Oqtay Əsədov Romada Qarabağdan danışıb

Oqtay Əsədov Romada Qarabağdan danışıb

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyada səfərdədir. "Olaylar"ın məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi və Azərbaycan-İtaliya Dostluq Qrupunun təmsilçiləri ilə görüşüb.Əvvəlcə Oqtay Əsədov İtaliya Respublikası Senatının yerləşdiyi Palazzo Madama sarayında ölkə parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olub.Sonra Milli Məclisin sədri İtaliya Respublikası Senatının sədri xanım Maria Elizabetta Alberti Kasellati ilə görüşüb. Oqtay Əsədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda İtaliyaya rəsmi səfərinin önəmini vurğulayaraq, səfər çərçivəsində Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb, səfəri iki ölkə arasında qarışlıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirib. İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən Oqtay Əsədov, diqqətə çatdırıb ki, ölkələrimiz arasında bu günədək 44 ikitərəfli sənəd imzalanıb. Bu sənədlərin ən önəmlilərindən biri "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamədir.

İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirən parlamentin sədri deyib ki, TANAP, TAP, "Cənub Qaz Dəhlizi" layihələri əlaqələrimizin daha da inkişaf edəcəyinə inamı artırır. Hazırda Azərbaycanda 50-dək italyan şirkəti fəaliyyət göstərir, bu şirkətlərin sayı getdikcə çoxalacaq. Sədr Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayıb, dostluq qruplarının işini yüksək qiymətləndirib. Görüşdə Milli Məclisin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb. Bildirib ki, 2010-cu ildə İtaliya Senatının Cənubi Qafqazda vəziyyət haqqında qətnaməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. O, İtaliya Senatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına gələcəkdə də öz dəstəyini verəcəyinə inamını ifadə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər