Öz gözümüzdəki tir...

Öz gözümüzdəki tir...

Deyirlər, bəzən insan öz gözündə böyük bir tiri görmür, amma başqalarının gözündə kiçik bir çöpü o dəqiqə görür...

Bu, həqiqətən də belədir. Görəsən nəyə görə başqa insanların çatışmazlıqları bizim üçün bu qədər qlobal əhəmiyyət daşıyır? Görəsən nəyə görə digərlərinin həyatı bizi bu qədər maraqlandırır? Nə üçün biz ətrafımızda baş verən və bizə heç bir adiyyəti olmayan hadisələrin içində olmağa bu qədər cəhd göstəririrk?

Niyə başqalarının ən kiçik səhvi bizi bu qədər narahat edir? Özümüz məsumuq, yoxsa pakizəlik dağarcığıyıq? Bəlkə ömrümüz boyu xəta etməmişik? Bəlkə bizi bu dünyaya insanları mühakimə etmək üçün göndəriblər, bəlkə biz bu cəmiyyətin əxlaq polisiyik?

"Əmr-be-məruf edirik" deyə-deyə, nə qədər qəlb sındırmışıq - bir Allah bilir... İmkanımız olsa, insanların nəfəs almağına da nəzarət edərik! Biz necə istəyirik, başqa insanlar da mütləq elə yaşamalıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah bəyənən kimi yaşamaq nə əla! Kaş ki, bütün insanlar bu cür yaşayardılar! Amma çox təəssüf ki, bəzən insan həyatı obyektiv və subyektiv səbəblərə görə tam Allah bəyəndiyi kimi qurulmur və ya davam etmir. Hər insan ömrü boyu bu və ya digər səhvlər edir, nöqsanları həyata keçirdir. Amma görürsən, Allah həmin insanı başlı-başına buraxmır, yenə himayəsinə alır, yenə nəvaziş edir... Öz bəndəsidir də, alır qanadının altına (məcazi mənada)...

Rəhman və Rəhim olan Allah Öz bəndəsinə sahib çıxır, öz böyüklüyünü göstərir! Bəs biz nə edirik? O dəqiqə kəsib atırıq. Ay aman, filankəs bir səhv elədi! Yolunu azdısa, əlimizdən nə gəlirsə, edirik ki, təki, həmin insan məhv olsun! Bir dəfə səhv etdi, deməli, onu türklər demişkən, linç etməliyik.

Bəzən özümüz həmin səhv edən insandan qat-qat çox səhv də edirik, günah da edirik, amma eşidəndə ki, filankəsin hər hansı bir nöqsanı oldu, gözlərimiz az qalır öz hədəqəsindən çıxsın. Özü də çox vaxt həmin bu səhvlər ictimai deyil, məhz şəxsi xarakter daşıyır. Bəzən insanların fərdi səhvlərinə görə onlara bütün qüvvəmizlə qəbir əzabını yaşatmaq arzusunda oluruq.

Kiməsə mənəvi kömək etmək - fövqəl dərəcədə gözəl bir şeydir. Təsəvvür edin ki, kiminsə əlindən tutursunuz və onu dəryanın dibinə getməkdən qurtarırsınız. Bu, fiziki mənada köməkdir. Bu halda zorla da olsa, qışqıraraq da olsa, onu oradan çıxartmalısınız. Bura səbir nümayiş etdirmək, etika gözləmək, nəvazış göstərmək yeri deyil.

Amma həyat belə deyil. Çox vaxt həyatda hər hansı səhvi edən insana göstərilən aqressiya tam əks nəticə verir və bir balaca səhvi var idisə, həmin aqressiyadan sonra bizim yanımızdan həmişəlik uzaqlaşır.

Bir dönüb geriyə baxsaq, yadımıza düşər ki, nə qədər insanları məhz ən kiçik fərdi bir səhvə qarşı öz dözümsüzlüyümüzlə itirmişik. Halbuki, bizim nə qədər səhvimizin üstündən həm Mütəal Allahımız keçib və həm də əsil təqvalı insanlar keçib. Bizim fərdi səhvlərimizi, lap onlara qarşı etdiyimiz nöqsanları görməzdən gəliblər...

Həzrət İsa Məsihin (ə) bir kəlamı var: günahkarı daşlamaq üçün yığılmış insanlara üzünü tutub dedi ki, ilk daşı günahsız olan atsın!

Məsum olmayıb, tam nöqsansız və səhvsiz olmaq - çətin məsələdir. Hər bir insanın "İsmail"inin qurban olaraq tələb olunduğu bu yaradılış sistemində "İsmail"ini əlində saxlamaq yolunda etdiyi səhvlər, nöqsanlar, günahlar "n" qədərdir. Allah da məhz həmin günahları, nöqsanları, səhvləri bağışlamağı sevir. Yetər ki, bəndəsi peşman olsun, qəlbi kövrəlsin, titrəsin...

Bizlər insanı ən kiçik bir səhvinə görə "yıxıb-sürümək" əvəzinə mərhəmət göstərməliyik, mehriban olmalıyıq, qayğısına qalmalıyıq... Əgər biz həqiqətən də Allaha xatir o insana əmr-be-məruf və nəhy-əz-münkər etmək istəmişdiksə, o zaman mütləq olaraq bizi bir mərhəmət, bir mehribanlıq əhatə edəcək. Yox, əgər öz nəfsimizə görə bunu edirdiksə, onda məhz aqressiv və qəti addımlarla bunu edəcəyik. Çox təəssüf ki, biz çox vaxt bu və ya digər hallarda, məhz nəfsimizin buyruğu altında oluruq...

Könül istər ki, hamı: mən, sən, o, biz, siz, onlar - hamımız nə səhv edək, nə nöqsana giriftar olaq, nə də günah alovunda qıvrılaq! Amma, görürsən ki, yaşadıqca səhv edirik, fərdi günahlar edirik... İnsanların əksəriyyətinin həyatında bu, baş verir.

Gərək öz nəfsimizin bizə təlqin etdiyi əxlaq polisliyi missiyasını bir kənara qoyaq, insanların həyatını müzakirə obyektinə çevirməyək. Axı, sabah Allah həmin insanı bağışlayar, amma biz onun qeybətini etdiyimizə görə əbədi cəhənnəmdə qalarıq!

Bütün insanların bir-birinə mərhəmətli olduğu cəmiyyətin qurulacağı günü görmək ümidi ilə...

Milli.Az

Mədəniyyət xəbərləri
Milli.az digər xəbərlər