“Ölkə üzrə kömürdən istifadə tamamilə dayandırılıb” - Nazir müavini

“Ölkə üzrə kömürdən istifadə tamamilə dayandırılıb” -  Nazir müavini

"Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə yüksək dərəcədə həssas olan ölkədir"


Moderator.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "EU4Climate" adlı regional layihənin açılış mərasimində deyib. Nazir müavini bildirib ki, istilik effekti yaradan qazların milli tullantıları qlobal tullantıların yalnız 0.1%-ni təşkil edir.


"Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istixana effektli qaz tullantılarının səviyyəsində 35% azalmanın saxlanılmasını hədəf kimi götürüb. Bu öhdəliyi yerinə yetirmək üçün ətraf mühitə dost texnologiyalar tətbiq etməklə infrastruktur layihələri həyata keçirilir, tükənməyən enerji mənbələrindən istifadə, enerji səmərəliliyinin artırılması və digər istiqamətlərdə tədbirlər görülür.


Azərbaycan inkişaf etməkdə olan ölkə kimi Konvensiyanın əlavə 1 qrupuna daxil olmayıb və Kioto Protokoluna uyğun olaraq heç bir kəmiyyət öhdəliyi götürməyib. Buna baxmayaraq, ölkəmiz Kioto prosesinin başlanmasından sonra istixana effekti yaradan qaz tullantılarının böyük miqdarda azaldılmasına müvəffəq olub. Bu nəticə iqtisadiyyatımızın dinamik artımına baxmayaraq əldə olunub".


Nazir müavini qeyd edib ki, energetika sahəsində son illərdə həyata keçirilmiş tədbirlərin sayəsində bu sektor üzrə əvvəlki illərlə müqayisədə havaya atılan tullantılar 2 dəfə azaldılıb. "İstilik elektrik stansiyalarinda soba mazutu təbii qazla əvəz edilib, bu sektorda daha müasir texnologiyaların tətbiqi karbon qazı tullantılarının azaldılmasına öz töhfəsini verib. Eyni zamanda, bütün ölkə ərazisində kömürdən istifadə tamamilə dayandırılıb.


Son illər ərzində qeyri-meşə fondu torpaqlarında, o cümlədən magistral avtomobil yollarının ətrafında yaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində müvafiq işlər görülüb,yeni geniş həcmli aqro-meşə massivləri salınıb. Bu da öz növbəsində milli iqtisadiyyatın şaxələndirilməsinə və karbon qazı tullantılarının azaldılmasına yardım edəcək"


R.Hacıyev əlavə edib ki, iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi işləri davam edir. "Ölkədə quraşdırılmış avtomat meteoroloji stansiyaların ümumi sayı 68-ə çatdırılıb. İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi və adaptasiya planının hazırlanması məqsədilə ilkin olaraq iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinə dair statistik məlumatların təhlili və məlumat bazasının təkmilləşdirilməsi işlərinə başlanılıb. Eyni zamanda müasir metodlara əsaslanan iqlim ssenariləri hazırlanıb.


İqlim dəyişikliyi təsirlərinə uyğunlaşmaq və iqlimlə bağlı təhlükələrə cavab vermək üçün dəqiq, vaxtında işləyən və hərəkətli erkən xəbərdarlıq sisteminin yaradılması və Azərbaycanda dayanıqlığın təmin olunması məqsədilə iqlim məlumatlarının keyfiyyətinin yaxşılaşdırılması və bir çox təhlükəli hadisələr barədə erkən xəbərdarlıq sisteminin gücləndirilməsi üzrə tədbirlər həyata keçirilir".


İKT xəbərləri
Moderator.az digər xəbərlər