha çox ziyana düşməli olur: "Bunun səbəbi isə sığortada tətbiq olunan bonus malus sisteminə əsasən hadisə törədən insanın adında bonuslar azalır, maluslar artır deyə sahibkar bicliyə əl ataraq adında malus olmayan birinə etibarnamə verərək, sığorta müqaviləsini də həmin insanın adına yazdırır. Bu zaman isə sığorta şirkətinin zərərçəkmişlərə verdiyi xərcləri ödənməmiş qalır. Ziyana düşən sığorta şirkətləri isə çıxış yolunu nəqliyyat vasitələrinin sığorta şəhadətnamələrini yeniləməkdən imtina etməkdə görürlər”.

Mövcud problemin sığorta şirkətləri tərəfindən necə qarşılandığını və nəqliyyat vasitələrinin icbari sığorta müqavilələrinin yenilənməsindən hansı hallarda imtina edildiyini daha ətraflı araşdırmaq üçün Azərbaycan Dövlət Sığorta şirkətinin Sumqayıt filialı ilə əlaqə saxladıq. Filialın müdiri Xəyyam Hətəmov söyləyib ki, sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrini yeniləməkdən imtina edən sığorta şirkətləri var, lakin biz Dövlət Sığorta şirkəti olaraq belə qanun pozuntularına yol vermirik. Çox təəssüflə qeyd etməliyəm ki, qanun pozuntusuna yol verən 10-a yaxın sığorta şirkəti var. Günü bu gün də digər sığorta şirkətlərindən rədd cavabı alan sahubkarlar Dövlət Sığorta şirkətinə üz tuturlar. Qəzaların sayının çox olması və dəyən zərərin üstünlüyünü bəhanə edərək belə nəqliyyat vasitələrinin sığorta müqavilələrini yeniləməkdən imtina edən sığorta şirkətlərinin bu hərəkətləri qanuna zidd addımdır.

Sonda onu da qeyd edək ki, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının mövcud qanunu var. Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. Qeyd olunan şərtlərdən və qanundan kənara çıxanlar isə hüquqi qaydalara uyğun cəzalandırılır.

Xədicə Səxavət

Xeberle.com


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

İqtisadiyyat xəbərləri
Xeberle.com digər xəbərlər