Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb

Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb

Nizami rayonunda, 229 saylı orta məktəbdə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə əvvəlcə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib, ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş Zərifə xanımın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.
Çıxış edən 7 saylı doğum evinin baş həkimi Leyla Seyidbəyova akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib: "Oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib".
7 saylı doğum evinin həkimi Humay Aslanlı isə çıxışında vurğulayıb ki, görkəmli alim hər zaman öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb.
Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxışında bildirib ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli oftalmoloq -alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
229 saylı orta məktəbin direktoru Fəridə Bağırova və digər çıxış edənlər də akademikin zəngin həyat yolundan, elmi, pedaqoji və həkimlik fəaliyyətindən danışıblar. Bildirilib ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb.
Sonda bir qrup qadına hədiyyələr təqdim edilib.

R.HÜSEYNOVA

Siyasət xəbərləri
Sia.az digər xəbərlər