Polkovnik qızını intihara sürükləyən direktor hardadır? - Oğlu "bülletendədir" deyir, nazirlik isə...

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanovanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı Criminal.az saytının yayımladığı xəbər ətrafında qeyri-müəyyənlik yaranıb. İki gün əvvəl məktəbin müəllimlərinin Criminal.az saytına verdiyi məlumata görə, Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək X.Osmanovanın səhhəti ilə əlaqədar işdən çıxarıldıığını elan edib. Direktor vəzifəsi Vidadi Bağırova tapşırılıb.
Lakin derektorun oğlu, sabiq deputat Ceyhun Osmanlı anasının işdən çıxarılmasını təkzib edib. C. Osmanlı Qafqazinfo-ya açıqlamasında yayılan məlumatların doğru olmadığını, anasının səhhəti ilə əlaqədar bir neçə günlük bülletenə çıxdığını deyib: "Yəni işdən azad edilməsi doğru deyil. Onun səhhəti ilə bağlı bülletenə çıxması ötən il də baş vermişdi. Daha sonra yenə işinin başına qayıdıb”. Gimnaziyadan da bildirilib ki, direktor bu gün işə çıxmayıb və gün ərzində də olmayacaq.
Təhsil Nazirliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru vəzifədən uzaqlaşdırılmayıb.
Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin Keyfiyyətin təminatı sektorunun aparıcı məsləhətçisi Anar Mirzəzadə isə Criminal.az saytına açıqlamasında X.Osmanovanın hazırda iş başında olduğunu dedi: "Xuraman xanım hazırda iş başındadır. Bülletenə çıxmayıb. Hazırda vəzifəsini edir".
X.Osmanovanın mobil telefonuna isə özü yox, kişi cavab verib. Özünü direktorun qohumu kimi təqdim edən şəxs Criminal.az saytına bildirib ki, hazırda Xuraman xanımın evindədir, xəstəliyi ilə əlaqədar ona baş çəkməyə gəlib.