“Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" kitabı təqdim olundu

“Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" kitabı təqdim olundu

Ginekoloq-fitoterapevt Firəngiz Rüstəmovanın "Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" kitabının təqdimat mərasimi keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə millət vəkilləri Dilarə Cəbrayılova, Sona Əliyeva, YAP Qadınlar Şurasının idarə heyətinin üzvü Zərifə Quliyeva, əməkdar jurnalist Mətanət Ağamirli, tibb üzrə fəlsəfə doktoru Gülnarə Sübhanqızı, əməkdar həkim Arzu Məhərrəmova, AGAT sədri Nərgiz Xələf, tanınmış ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.

Kitabın müəllifi F. Rüstəmova bildirib ki, kitabı ərsəyə gətirməkdə əsas məqsədi cəmiyyəti, xüsusilə də qadınları maarifləndirməkdir: "Qədimdə xalq təbabəti, bitkilərlə müalicə geniş yayılıb və bu müalicə metodu 21-ci əsrə qədər gəlib çatıb. Bir çox xəstəliklərin dərman bitkisi ilə müalicəsi mümkün olduğu kimi, bəzi xəstəlikləri dərman bitkiləri ilə müalicə etmək doğru deyil. Ümumdünya Səhiyyə Təşkilatı da bu müalicə üsulu haqqında məlumat paylaşır və müalicəvi xarakterli bitkiləri fitopreparat adlandırır. Kitabı yazmaqda məqsədim bu bitkilərin müalicəvi əhəmiyyəti haqqında cəmiyyəti, xüsusilə də qadınları məlumatlandırmaqdır. Bu kitab vasitəsilə xanımlarımız ginekoloji əməliyyatlardan sonra hansı bitkilərdən istifadə edilməsi lazım olduğunu öyrənəcəklər".

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, təbabət elmində bitkilərin, otların orqanizm üçün düzgün istifadəsindən bəhs edən bu kitabın nəşrini yüksək qiymətləndiriri. Çünki indiki zamanda tibb aləmində farmokologiyanın biznesə çevrildiyi üçün insanlar dərmanlara şübhə ilə yanaşır.

Millət vəkili Sona Əliyeva isə öz çıxışında qeyd edib ki, günümüzdə dərmanlardan düzgün istifadə məsələsi çox aktualdır: "Qloballaşan dünyada texnologiya və s. sahələrdəki inkişafın insan orqanizminə təsirləri çox böyükdür. Bu gün dünyada alternativ tibbə qayıdış mövcuddur. Koreyada, ABŞ-da, qonşu İranda alternativ tibbdən geniş şəkildə istifadə olunur. Azərbaycanda da yerli mal olaraq bitkilərdən istifadə halları artıb. Firəngiz xanımın bu əməyi alqışa layiqdir."

Millət vəkili vurğulayıb ki, bəzən rayonlarda qadınlara həkimə getməyə imkan vermirlər. Bu mənada bu kitab onların da çox köməyinə gəlir: "Düşünürəm ki, bu, həqiqətən praktik kitabdır. Bu gün tibb sahəsində nəzəri kitablar geniş yayılıb, amma sırf sadə insanların başa düşəcəyi dildə yazılan belə kitabların sayı çox azdır".

Tədbirdə xalq təbabəti üzrə terapevt Seyfəddin Əsəd və başqaları çıxış edərək təqdim olunan kitabın əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, "Qadın xəstəliklərinin müalicəsində dərman bitkilərinin rolu" müəllifin üçüncü kitabıdır. Firəngiz Rüstəmovanın bundan əvvəl 2018-ci ildə "Hor sivilizasiyası və onun günümüzdə izləri" və Tanrılar yurdu vətənim Azərbaycan və düşüncələrim" kitabı dərc olunub.

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər