Qaz limiti ilə bağlı yeni təklif: Tamamilə ləğv edilə bilər?


Qaz limiti ilə bağlı yeni təklif: Tamamilə ləğv edilə bilər?

Xəbər verdiyimiz kimi, aprelin 30-da Azərbaycanda qaz tariflərinin güzəşt hissəsi artırıldı.

Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, güzəşt hissəsi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılıb. Tarif Şurasının iclasında qəbul edilən müvafiq qərar mayın 1-dən qüvvəyə minib. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, məlum güzəştdən - yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaq.

Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artacaq. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaq.

Artırılmış limitin tətbiqinə gəlincə, qeyd edilib ki, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək:

“Tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kubmetr qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kubmetr təbii qazı aşağı tariflə (1 kubmetr üçün 10 qəpik) istifadə edə biləcək. Abonent bu tarixədək əvvəlki limiti (1700 kubmetr) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq. Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kubmetr x 20 qəpik olmaqla həyata keçiriləcək".

Qeyd olunub ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kubmetrdən aşağıdır.

Qeyd edək ki, Tarif Şurasının 28 noyabr 2016-cı il 18 saylı qərarına əsasən, illik istehlak həcminin 1500 m3-dək (1500 m3 daxil) olan hissəsi üçün hər kubmetri 10, illik istehlak həcminin 1500 m3-dən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşib. 2017-ci ildən etibarən isə 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Hər il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanır, 2019-ci il yanvarın 1-dən etibarən də əhali istehlakçılarının illik istehlak həcmi 1700 kubmetr (170 manat) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 manat) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanmaqdadır.

Bundan əlavə, elektrik enerjisinin aylıq istehlak həcmi 300 kilovat-saata qədər olanda 1 kvtsaatın qiyməti 7 qəpik, ondan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Ümumiyyətlə, kommunal xidmətlər üçün müəyyənləşdirilmiş qiymət, limitin tətbiqi son zamanların ən çox müzakirə olunan məsələlərindən biri idi.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) apardığı araşdırmaya əsasən, Azərbaycanda mavi qaz hasilatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır. 2018-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) hasil etdiyi mavi qazın həcmi artıb. Ölkədə 30,490 min kubmetr mavi qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 7 faizə yaxın çoxdur. 2017-ci ildə Azərbaycanda 28,597 min kubmetr təbii qaz hasil olunmuşdu. 2017-ci ildə 6,089 min kubmetr mavi qaz hasil edən SOCAR ötən il bu göstəricini 6,525 min kubmetrədək çatdıra bilib. Bu isə Dövlət Neft Şirkətinin istehsalını ötən il əvvəlki illə müqayisədə 6,7 faiz artırması deməkdir. Şahdənizin 2-ci fazasında, eləcə də Abşeron yatağından proqnozlaşdırılan mavi qaz hasilatını da nəzərə aldıqda növbəti illərdə də mavi qaz istehsalında artım davam edəcək və 2 ildən sonra əlavə olaraq daha 5 milyard kubmetr mavi qaz hasil edə biləcəyik. Deməli, artan hasilat daha çox gəlir deməkdir və bu da limitlərin ləğvini mümkün edir. Hasilatın artması fonunda mavi qaz ilə bağlı limitinin ləğvi üçün iqtisadi əsaslar formalaşır.

CESD həmçinin, Dövlət Neft Şirkəti BP-dən səmt qazı almaqda davam etdiyini də diqqətə çatdırıb. 2018-ci ildə Azəri-Çıraq-Günəşli yatağından SOCAR 2,3 milyard kubmetr səmt qazı alıb. Səmt qazının əsasən daxili istehlak üçün istifadə edildiyini nəzərə alsaq, bu əhali üçün satdığı qaz limitinə aradan qaldırmağa imkan yaradır.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev hələ 2018-ci il prezident seçkilərində namizəd olduğu zaman təbii qaza və elektrik enerjisinə tətbiq olunan limitin ləğv olunmasının vacibliyini vurğulamışdı. Həmin ərəfədə Tarif (qiymət) Şurasının qərarı ilə təbii qaza tətbiq olunan limit 500 kubmetr artırılaraq 2200 kubmetrə çatdırılmışdı. Razi Nurullayev limitin artırılmasına münasibət bildirərək, bunun yetərli olmadığını deyib:

“Təbii qaz limitinin artırılması sevindirici haldır. Lakin əhalinin hazırkı sosial durumunu nəzərə alsaq, limitin müəyyən təbəqə üçün tamamilə ləğv edilməsi daha məqsədəuyğundur”.

“Cümhuriyət” qəzeti və Cebhe.info saytı də dəfələrlə məsələni ümzakirəyə çıxararaq limitin artırılması və ya ümumiyyətlə ləğvinə dair rəylərə yer verib.

Tarif Şurasının son qərarına münasibət bildirən AXCP sədri Razi Nurullayev qaz limitinin birdəfəlik ləğvini təklif edib:

“Təbii qaz limitinin artırılması sevindirici haldır. Biz bununla bağlı il yarımdan artıqdır ki, kampaniya aparırdıq. Prezident seçkiləri zamanı da bu kampaniyanı davam etdirdik. Son qərara sevinmək olar. Lakin bunu qənaətbəxş hesab etmirəm. Çünki əhalinin əmək haqqı çox azdır. İnsanların bunu ödəməyə yenə imkanı çatmayacaq. Bu baxımdan limitin bir neçə illiyinə dondurulması və ya tamamilə ləğv edilməsi yaxşı olardı”. Milli Məclisin deputatı Fazil Mustafa da təbii qaza tətbiq edilən limitin artırılmasını təklif edənlərdəndir. Deputat parlamentdə 1700 kubmetr limitin iki dəfə artırılmasını səsləndirib: “Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın, ən azı 3000 kubmetr səviyyəsinə çatdırılsın”.

Tarif Şurasının limitin artırılması ilə bağlı qərarından sonra məsələ yenidən gündəmə gəlib. Təkliflər arasında limitin, ümumiyyətlə, ləğvi də var.

Qaz tariflərinin güzəşt hissəsi hər kəsi razı salır? Limitin tamamilə ləğvi mümkün görünür?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, limitin tətbiqi doğru yanaşma deyil:

“Azərbaycan təbii qaz istehsal edən bir ölkədir. Bundan əlavə, 1990-cı illərin sonundan başlayaraq BP-nin operatoru olduğu beynəlxalq əməliyyat şirkəti Azəri-Çıraq-Günəşli yatağından çıxan səmt qazını Azərbaycana pulsuz verir. Təqribən, ildə 2.5-3 milyard kubmetrə yaxın qaz SOCAR-a pulsuz verilir. SOCAR bu qazın ancaq daşınmasına və saxlanmasına cüzi pul xərcləyir. Kommersiya müəssisələrini çıxmaqla, Azərbaycan əhalisinin işlətdiyi qazın həcmi, təqribən, 3 milyard kubmetrdən bir qədər çoxdur. Demək olar ki, BP-nin SOCAR-a pulsuz verdiyi səmt qazı Azərbaycan əhalisinin işlətdiyi qaz həcmini, 80 faizini kompensasiya edir. Ona görə də, ümumiyyətlə, qaza limitin tətbiq edilməsi doğru deyildi. Konstitusiyaya görə, Azərbaycanın təbii sərvətləri xalqa məxsusdur. Belə olan halda xalqın bu təbii sərvətlərdən müəyyən güzəştlər qazanmağa haqqı var”.

Ekspertin qənaətincə, limitin ilkin olaraq 30 faizə yaxın artırılması 85-90 faiz arası əhalinin problemlərini həll edə bilər:

“Təbii qaz üçün müəyyən olunmuş 2200 kubmetr limit ortalama 100 kvadrata yaxın olan mənzillərin qızıdrılması və yaxud da qazla təmin olunmasına kifayət edəcək. Amma, təqribən, 15 faiz əhalinin hələ də problemləri qalacaq. Kvadratı böyük həyət evi və mənzil sahibi olan əhalidə bu problem qalacaq. Hesab edirəm ki, bu qərarı verənlərin belə yanaşma tərzi olub ki, geniş evlərdə yaşayanların imkanları daha genişdir və onlar artıq ödəyə bilərlər. Amma ümumilikdə Azərbaycanın imkanlarını və potensialını nəzərə alsaq, limitin tətbiq olunması o qədər doğru yanaşma deyil”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 34