“O, bu gün adını daşıyan məktəbdə təhsil alıb, bir ata kimi mənim üçün ağrılıdır ki..."

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 aprel 2019-cu il Qərarına əsasən Neftçala şəhər 1 nömrəli tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı mayor Samid İmanovun adının verilib.
Məsələylə bağlı Moderator.az-a danışan şəhidimizin atası Gülağa İmanov bu sahədə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib:
“Samidin oxuduğu məktəbə adının verildiyini bu gün mənə dedilər. Çox sevindim. Bir şəhid atası kimi bizə göstərilən diqqətə görə ölkə başçısına, Təhsil Nazirliyinə, Neftçala rayon İcra Hakimiyyətinə öz minnətdarlığımı bildirirəm. Bu təşəbbüsü ilk olaraq Samidin müəllimləri irəli sürdü və biz Neftçala rayon İcra Hakimiyyətinə müraciət etdik. Onlar da Təhsil Nazirliyinə müraciət etdilər”.
Şəhid atası kövrəlib və bildirib ki, Samid bu gün adı verilən məktəbdə təhsil alıb və onu birinci sinifə özü aparıb:
“Samid bu gün adını daşıyan məktəbdə təhsil alıb. Onu birinci sinifə özüm əlindən tutub aparmışam. Bir ata kimi mənim üçün ağrılıdır ki, oğlum yoxdur, amma bir təsəllim var ki, o, Azərbaycanın Milli Qəhrəmanıdır. Bu gün şəhid atası kimi mənə və ailəmə hər yerdə hörmətlə yanaşırlar. Hamınıza təşəkkür edirəm”.
Qeyd edək ki, Samid Gülağa oğlu İmanov 1981-ci il oktyabrın 14-də Neftçala rayonun Həsənabad qəsəbəsində anadan olub. Neftçala rayon 1 nömrəli orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. O, 2004-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət edib. Həmçinin bir müddət Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Sonradan isə öz istəyi ilə hərbbi hissəyə qayıdıb.
2016-cı il Şanlı aprel döyüşləri zamanı mayor Samid İmanov düşməni ağır itkilərə məruz qoyaraq sonda qəhrəmancasına şəhid olub. Ölkə başçısının sərəncamı ilə mayor Samid Gülağa oğlu İmanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn