Oliqarxın atasının böyük kommersiya obyekti indi deputat oğluna məxsusdur

Əvvəllər keçmiş millət vəkili Hüseyn Abdullayevin (“Quska”) atası Abdulla Abdullayevin mülkiyyətində olmuş böyük kommersiya obyekti hazırda “Avromed” əczaçılıq şirkətinin təsisçisi, deputat Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevə məxsusdur.
Bunu Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmədə“Avromed” şirkətinin şöbə rəisi Dadaş Rzayev şahid kimi ifadə verərkən deyib.
O, həmçinin Bakının mərkəzində 786 kvadratmetrlik böyük bir obyektin Orxan Feyziyevin əlinə necə keçdiyinə aydınlıq gətirib.
Məlum olub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən, dəyəri on milyonlarla ölçülən həmin qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb.
Özü də ilk mərhələdə obyekt 3 fərqli adamın adına alınıb. Onlar Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədova olub. Hər üç şəxsi notariusda etibarnamə ilə başqa adamlar təmsil edib. Etibarnamə ilə çıxış edib alqı-satqı müqaviləsinə imza atanlardan biri də "Avromed"in şöbə rəisi Dadaş Rzayev olub. Daha sonra həmin şəxslər obyekti C.Feyziyevin oğlu Orxanın adına keçiriblər.
Xalq artisti Gülyaz Məmmədova “Qafqazinfo”ya açıqlamasında deputat Cavanşir Feyziyevin sabiq həmkarı Hüseyn Abdullayevdən aldığı obyektin onun adına sənədləşdirilməsini təsdiqləyib və bu hadisənin uzun illər əvvəl baş verdiyini bildirib.
Xalq artisti qeyd edib ki, o, C. Feyziyevlə yerlidir-hər ikisi Şəkinin Böyük Dəhnə kəndindəndir və deputat həm də onun əmisi oğludur: “Sizdən bir ricam var, bu söhbəti çox qabartmayaq. İllər əvvəl olmuş bir söhbətdir. Hamı obyekt, əmlak ala bilər. Birincisi, mənim Hüseyn Abdullayevlə heç bir bağlılığım yoxdur. İkincisi də, Cavanşir Feyziyev əmim oğludur, qohumumdur. Bu məsələni böyütməyə dəyməz...”.