Prezident kimi Putinlə ilk dəfə bu mövzuda toqquşdu

Prezident kimi Putinlə ilk dəfə bu mövzuda toqquşdu

Rusiya prezidenti Vladimir Putin ötən gün Ukraynanın şərqində Rusiyayönümlü separatçıların nəzarətində olan Donetsk və Luqansk vilayətlərində yaşayanlara Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran sərəncam imzalayıb.

“Qafqazinfo”nun “Compromat”a istinadən verdiyi xəbərə görə, Putinin bu qərarı 21 aprel prezident seçkilərində qalib gəlmiş Vladimir Zelenskini hiddətləndirib.

Belə ki, yeni prezidentin Mətbuat xidmətindən bildirilib ki, Rusiya Ukraynaya qarşı müharibə aparır və beynəlxalq ictimaiyyət “müvəqqəti işğal olunmuş ərazilərdə” Ukraynalıların maraq və hüquqlarının qorunmasını təmin etməlidir.

Zelenskinin qərargahının bəyanatında qeyd olunur ki, Rusiya bu fərmanla “işğalçı dövlət kimi” öz məsuliyyətini tanıyıb: “Buna görə də Rusiyaya qarşı diplomatik təzyiqlər və sanksiyalar tətbiq olunmalıdır”.

Putin rəsmi Kiyevin onun qərarına reaksiyasına cavab olaraq bildirib: “Bu, hər hansı neqativ reaksiyaya səbəb olub? Kiminsə qərarının bu cür mənfi qarşılanması qəribədir. Macarıstan və Rumıniya, eləcə də Polşa uzun illərdir ukraynalılara vətəndaşlıq verir. Ukraynada yaşayan ruslar rumın, polşalı və macarlardan daha pisdir?”.

O, həmçinin qeyd edib ki, özünü müstəqil elan edən qondarma Donetsk və Luqansk Xalq Demokratik Respublikasının sakinləri Ukraynadakı polşalılar, macarlar və rumınlardan daha çətin vəziyyətdədirlər: “Onlar təhsil almaq, azadlıq kimi adi insan hüquqlarından məhrum ediliblər. Eləcə də Rusiyaya gəlmək üçün nə təyyarə, nə də qatara bilet ala bilirlər”.

Rusiya prezidenti Moskvanın qərarında heç bir qeyri-adilik olmadığını, bunun sadəcə humanitar xarakter daşıdığını sözlərinə əlavə edib.

O, jurnalistlərin “fərman Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə təsir etmək məqsədi daşıyır?” sualına cavabında bildirib ki, nə Rusiya, nə də o, kimisə nəyəsə təhrik etmək fikrindən uzaqdır.

Bu məqamda bildirək ki, V. Zelenskinin qələbəsindən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verərək V. Putinin Ukraynanın yeni dövlət başçısını hələlik təbrik etməyi planlaşdırmadığını bildirmişdi: “Hələ ki, təbrik və birlikdə əməkdaşlıq barədə danışmaq tezdir. Konkret işlərə və konkret addımlara görə mühakimə etmək lazımdır. Seçkilərin rəsmi nəticələri isə hələlik elan olunmayıb”.

Qeyd edək ki, sənəddə sadələşdirilmiş vətəndaşlıq hüququnun beynəlxalq qaydalara uyğun olaraq insan hüquqları və azadlıqlarının müdafiəsi üçün humanitar məqsədlərlə veriləcəyi bəyan edilib. Vətəndaşlıq üçün müraciət etmək istəyənlər ərizələri və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan “Donbas Xalq Respublikası” və “Luqansk Xalq Resublikası” tərəfindən həmin şəxslərin orada yaşadığını təsdiq edən sənədlərini Rusiya Daxili İşlər Nazirliyinin şöbələrinə göndərməlidirlər. Bu proses 3 ay davam edəcək.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini işğal edərək özünə ilhaq edib, həmçinin Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal altında saxlayan separatçı rejimləri dəstəkləyir. Donbas bölgəsində 2014-cü ildən davam edən silahlı münaqişədə bugünə qədər 10 mindən çox insan ölüb.

Siyasət xəbərləri
Qafqazinfo.az digər xəbərlər