Prezident Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti haqda fərman imzaladı

Prezident Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti haqda fərman imzaladı

Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi təsdiq edilib.
Sosial Tədqiqatlar Mərkəzində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

Azərbaycan Respublikasının Prezidentinə:

– Mərkəzin nizamnaməsinin təsdiqi;
– nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
– icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
– Mərkəzin yenidən təşkili və ləğvi;

Nazirlər Kabinetinə:

– Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi;
– təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
– xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

Mərkəzə:

– inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və fəaliyyət planlarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi;
– strukturunun Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Mərkəzin inzibati bina ilə təmin olunması və maddi texniki bazasının möhkəmləndirilməsi üçün müvafiq tədbirlər görmək; Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Mərkəzin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Mərkəz dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Mərkəz dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Vergilər Nazirliyinə müraciət edəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.
Maliyyə Nazirliyinə bu fərmanla təsdiq edilmiş Nizamnamədə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

161 Baxılıb

Siyasət xəbərləri
Turkustan.info digər xəbərlər
Zahid Orucun görəcəyi işlərin SİYAHIsı müəyyənləşdi – Prezident SƏRƏNCAM verdi

Zahid Orucun görəcəyi işlərin SİYAHIsı müəyyənləşdi – Prezident SƏRƏNCAM verdi

12-04-2019 16:50 - Turkustan.info - Siyasət
Sosial Tədqiqatlar Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:– Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi ilə, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;– dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, proaktiv yanaşma əsasında müasir informasiya texnologiyaları və innovativ üsullar vasitəsilə rəy sorğuları keçirmək, ictimai fikri öyrənmək, təhlil etmək və təkliflər vermək, elmi araşdırmalar aparmaq və bu sahədə dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;– sosialyönümlü innovativ həll üsulları, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə, habelə internet informasiya resurslarında, sosial şəbəkələrdə aparılan çoxşaxəli fəaliyyətlə cəmiyyət-dövlət təmaslarını gücləndirmək və inkişaf etdirmək;– idarəetmə prosesinin təkmilləşdirilməsi, aparılan islahatların səmərəliliyinin artırılması məqsədilə, habelə verilən qərarların, görülən tədbirlərin mümkün təsirlərinə dair sosial tədqiqatlar aparmaq;– ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək.