Pauerliftinq üzrə Paralimpiya milli komandasının üzvləri ilə görüş olub - FOTOLAR

Pauerliftinq üzrə Paralimpiya milli komandasının üzvləri ilə görüş olub - FOTOLAR

Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev mayın 2-də ölkəmizin pauerliftinq idman növü üzrə Paralimpiya milli komandasının üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, MOK-da keçirilən görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, baş katib Kamal Məmmədov, pauerliftinq komandasının baş məşqçisi İlqar İbişov, komandanın kapitanı Elşən Hüseynov, komandanın üzvləri Pərvin Məmmədov, Şamo Aslanov və Nurlan Babacanov iştirak ediblər.

Tədbiri açan A.Əliyev pauerliftinq üzrə Paralimpiya yığmasının Macarıstanın Eger şəhərində keçirilən dünya kubokundakı uğurlu çıxışını yüksək qiymətləndirib. O, üç qızıl və bir bürünc medalla komandamızın kişilər arasında birinci yer tutmasını xatırladıb.

Pauerliftinqin olduqca ağır idman növü olduğunu qeyd edən MOK-un rəsmisi bildirib ki, bu idman növündə əzmli məşqlər önəmlidir.

Komandamıza uğurlar arzulayan A.Əliyev bildirib ki, əsas hədəf gələn il Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarıdır.

Daha sonra AMPK-nın prezidenti İlqar Rəhimov paralimpiyaçılara göstərdiyi dəstəyə görə A.Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu, artıq pauerliftinqçilər ilə ikinci görüşdür. “Bundan əvvəl A.Əliyev AMPK-da pauerliftinq üzrə Paralimpiya milli komandasının üzvləri ilə görüşüb. Bu görüş idmançılarımız üçün böyük stimul oldu. Onlar həmişə sizin dəstəyinizi öz üzərilərində hiss edirlər. Fürsətdən istifadə edərək AMPK adından paralimpiyaçılarımızın dostu Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”, - deyə İ.Rəhimov vurğulayıb.

İlqar Rəhimov qeyd edib ki, idmançılarımızın Macarıstanda keçirilən dünya kubokunda uğurlu çıxışı tarixi hadisədir. O vurğulayıb ki, ilk dəfədir böyük komanda ilə belə mötəbər beynəlxalq yarışda çıxış edən komandamızın üç üzvü qızıl, bir üzvü isə bürünc medalla qayıdır.

Daha sonra İ.Rəhimov mayın 13-14-də paytaxtımızda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışının medallarının suvenirini Azər Əliyevə təqdim edib.

Pauerliftinq üzrə paralimpiya milli komandanın baş məşqçisi İlqar İbişov və komandanın kapitanı Elşən Hüseynov da göstərdiyi dəstəyə görə A.Əliyevə minnətdarlıq ediblər. Bu dəstəyin idmançılarımızı yeni qələbələrə ruhlandırdığı bildirilib.

loading...

İdman xəbərləri
Sia.az digər xəbərlər