Qarabağın xilaskarı olan qəhrəman: Arzularım yarımçıq qaldı...

Qarabağın xilaskarı olan qəhrəman: Arzularım yarımçıq qaldı...

Məşhur şairimiz Məhəmməd Hüseyn Şəhriyarın çox gözəl bir şeri var. Şer "Bir ömür nədir ki..”adlanır.

Bir ömür nədir ki,bir əsim külək...

İnsana ömür,yüz ömür gərək,

İnsan dərədədir,insan dağ istər

İnsan yaşadığca yaşamaq istər.

Əslində verilən bir ömür insanın bütün istəklərini həyata keçirməyə bəs etmir. Yaşadıqca yaşamaq istəyir insan.Yaşamaq istər ki,arzularını tam reallaşdırsın.Yaşamaq istərki yaradıqlarını,xidmətlərinin bəhrəsini görsün. Bir ömür yetməz bunları sona catdırmağa..

Amma elə igid oğullarımız var ki,onlar bir ömrə sığmayacaq işlər görüblər. Onlar tarixə adlarını yazıblar. Onlar həmdə adları ilə tarix yazıblar. Yaşadıqları bir ömürdə adlarını tarixin qəhrəmanlıq səhifəsinə yazanlardan biri də - Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Azərbaycan torpaqlarının erməni daşnaklar tərəfindən işğalının qarşısını aldığına görə Cümhuriyyət hökümətində milli qəhrəman elan edilən Xosrov bəy Sultanovdur. Xosrov bəy Sultanov həm də İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biridir.

Xosrov bəy Sultanov adı hər zaman ermənilərin cəkinəcəyi bir ad,bir soyad olub. Onun adı gələndə ermənilər hər zaman dərində ah çəkirlər. Çünki ermənilərin ilk sarsıdıcı məğlubiyyətə uğradılması məhz Azərbaycan Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanovun adı ilə bağlıdır. 1970-ci ildə erməni daşnaklar tərəfindən Beyrutda çap olunan kitabda müəllif Levon Kasparyan yazırdı:”Xosrov Sultanovun Qarabağa göndərilməsi onların ən yaxşı işi idi. Xosrov Sultanov erməni hərbiçilərini məğlub etməklə bizim arzularımızın üstündən xətt çəkdi.”

Cümhuriyyət hökümətinin Qarabağa general-qubernator təyin elədiyi bu adam daşnak və bolşevik qüvvələrinə qarşı qeyri-bərabər döyüşlərdə qalib oldu, erməniyə bir qarış torpaq belə vermədi. Həmin ilin yayında əlinə silah alıb Qarabağ havasına havalanan ermənilər diz çökdürüldü, hamısı bir nəfər kimi Azərbaycan hökumətini tanımağa məcbur oldular. Onun qətiyyəti və hərbi şücaəti sayəsində Şuşadakı gizli daşnak komitəsinin üzvləri bir nəfər kimi qaçıb dağılmaqdan savayı yol görmədilər.

Ona görə də, əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhval-ruhiyyəli müsəlmanların köməyi ilə şayiə yaymışdılar ki, guya Cümhuriyyətin Hərbiyyə Naziri bu adamı general-qubernatorluqdan geri çağırır. Bu kimi xəbərlərə son qoymaq məqsədilə Üzeyir bəy Hacıbəyov "Azərbaycan" qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazırdı: "Həqiqətən, O, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına təmamilə aşinə olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni camaatı tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olmasa idi, burası - Azərbaycanın cənnəti hesab olunan bir yer çoxdan cəhənnəmə dönüb qətli-qital olmuşdu". Unudulmaz Üzeyir bəyin barəsində yazdığı bu qəhrəman insan Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov idi.

Xosrov bəy Sultanov 1879-cu ilin may ayının 10-da indiki Laçın rayonu ərazisində, Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında Kürdhacı kəndində dünyaya göz açıb. Xosrov bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gimnaziyada təhsil alır. Orta təhsilini tamamlayıb, o dövrün ən ünlü hərbi məktəbində - Odessada ali tibb təhsili alır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza edən 26 nəfərdən biri də Xosrov bəy Sultanov idi. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy Sultanov hərbi nazir təyin edilir. Xosrov bəy Sultanov həmdə Zaqafqaziya seyminin və Azərbaycan parlamanının üzvü olur. Ermənilərin aramsız hücumlarının qarşısını almaq müşkülə cevrilirdi. Məhz belə bir zamanda 1919-cu ilin yanvarın 15-də Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin edilir.

1919-cu ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etdilər. Xosrov bəy Sultanov 1919-cu ilin aprelində o zaman rəsmi dövlət qəzeti olan "Azərbaycan” qəzetində geniş məqalə ilə çıxış edir. Xosrov bəy bu yazısında ermənilərin iç üzünü açıb göstərir. Xosrov bə bu yazısında erməni daşnakları ilə gizli danışıq aparanlara sərt mesajını yollayaraq onları xəbardar edərək deyir:”Ermənilər bizim düşmənimizdir.Onlarla dostluq etmək istəyənlər,və yaxud danışıq aparanlar bizim düşmənimizdir. Bu danışıqları aparanlar bizim tərəfimizdən cəzalandırılacaqlar.”

Xosrov bəy Sultanovun başçılığı ilə daşnak generalı Dronun hərbi dəstələri mayın 30-da darmadağın edildi və Azərbaycan silahlı qüvvələri Xankəndi və Şuşaya daxil oldular. 1919-cu ildə Şuşada erməni qoşununda döyüşmüş Zare Məlik-Şahnəzərov adlı bir erməni əsgərin «Şuşanın süqutu» adlı xatirəsindən oxuyuruq: «Şuşanın süqutundan əvvəl mənim yaddaşıma daha bir hadisə həkk olunub. Mən Musavatçı qubernatorla təsadüfən üz-üzə gəldim. Ermənilərə düşmən olan bu qəddar adam Xosrov bəy Sultanov idi. Məhz bu adam Qarabağda erməni qırğınları təşkil eləmişdi».

1920-ci ilin 28 aprel tarixində bolşeviklər hakimiyyəti qəsb etdikdən sonra, millətin qəhrəman oğullarını təqib etməyə başladı. Təbii ki, bu aqibət Xosrov bəydən də yan keçmədi.

Xosrov bəy Sultanov Cümhuriyyət dövrünün ən tanınan simalarından biri idi. Maraqlıdır ki,1920-ci ildə Xosrov bəy Sultanov bolşeviklər tərəfindən həbs edilir. Lakin bu dəfə Xosrov bəyin köməyini tələbə yoldaşı olan Nəriman Nərimanov catır. Nəriman Nərimanov Xosrov bəy Sultanovu həbsxanadan azad etdirə bilir. Nəriman Nərimanov Xosrov bəyə məsləhət görür ki,tezliklə ölkədən çıxsın.

1923-cü ildə general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlandı. O, Türkiyədə, İranda, daha sonra Fransa və Almaniyada yaşadı, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışdı. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov, Trabzonda məskunlaşır. Xosrov bəy 1947-ci ildə vəfat edib. Bu gün bu nəslin nümayəndələri içərisində hal-hazırda Türkiyədə yaşayanlarda var. Onlar Sultanovlar nəslinin yolunu layiqincə davam etdirirlər.

Tarix ləkə götürmür. Amma sovet tarixşunaslığı bizim igid oğullarımızı bizə quldur yolkəsən kimi təqdim edib. Amma sonda həqiqət öz yerini tapdı. Tarix Azərbaycanımıza öz igid oğullarını tanıda bildi. Ömrü boyu işğal və köləliklə barışmayan, erməni daşnaklarının qənimi Xosrov bəy Sultanov belə qəhrəmanlarımızdan biridir.

Qoşqar Salmanlı