Ölkə rəsmiləri ADU-ya toplaşdı – Foto

Ölkə rəsmiləri ADU-ya toplaşdı – Foto

Azərbaycan Dillər Universitetində (ADU) bu təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə Məzunlar Assosiasiyasının təsis konfransı keçirilib.

Axar.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib, ADU-nun fəaliyyətini və uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla məzunları universitetdə görməkdən məmnun olduğunu bildirib:

“Universitetin məzunları arasında regionların müxtəlif yerlərindən gələn məktəb müəllimlərimiz, yüksək mövqe tutan insanlar var. Burada Azərbaycan ziyalılarının yüksək təbəqələrindən olan məzunları görürəm. Milli Məclisin, Azərbaycan hökumətinin üzvlərini, nazirləri, ömürlərini Azərbaycan diplomatiyasına həsr etmiş insanları, mədəniyyət xadimlərini salamlayıram. Biz onlarla fəxr edirik. Ulu öndər Heydər Əliyevin hakimiyyəti zamanı və ondan sonra da bu siyasəti ləyaqətlə davam etdirən prezidentimiz İlham Əliyevin birbaşa müdaxiləsi və səyi nəticəsində Azərbaycan təhsil sistemi kökündən dəyişib və sürətlə inkişaf ritminə düşüb.

Bu təhsil ocağı ulu öndərin bilavasitə yaratdığı universitetdir. İnanıram ki, universitet onun tövsiyələrindən, Azərbaycan xalqına verdiyi töhfələrdən biri kimi öz məsuliyyətini, rolunu cəmiyyət, ölkə daxilində və xaricində yaxşı başa düşəcək”.

ADU-nun məzunu olmuş Mədəniyyət naziri Əbülfəs Qarayev assosiasiyanın yaradılmasını məntiqli, düzgün və uzaqgörən qərar kimi dəyərləndirib:

“Bu universitetin yaradılması ulu öndərin uzaqgörənliyini, böyük siyasi düşüncə sahibi olduğunu sübut edir. Bu ali təhsil ocağının yaradılması Azərbaycan xalqının dünya miqyasına çıxması üçün böyük bir tramplin yaratdı. Bunun nəticəsində artıq dünyada Azərbaycanı təmsil etməyə və böyük uğurlar qazanmağa başladı. Bu gün könüllülük proqramı çərçivəsində ADU-nun tələbələri beynəlxalq tədbirlərdə minlərlə qonaqların qarşısına çıxır, onları müşayiət edir, dostluqlar yaradırlar. Bu universitetin məsuliyyəti olduqca böyükdür. Çünki bura artıq böyük elmi araşdırma və təhsil ocağına çevrilib”.

Sabiq xarici işlər naziri Hüseynağa Sadıqov assosiasiyanın çox önəmli işlər görə biləcəyini söyləyib.

Tədbirdə Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sevinc Fətəliyeva, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Bruklin Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Marietta Yusim-Rozental, ADU-nun professoru Məsməxanım Qazıyeva çıxış edərək assosiasiyanın təsis olunmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Daha sonra assosiasiyanın idarə heyətinin üzvlərinin seçim prosesi səsvermə yolu ilə aparılıb. Hüseynağa Sadıqov assosiyasının sədri seçilib.

Tədbir bədii hissə ilə davam edib.

loading...

Siyasət xəbərləri
Axar.az digər xəbərlər