Prezidentdən səmimi, vacib və cəsarətli mesajlar – TƏHLİL

 Prezidentdən səmimi, vacib və cəsarətli mesajlar –  TƏHLİL

“Dünya dəyişir, dünyada gedən proseslər narahatlıq doğurur. Beynəlxalq hüququn prinsipləri artıq belə görünür ki, o qədər də böyük rol oynamır. Ona görə, hər bir ölkə çalışmalıdır ki, maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki, aparırdıq. Əsas hədəf ondan ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən asılı olmayaq... Mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq”.

Bu fikirləri prezident İlham Əliyev “Real TV”-yə verdiyi və ölkədə xeyli müzakirələrə səbəb olan müsahibəsində deyib. Dövlət başçımız sitat gətirdiyimiz fikirlərində dünya siyasətinin mahiyyətini cəsarətlə, olduğu kimi açıb göstərir. O, bu dəfə də hər zaman olduğu kimi dərin analitikaya, dəqiq faktlara söykənən səmimi, pafosdan uzaq şəkildə gerçəkləri çatdırmaq yolunu tutmuşdu.

Prezident Azərbaycan insanının dövlətdən gözlədiyi bir sıra taleyüklü məsələləri həm peşəkar iqtisadçı, həm də hərbi-siyasi strateq kimi təhlil etməklə insanlara hesabat verdi. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu, bir çox universitetlərin fəxri professoru, siyasi elmlər doktoru, Ali baş komandan İlham Əliyevdən gözlənilən də bu idi.

İlk olaraq onun Azərbaycan mediasına müsahibə verməməsi barədə bəzi şəxslər tərəfndən səsləndirilən əsassız ittihamlara məntiqli şəkildə cavab verərək, o, mediaya hər zaman xüsusi diqqət ayırdığını, media nümayəndələri ilə çoxsaylı görüşlərinin bunu sübut etdiyini və həmişə medianın işinə dəstək verməyə çalışdığını vurğuladı. Prezident öz işində təkcə ona gündəlik edilən məruzələrlə, ayrı-ayrı dövlət orqanlarının rəsmi məlumatları ilə kifayətlənmədiyini, mediadan gələn xəbərlərə istinad etdiyini, bəzi hallarda mediadan bir çox məsələləri öyrənib, dərhal reaksiya verdiyini bildirdi.
Buradaca qeyd etmək yerinə düşür ki, bu, mediaya göstərilən böyük etimaddır, eyni zamanda, onun üzərinə böyük məsuliyyət qoyur. Xüsusilə, sosial media iştirakçısı olan şəxslərin ifadə olunan fikirlərini, yayılan məlumatları obyektiv, qərəzsiz, operativ, ən əsası isə etik çərçivədən kənara çıxmaması şərtilə yayması vacib tələbdir.

Prezident ən mühüm məsələlərdən, müzakirə mövzularından biri olan islahatlar məsələsinə də aydınlıq gətirib, Azərbaycan Respublikasında islahatların 3 mərhələdə aparıldığını qeyd etdi. 1993-2003, 2003-2009 və 2009-2019-cu illəri əhatə edən genişmiqyaslı, çoxşaxəli islahatlar mərhələsi ölkəmizdə bütün sahələri əhatə edərək, vətəndaşın, cəmiyyətin rifah halının yaxşılaşması istiqamətində mühüm dəyişikliklərə səbəb olub və proses davam edir. 2019-cu ildən islahatlarımızın yeni mərhələsi başlayıb. 2018-ci ilin aprl seçkilərinə İlham Əliyev islahatlar gündəliyi ilə getmişdi. Prezident öz çıxışında haqlı olaraq qeyd edib ki, islahatların ilk mərhələsi ilk dəfə 1993-cü ildə Ulu Öndər Heydər Əliyev zamanında başlamışdı ən böyük siyasi islahatlar məhz böyük Heydər Əlyevin adı ilə bağlıdır. Senzuranın ləğv edilməsi, Azərbaycana xarici sərmayə qoyuluşunun cəlb edilməsi, torpaq islahatı, post-sovet məkanında tayı-bərabəri olmayan “Əsrin müqaviləsi” məhz onun təşəbbüsü ilə aparıldı.

2003-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi də daxil olmaqla bir sıra mühüm sahələri, o cümlədən nəhəng infrasstruktur və enerji layihələrini əhatə edən islahatların növbəti mərhələsi də Prezidentin çıxışında xüsusi yer alıb.

Azərbaycan 2006-cı ildən bəri “Doing Buisness” hesabatlarına daxil edilib və ölkə başçısının qeyd etdiyi kimi, ilk dövrdəki 90-cı yerlərdən indi 25-ci yerə yüksəlib, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatlar sayəsində biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik.

“2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik”. Bu fikirlər 2019-cu ildə başlayan islahatlara olan inamın ən gözəl ifadəsidir və hər birimizə ümid verir, bu islahatlardan, həyata keçirilən layihələrdən həm Azərbaycan, həm olduğumuz bölgə, həm də dünya qazanacaq.

Azərbaycan vətəndaşı və bütün dünya ölkəmizdə dövlət-vətəndaş münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin şahidi olur. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”,- deyən Prezident radikal müxalifət, virtual müxalifət və dövlətə, hakimiyyətə qarşı aramsız hücumlar təşkil edən, ittihamlar yağdıran bütün qüvvələrə bu çıxışı ilə növbəti dəfə kəsərli cavab verdi.

Açar sözlər
Ilham Əliyev , Heydər Əliyev , Nəzakət Məmmədova , Real Tv , Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutu , Azərbaycan , Azərbaycan Respublikası , Moskva , Ermənistan
Siyasət xəbərləri
Azvision.az digər xəbərlər