Orucun növləri

Orucun növləri

"Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür"

Mübarək Ramazan ayında möminlər adətən niyyət edərək səhər sübh namazını qılır, oruc tutur, axşamlar isə iftar açaraq yenə namaz qalıraq Allah qarşısında mənəvi borcunu yerinə yetirirlər. Ramazan orucunu tutanlar, bu gün sevinc, könül xoşluğu, mənəvi rahatlıq içindədir. Bir neçə saat qidadan uzaq olan imanlıları yalnız ibadət maraqlandırır. Yəni onlar pis əməllərdən çəkinir, yeməkdən, içməkdən uzaq olur. İftar süfrəsi açıb, ehtiyacı olanlara kömək edir. Mərhəmət, xeyir-bərəkət, səbr, yaxşılıq ayı olan Ramazanda hər kim oruc tutan birinə iftar veribsə, günahlarının bağışlanmasına və cəhənnəmdən xilas olması istiqamətinə böyük iş görmüş olur. "Rəcəb Allahın, Şəban mənim, Ramazan da ümmətimin ayıdır", - buyurur Məhəmməd Peyğəmbər(s).

Orucun dərəcələri

İmam Baqir(ə) ümumxalq kütləsinin orucu barədə buyurur: "Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq." İmam Sadiq(ə) xüsusi möminlərin orucu barədə buyurur: "Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır." Həzrət Əli(ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: "Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür".

Vacib olan oruclar

Vacib oruclar aşağıdakılardan ibarətdir: 1. Ramazan ayının orucu; 2. Kəffarə orucu; 3. Qəza orucu; 4. Nəzir, əhd və and orucu; 5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu; 6. Etikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu; 7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.

Haram oruclar

Haram oruclar aşağıdakılardan ibarətdir: 1. Qurban bayramı günü tutulan oruc; 2. Fitr bayramı günü tutulan oruc; 3. Minada olan şəxs üçün təşriq günlərinin orucu; 4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şəbanın axırıdır, ya ramazanın əvvəli); 5. Susmaq orucu; 6. Gecə-gündüz tutulan oruc; 7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu; 8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu; 9. Xəstə şəxsin, orucun zərərli olduğu şəxsin tutduğu oruc; 10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş yerlərdən başqa).

Müstəhəb oruclar

Haram və məkruh olan günlərdən başqa ilin bütün günlərində oruc tutmaq müstəhəbdir; amma bəzi günlərdə oruc tutmaq daha çox məsləhətlidir. Həmin günlər aşağıdakılardan ibarətdir:
1. Hər ayın birinci və axırıncı cümə axşamı; 2. Hər ayın onundan sonra olan birinci çərşənbə günü; 3. Hər ayın 13, 14 və 15-ci günləri; 4. Rəcəb və şəban aylarının bütün günləri, ya bu iki aydan bəzi günlər; 5. Novruz bayramı günü; 6. Zilqədə ayının 25-ci, 29-cu günü; 7. Zilhiccə ayının 1-dən 9-na qədər; 8. Qədire-Xum bayramı günü. (Zilhiccə ayının 18-i); 9. Məhərrəm ayının birinci və ikinci günləri; 10. Məhəmməd Peyğəmbərin(s) mübarək doğum günü. (Rəbiyul-əvvəlin 18-i); 11. Həzrət Məhəmmədin(s) peyğəmbərliyə seçildiyi gün. (27 rəcəb)

Məkruh oruclar

Məkruh oruclar aşağıdakılardan ibarətdir:
1. Aşura gününün orucu; 2. Ərəfə günün orucu (Dua oxumağa mane olsa); 3. Ev sahibinin izni olmadan qonağın müstəhəb oruc tutması; 4. Övladın ata-ananın icazəsi olmadan müstəhəb orucu

Milli.Az

Mədəniyyət xəbərləri
Milli.az digər xəbərlər