Pxenyan öldürdüyü tələbəyə görə ABŞ-dan pul istədi

Pxenyan öldürdüyü tələbəyə görə ABŞ-dan pul istədi

Şimali Koreya hökuməti amerikalı tələbə Otto Vombiyerin müalicəsi üçün ABŞ hökumətindən 2 milyon dollar tələb edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti yayıb. Məlumata görə, Şimali Koreya rəsmiləri ABŞ-ın Şimali Koreya üzrə nümayəndəsi Cozef Yunun Vombiyeri təhvil almaq üçün Pxenyana gəldiyi zaman ona pulun köçürüləcəyi bank hesabı təqdim ediblər. Qəzet ABŞ tərəfinin bu tələblə razılaşdığını bildirib. Hələlik Pxenyana bu vəsaitin verilib-verilmədiyi haqqında informasiyanın olmadığı vurğulanıb.

Bununla belə, Vombiyerin valideynləri Şimali Koreyanı məhkəməyə veriblər. Onlar övladlarına görə Pxenyandan 1 milyard dollar həcmində kompensasiya tələb ediblər.

Qeyd edək ki, Vombiyer Şimali Koreya mehmanxanalarından birindən təşviqat plakatını oğurladığına görə 15 il həbs cəzasına məhkum edilmişdi. Həbsxanada o, kəllə-beyin travması alaraq, komaya düşmüş, müalicə almasına rəğmən həyatını itirmişdi.

Siyasət xəbərləri
Axar.az digər xəbərlər